Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH)  başçısı Taleh Qaraşov avqustun 6-da ucqar dağ kəndlərindən olan Biləsər, Ələzəpin, Vıy və Seliqavol kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib.

"Unikal" xəbər verir ki, açıq havada baş tutan səyyar qəbul-görüşdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. 

Ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verən Taleh Qaraşov bildirib ki, vətəndaşların sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi, müraciətlərinə baxılması üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi demoktarik dəyərlərin, habelə vətəndaş cəmiyyətinin tərəqqisi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısının bu yöndəki xüsusi tövsiyə və tapşırıqları insanların yerlərdəki qayğı və problemlərinin dinlənilməsinə, həlli istiqamətində qanunamüvafiq addımların atılmasına hesablanıb. 

Birbaşa və açıq dialoq mühitində baş tutan görüşdə icra başçısı qeyd edib ki, məmurların ərazilərə gəlməsi, insanları dinləməsi və onların qaldırdıqları məsələlərin həllinə nail olunması istiqamətində atılan bütün addımlar bu gün xüsusi diqqət mərkəzindədir. 

Biləsər, Ələzəpin, Vıy və Seliqavol kəndlərinin sakinləri vətəndaşla məmur arasındakı birbaşa dialoq mühitinin inkişafına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları məsələlərə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə  cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.