"İxtisas seçimi zamanı abituriyentlərin ən çox buraxdığı səhv məlumatları araşdırmadan, təsadüfi seçim etmələridir. Azərbaycanda qəbul imtahanı nəticəsində əldə olunan bal hələ uğurlu gələcəyin təminatı deyil".

Bunu “Unikal”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, seçim zamanı təhsil müəssisəsinin keyfiyyəti, məzunlarının işlə təminat göstəriciləri, təhsil proqramlarının məzmunu, beynəlxalq əməkdaşlıq imkanları, təcrübə və təlim proqramlarının mövcudluğu nəzərə alınmalıdır:

"Təəssüf ki, Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi abituriyentlər üçün kifayət qədər maarifləndirici, real əmək bazarına əsaslanan peşə yönümü xidməti təqdim etmir. Bu səbəbdən abituriyentlər, valideynlər bəzən ancaq “daha tanınmış” və ya “ən çox tələb olunan” kimi görünən ixtisasları yazır və sonradan işsizlik problemi ilə üzləşirlər. Bu vəziyyəti dəyişmək üçün informasiya bazası genişləndirilməli, universitetlər üzrə real nəticələr və məzunların məşğulluq göstəriciləri ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır".

Ekspert onu da qeyd edib ki, 2025-ci il üzrə ixtisas seçimi mərhələsi əvvəlki illərlə müqayisədə daha mürəkkəb və rəqabətli olacaq:

"Çünki təqdim edilən plan yerlərinin sayı ilə müraciət edənlərin sayı arasında kəskin fərq var. Dövlət İmtahan Mərkəzinin açıqladığı rəqəmlərə görə, 60 489 plan yerinə 126 928 nəfər sənəd verib. Bu, hər yerə təxminən iki namizədin düşdüyünü göstərir. Nəticə etibarilə rəqabətin yüksək olacağını, keçid ballarının bir çox ixtisaslarda əvvəlki illərə nisbətən artacağını proqnozlaşdırmaq mümkündür. 2024-cü ildə plan yerləri 59 min civarında idi və müraciət edənlərin sayı 118 min olmuşdu. Yəni, həm plan yerlərində, həm də müraciət edənlərin ümumi sayında təxminən 2-3 faiz artım olsa da, fərq yenə də çox böyükdür və yüksək ballı abituriyentlərin sayı bu rəqabəti daha da artıracaq".

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Anar Kəlbiyev