İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi qüvvəyə minib.

"Unikal" xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib.

"Buna görə də hər iki ölkədə bu, hazırda qanun formasına malikdir və təbii ki, qüvvəyə minib", - Cəlali bildirib. Müqavilə hər iki ölkədə bütün lazımi daxili prosedurlar tamamlandıqdan sonra qüvvəyə minib.

Müqavilə Rusiya Dövlət Duması və Federasiya Şurası tərəfindən ratifikasiya edilib və prezident Vladimir Putin tərəfindən imzalanıb. İranda bu sənədi parlament bəyənib, Konstitusiyanın Mühafizə Şurası təsdiq edib, prezident qanun kimi qəbul edib. Müqavilənin şərtlərinə görə, bütün prosedurların başa çatması barədə sonuncu yazılı bildirişdən 30 gün sonra saziş qüvvəyə minir və beş illik dövrlərə avtomatik uzadılma imkanı ilə 20 il müddətində etibarlıdır.

Strateji tərəfdaşlıq sazişi 2025-ci il yanvarın 17-də İran prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri zamanı imzalanıb. Sənəd iki ölkə arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini və genişləndirilməsini nəzərdə tutur.

Ağarza Elçinoğlu