Azərbaycanın diplomatik çevrələrində İraqdakı səfirliyin fəaliyyəti ilə bağlı ciddi korrupsiya qalmaqalı baş qaldırıb.

"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə səfirlik əməkdaşlarına qarşı ittihamlar yayılıb. İddialara görə, Bağdadda vizalar və pasportlar faktiki olaraq “satılır” və bu sxemin arxasında Xarici İşlər Nazirliyi sistemindəki yüksək vəzifəli şəxslər dayanır.

Yayılan yazışmalarda özlərini Rania Moxsen və Zəhra əl-Cuburi kimi təqdim edən şəxslər bildirirlər ki, İraqdakı Gateway vizə mərkəzində tətbiq olunan ədalətsiz məhdudiyyətlər və göstərişlər cənab İbrahimdən qaynaqlanır və o, bu addımları birbaşa konsul Qurbanın göstərişləri ilə atır. Onların sözlərinə görə, Qurban səlahiyyətindən bir şirkəti dəstəkləmək və digər şirkətlərin fəaliyyətini əngəlləmək üçün istifadə edir. Bu isə səlahiyyətlərin aşılması və İraq vətəndaşlarına zərər vurulması kimi qiymətləndirilir.

Həmçinin iddia olunur ki, Qurban şirkətlərin pasport almasına məhdudiyyət qoyaraq, yalnız beş pasportun verilməsinə icazə verir, bu qaydadan isə yalnız bir struktur istisnadır. Bu ayrı-seçkiliyin həyata keçirilməsinə cavabdeh şəxs kimi isə İbrahim göstərilir.

İttihamları daha da ciddi edən məsələ isə — Azərbaycanın Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir olan Elşad İsgəndərovun adının hallanmasıdır. Təsdiqlənməmiş məlumatlara görə, bu sxemin koordinasiyası məhz ona tapşırılıb və o, yüksək çinli məmurun yaxın qohumudur. Bu əlaqə sübuta yetirilərsə, məsələ artıq maraqlar toqquşması və ən yüksək səviyyədə vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilə bilər.

Sosial şəbəkələrdə ictimai narazılığı ifadə edən həştəqlər yayılıb:
#Qurban_İraqın_Düşməni, #İbrahim_Zülm_Aləti, #Haqlarımız_Hanı

Hələlik Azərbaycan Xarici İşlər Nazirliyi bu ittihamlarla bağlı rəsmi açıqlama verməyib.