Avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
***
10:57
Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.
Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
***00:11
Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.
"Unikal"ın məlumatına görə, rayonun Vəng kəndi ərazisində "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər. Faktla bağlı araşdırma aparılır.
*** 22:11
Kəlbəcərdə mina partlayışı baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Kəlbəcər rayonunun ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayonun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E.Tanrıverdiyev rayon ərazisində minaya düşüb və 39 yaşlı kişi xəsarət alıb. O dərhal xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti normaldır.
Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib. E.Tanrıverdiyevin hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov