Ağdamda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib
"Unikal" xəbər verir ki, 17 iyul 2025-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Ağdam Muğam Mərkəzində baş tutan təqdimat mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, RİH başçısı aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ziyalılar və rayon ərazisində məskunlaşan qərbi azərbaycan əsilli ailələrin təmsilçiləri iştirak ediblər.
Təqdimat iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
İştirakçılar tərəfindən Qərbi Azərbaycan mövzusuna aid rəsmlərdən, nəşr olunmuş kitab və çap materiallarından ibarət sərgiyə baxış keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunub.
Tədbir Qərbi Azərbaycanın tarixini, mədəniyyətini və bu torpaqlarda yaşamış azərbaycanlıların məruz qaldığı ədalətsizlikləri əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının nəşr edilməyə başlanılmasından, kitabın I cildinin seriyanın ilk nəşri olmasından və Azərbaycan, ingilis, rus dillərində nəfis tərtibatla çap edilməsindən bəhs ediblər.
Eyni zamanda Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmalarının, onların fundamental hüquqlarının bərpa və təmin edilməsinin ölkəmizin prioritetləri arasında olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.