İyulun 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və AMEA-nın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunan “Zəfər yolunun təməli” adlı lektoriya keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin MEK-in foyesindəki büstü önünə tər gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən bəhs ediblər.
Natiqlər Ulu Öndərin 1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbər seçilməsini ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi dəyərləndiriblər. Qeyd edilib ki, dövlət müstəqilliyimizin möhkəm təməlləri, etibarlı bünövrəsi Ulu Öndər tərəfindən qoyulub, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan öz inkişafının ən yüksək mərhələsinə qalxıb. Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümləri nəzərə alınaraq, Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Çıxış edənlər Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təminatı üçün mühüm qanunvericilik bazası rolunu oynadığını söyləyiblər.
Sonra AMEA-nın bir qrup əməkdaşı partiyanın ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə fəxri fərmanla təltif edilib.
Sonda Ulu Öndərin ömür yolundan və siyasi fəaliyyətinə həsr olunan kitab sərgisi nümayiş olunub.