Nizami rayon ictimaiyyətinin nümayəndələri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində ilk dəfə siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü ilə bağlı “Zəfərin izi ilə” devizi altında Qarabağa səfər ediblər.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları, könüllüləri, Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin və Gənclər Birliyinin üzvləri, eləcə də rayon ictimaiyyət nümayəndələri əvvəlcə Xankəndi şəhərində Zəfər meydanını ziyarət ediblər.
Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və inkişaf perspektivləri diqqətə çatdırılıb.
Sonra Qarabağ Universiteti ilə tanışlıq olub. Tanışlıq zamanı Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verib. Rektor işğaldan azad edilmiş torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb, universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə ətraflı danışıb.
Şuşada Cıdır düzü, Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi, güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı və İsa bulağı ziyarət edilib.
Daha sonra rayon ictimaiyyət nümayəndələri Laçına səfər ediblər. Məlumat verilib ki, işğaldan azad olunmuş Laçına 1000-dək ailə qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanın öz evlərinə qaytarılması da planlaşdırılır.