Dövlət Dəniz və Liman Agentliyində (DDLA) təşkil olunan imtahanların keçirilmə qaydaları ilə bağlı namizədlər üçün tələblər Agentliyin 10 fevral 2025-ci il tarixli 3-27-106/3-2-35/2025 nömrəli Əmri ilə təsdiqlənmiş “Yaddaş vərəqi”ndə qeyd olunub. “Yaddaş vərəqi” Agentliyin rəsmi veb-saytında Təlimatlar bölməsində yerləşdirilib (https://ddla.gov.az/inst/instruction1.html).

"Unikal" xəbər verir ki, cari ilin 05 avqust tarixindən etibarən imtahan iştirakçılarının Agentliyin inzibati binasına mobil telefon, digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcıları, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçaları, cədvəllər, vərəqlər və digər yardımçı vasitələrlə, həmçinin yandırıcı, partlayıcı, kəsici, deşici və digər təhlükəli əşyalarla daxil olması qəti qadağandır.

Namizədlərin bilik və bacarıqlarının dürüst qiymətləndirilməsini təmin etmək məqsədilə qəbul edilmiş bu qərar imtahan prosesində təhlükəsizlik, şəffaflıq və obyektivliyin yüksək səviyyədə qorunmasına xidmət edir. DDLA-da təşkil olunan imtahanlarda iştirak edən bütün namizədlərdən müəyyənləşdirilmiş prosedur və qaydalara ciddi şəkildə riayət etmələri xahiş olunur.