Daxili İşlər Nazirliyində 2025-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında Polis Akademiyası, Hərbi İnstituta gənclərin təşviqi məsələləri də müzakirə  edilib.

"Unikal" xəbər verir ki, iclasda hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətin təhlükəsizlik tələblərinə cavab verən kadr potensialının formalaşdırılmasının DİN-in strateji prioritetlərindən olması vurğulanıb.

Qeyd edilib ki, müasir dövrün çağırışlarına cavab verən, qabaqcıl texnologiyaları və süni intellekt imkanlarını əməliyyat-xidməti fəaliyyətə inteqrasiya edə bilən, eyni zamanda hüququn aliliyinə sadiq, vətənpərvər və mənəvi cəhətdən formalaşmış polis əməkdaşlarının hazırlanması diqqətdə saxlanılır.

Bu baxımdan, daxili işlər orqanlarında xidmət etmək istəyən gənclərin peşəyə düzgün istiqamətləndirilməsi, onların Polis Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutuna qəbulunun təşviqi xüsusi əhəmiyyət daşıyır.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, bu sahədə həyata keçirilən tədbirlər yalnız kadr çatışmazlığının aradan qaldırılması deyil, eyni zamanda yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik, intizamlı və vətənpərvər gənclərin daxili işlər orqanlarında xidmətə cəlb olunmasına yönəlib.

Bildirilib ki, Polis Akademiyası və Hərbi İnstitut bu gün yalnız hüquq-mühafizə sahəsi üzrə deyil, ümumilikdə dövlətçilik ideallarına sadiq, ictimai maraqlara cavab verən kadrların yetişdirilməsi baxımından strateji əhəmiyyət daşıyan xüsusi təyinatlı təhsil ocaqlarıdır.

Bu məqsədlə, Polis Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutu çərçivəsində kadr hazırlığı prosesi təkcə hüquq bilikləri ilə məhdudlaşmır. Tədris proqramları qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılır, innovativ yanaşmalar tətbiq olunur, gənclər süni intellekt, informasiya texnologiyaları, kiber təhlükəsizlik, hüquq və psixologiya kimi sahələrdə geniş bilik və bacarıqlarla təmin olunurlar.