16 iyul 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqlartı Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nümayəndə heyəti ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşün məqsədi əmək bazarının təhlili, təhsil və tədqiqat sahəsində ortaq fəaliyyət imkanlarının müzakirəsi, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Tədbirdə hər iki müəssisənin rəhbər heyəti və müvafiq struktur bölmələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən dosent Yusif Ağayev Akademiyada tədris prosesinin təşkili, fakültə və ixtisaslar, ali təhsil müəssisəsinin imkanları, həyata keçirilən yeniliklər barədə qonaqlara ətraflı məlumat verib. O, AƏSMA və Milli Observatoriya arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd edərək, bu tərəfdaşlığın elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və sosial sahədə innovativ layihələrin həyata keçirilməsi baxımından mühüm imkanlar yaradacağını vurğulayıb.
Görüşdə iştirak edən AHİK sədrinin müşavirləri Nigar Vahabzadə, Cəmaləddin Quliyev və digər iştirakçılar əmək bazarının təhlili, məzunların məşğulluğu, bilik və bacarıqların müasir tələblərə uyğun formalaşdırılması istiqamətində fikir və təkliflərini bölüşüblər.
Görüş zamanı Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın sədrinin müavini Elçin Süleymanov observatoriyanın fəaliyyət istiqamətləri, tədqiqat sahələri və əmək bazarının öyrənilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O, Akademiya ilə Milli Observatoriyanın fəaliyyət istiqamətləri arasında ortaq istiqamətlərin mövcudluğunu vurğulayıb və gələcək əməkdaşlıq perspektivlərinin geniş olduğunu qeyd edib.
Sonda tərəflər arasında əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsi, birgə fəaliyyət planının hazırlanması barədə razılıq əldə olunub.