Zakir Qaralov korrupsiya və rüşvətxorluqdan yazdı
11:18 02-10-2013
CƏMİYYƏT
Zakir Qaralov korrupsiya və rüşvətxorluqdan yazdı
Təkcə bu il korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanıb
Baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində “Azərbaycan prokurorluğunun inkişafının müasir mərhələsi” adlı məqalə ilə çıxış edib. Z. Qaralov prokurorluq sahəsində görülən işlər və həmçinin korrupsiya ilə bağlı geniş məlumat verib. Məqalənin korupsiya və rüşvətxorluğa aid hissəsini qısa ixtisarla oxuculara təqdim edirik:
Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən vacib və önəmli istiqamətini təşkil etmişdir. Məlum olduğu kimi, korrupsiyaya qarşı daha effektli əks təsirin həyata keçirilməsi həmin istiqamətdə görülən tədbirlərin kompleks xarakterli, ardıcıl və hərtərəfli olmasını, dövlət idarə və müəssisələrinin fəaliyyətində aşkarlığın və şəffaflığın artırılmasını, görülən işlər və əldə edilən nəticələr barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasını, əhaliyə göstərilən xidmətlərin elektron vasitələrlə həyata keçirilməsinin təşkilini, xidmətlərin göstərilməsi prosedurunun sadələşdirilməsini, vətəndaşların elektron vasitələrlə informasiya almaq imkanlarının genişləndirilməsini, neqativ hallarla mübarizədə ictimaiyyətin köməyindən daha geniş istifadə edilməsini, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün möhkəmləndirilməsini şərtləndirir. Qeyd olunan amillər nəzərə alınmaqla respublikamızda korrupsiyaya qarşı əks təsirin gücləndirilməsi istiqamətində son dövrlər həyata keçirilən daha ardıcıl və müfəssəl tədbirlər, hərtərəfli hazırlanmış təşkilati, institusional və hüquqi islahatlar bu bəlanın aradan qaldırılması sahəsində ciddi uğurların əldə edilməsinə zəmin yaratmışdır.
Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyası ilə yanaşı, 2005-ci ildən fəaliyyətə başlamış Korrupsiyaya qarşı Mübarizə İdarəsi hər növbəti ildə əvvəlki ilə nisbətən daha səmərəli fəaliyyət göstərməklə qurumun səlahiyyətlərinə aid edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsində, korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində, korrupsiya ilə bağlı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsində ildən-ilə daha uğurlu nəticələr əldə etmişdir.
Belə ki, idarə tərəfindən 2005-ci ildə 35 şəxs barəsində 12 cinayət işinin, 2006-cı ildə 79 şəxs barəsində 39 cinayət işinin, 2007-ci ildə 69 şəxs barəsində 41 cinayət işinin, 2008-ci ildə 121 şəxs barəsində 70 cinayət işinin, 2009-cu ildə 176 şəxs barəsində 103 cinayət işinin, 2010-cu ildə 188 şəxs barəsində 104 cinayət işinin, 2011-ci ildə 229 şəxs barəsində 142 cinayət işinin, 2012-ci ildə isə 298 şəxs barəsində 170 cinayət işinin (cəmi 8 ildə 1195 şəxs barəsində 681 cinayət işinin) istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir.
2013-cü ilin doqquz ayı ərzində Korrupsiyaya qarşı Mübarizə İdarəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilmiş, 250 şəxs barəsində 137 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş bütün işlər mahiyyəti üzrə baxılaraq ittiham hökmləri çıxarılmışdır. İstintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulması , istintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilmişdir.
İdarəyə respublikanın hüquq-mühafizə orqanlarında korrupsiya faktları ilə bağlı daxil olmuş 46 materialdan 34-ü üzrə cinayət işi başlanaraq istintaq aparılır. Bu əvvəlki illərdə olduğundan xeyli çoxdur. Belə ki, hüquq-mühafizə orqanlarından 2010-cu ildə daxil olmuş 14 materialdan 13-ü üzrə, 2011-ci ildə daxil olmuş 22 materialdan 19-u üzrə, 2012-ci ildə daxil olmuş 29 materialdan 27-si üzrə cinayət işi başlanıb istintaq edilmişdir.
Məhkəməyə göndərilmiş cinayət işləri əsasən rüşvət vermə (aktiv rüşvətxorluq), rüşvət alma (passiv rüşvətxorluq), vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və israfetmə, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və hədə-qorxu ilə tələb etmə faktları ilə əlaqədar olmuşdur.
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibində 2011-ci ildən başlayaraq əməliyyat qurumlarının fəaliyyət göstərməsi korrupsiya ilə əlaqədar olan latent cinayətkarlığın aşkar edilməsində mühüm rol oynayaraq əsasən gizli xarakter daşıyan rüşvətxorluq cinayətlərinin müəyyən edilməsi işinin xeyli dərəcədə gücləndirilməsinə şərait yaratmışdır. Hazırlanan cinayətlər barədə daxil olmuş müraciətlər üzrə yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində təkcə 2013-cü ilin doqquz ayı ərzində korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla barələrində 23 cinayət işi başlanaraq istintaq edilmişdir.
Digər Xəbərlər
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12
2024-12-26 13:33:10
2024-12-26 13:23:39