15 əcnəbi tələbə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) təhsil alacaq. Onlardan 10 nəfəri bakalavr, 5-i isə magistratura səviyyəsində Ekologiya mühəndisliyi, Biznesin idarə edilməsi, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik və elektronika mühəndisliyi, Memarlıq, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasları üzrə oxuyacaqlar.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xarici İşlər, Elm və Təhsil nazirlikləri tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına 2025-2026-cı tədris ili üzrə 64 ölkədən müraciət ünvanlanıb. Yüzlərlə namizəd sırasından 51 ölkə üzrə ümumilikdə 100 nəfər bu qranta layiq görülüb.

Seçilmiş namizədlər Azərbaycanın 9 aparıcı ali məktəbində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar. 

Xatırladaq ki, proqrama uyğun olaraq İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil ölkələr və xalqımızla etnik, tarixi, mədəni bağlara malik xalqların, milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub.