Səhər yeməyi zülal, lif, vitamin və sağlam yağlarla zəngin olmalıdır.

"Unikal" xəbər verir ki, İspaniyanın tanınmış dietoloqları Antonio Anduxar və Botikaria Qarsiya "Hola" nəşrinə verdikləri müsahibədə sağlam səhər yeməyi üçün tövsiyələrini bölüşüblər.

Qarsiya bildirib ki, əgər rasionda heyvani mənşəli zülaldan istifadə olunursa, üstünlük ultra-emal olunmuş məhsullara deyil, təbii ətlərə verilməlidir.

"Bu, qril və ya sobada bişirilmiş toyuq filesi və ya hind quşu əti ola bilər. Müxtəlif əlavələr – nişasta, şəkər və ya nitritlər – tərkibində olmadığı halda, az miqdarda prosciutto (qurudulmuş vetçina) və ya hisə verilmiş ət də qəbul oluna bilər", -  deyə ekspert vurğulayıb.

Dr. Antonio Anduxar isə səhər yeməyində ətin tam buğda çörəyi ilə birlikdə qəbul edilməsini məsləhət görür. Onun sözlərinə görə, çörək mayalı olmalı və tərkibində bol miqdarda lif olmalıdır. Əlavə olaraq, zeytun yağı və təzə pomidor kimi antioksidantlarla zəngin qidalar həm sağlamlıq, həm də dad baxımından müsbət təsir göstərir.

Dietoloq həmçinin meyvələrin vacibliyini xatırladaraq bildirib ki, onlar orqanizm üçün lazım olan vitamin və minerallarla zəngindir. Səhər yeməyini isə bir fincan südlü qəhvə və ya zövqə uyğun başqa içki ilə tamamlamaq tövsiyə olunur.