"Cəmil Həsənlinin platforması reallıqdan uzaq fikirlərlə doludur"
11:28 04-10-2013
CƏMİYYƏT
"Cəmil Həsənlinin platforması reallıqdan uzaq fikirlərlə doludur"
Radikal müxalifətin toplaşdığı "milli şura"nın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki platformasının olmaması haqqında mətbuatda dəfələrlə yazı gedib, bu barədə siyasi şərhçilər də müəyyən fikirlər səsləndiriblər ki, bu komandanın başı intriqalar və daxili söz-söhbətlərə qarışdığından onlar seçkilərə hazır vəziyyətdə deyillər.
Belə olmasaydı seçkilərə bir həftə qalmış şişirdilmiş rəqəmlərlə dolu olan seçki platforması açıqlanmazdı. Əslində bu platformada hər şey yalan üzərində qurulmuş vədlərdən ibarətdir. Çünki gömrük rüsumlarının əksərini ləğv edəcəklərini vəd edənlər onun büdcəyə vuracağı zərərlər barədə belə, düşünmürlər.
Vəhdət Partiyasının sədri Tahir Kərimli "Palitra"ya sözügedən məsələni şərh edərək bildirdi ki, siyasətdə yalan vədlərin verilməsini əslində elə bu düşərgə Azərbaycana gətirib. O, ötən əsrin doxsanıncı illərinin əvvəllərində də indiki müxalifət liderlərinin fantastik vədlər verdiklərini xatırlatdı: "İlk öncə onu deyim ki, "milli şura"nın namizədinin platformasının seçkiyə cəmi bir həftə qalmış elan olunmasının özü bir anormal vəziyyətdir. Adətən seçkidən bir-iki il öncə hər hansı bir siyasətçi, siyasi təşkilat gələcəkdə seçkidə iştirak edib-etməməsindən asılı olmayaraq cəmiyyəti öz platforması ilə tanış edir. Bir növ öz gücünü, potensialını da bununla ortaya qoymuş olur. Bu işə aylarla hazırlıq da gedir. Məsəl üçün deyərdim ki, seçkilərə bir neçə ay qalıb və seçki prosesi olmadığı halda Ərdoğan demokratik açılımı cəmiyyətə təqdim edib və proqramını da elan edib. Bizdə isə bu, müxalifət adına olduqca gecikmiş bir addımdır".
Tahir Kərimli deyir ki, belə bir qısa zaman kəsiyində kimlərin o platformadakı fikirləri oxuyub, tanış olacağı da maraq doğurur. Digər tərəfdən platformanın tezislərinin elmi və iqtisadi əsasları çox şübhəli görünür. Platforma ilə tanış olanda görürsən ki, o yalnız populizm üzərində qurulub. Şişirdilmiş təkliflər sadəcə insanların diqqət və fikirini özlərinə cəlb etməyə hesablanıb. Çünki orada vəd olunanlar real olmayan bir məsələlərdir: "Şübhəsiz ki, Azərbaycan dövləti getdikcə əməkhaqları, pensiyaların artırılması ilə məşğul olur, bu istiqamətdə hətta xüsusi proqramlar da həyata keçirilir. Bunun üçün ölkənin müvafiq büdcəsi, neft fondu da var. Azərbaycanın əgər son ildə sosial sahədə uğurlu siyasəti olmasaydı, Neft Fondundan böyük layihələrin həyata keçirilməsi, infrastrukturların qurulmasına çoxlu vəsait ayrıla bilməzdi. Bu gün bir vaxtlar az qala səhralığa dönmüş Qaradağ rayonunda, Sumqayıtda, Balaxanıda böyük texnoparklar tikilir ki, bu, hətta keçmiş SSRİ miqyasında böyük sənaye obyektləri kimi dəyərləndirilir. Bu nə deməkdir? O deməkdir ki, hazırkı Prezident İlham Əliyevin bu gün gördüyü real işlər bir neçə il sonra on minlərlə insan üçün iş yeri, məvacib mənbəyi olacaq. Bu realdır. Amma beş dəfə, on dəfə maaşların artırılması vədi populist çıxışlardır. Axı büdcədə elə bir vəsait yoxdur ki, bir dəfəyə belə fantastik gedişlər edəsən. Haradan alacaqsız bu pulu? Əgər büdcədə belə meqavəsaitlər görünmürsə, sən necə əldə edəcəksən bunu? Bu rəqəmlər tutaq ki, reallaşdı... Axı bu rəqəmlərin arxası ilə elə bir infilyasiyalar gələ bilər, devalvasiyalar əmələ gələ bilər ki, ölkə iqtisadiyyatı ağır duruma düşər. Çünki Azərbaycanın manatı dünyada öz möhkəmliyinə görə beşinci yerdə gedir. Yalnız Küveyt dinarı, funt sterlinq, avro, bir də Litvanın latı bizim manatla rəqabət apara bilir. Bütün bunlar nəyin sayəsində olub? Bu, Azərbaycan iqtisadiyyatının möhkəmlənməsi sayəsində olub. İranda, Gürcüstanda, Dağıstanda bizim manat elə möhkəmlənib ki, halbuki belə proseslər inkişaf eləmiş ölkələrdə uzun illər sonra reallaşıb. Lap tutaq ki, möcüzə baş verdi və hardansa büdcəmizə böyük pullar keçirildi. Dövlət büdcəsindən də sadalanan rəqəmlər kimi əmək haqlarına və digər işlərə vəsait ayrıldı. Bəs o infilyasiya vaxtı o artmalar nə şəkilə düşəcək? Bunu düşünmüsüzmü? Burada məsələlərə elmi-iqtisadi yanaşma varmı? Belə böyük işləri götür-qoy etmək lazımdır və ancaq vədlərlə iş düzəlmir". Vəhdət Partiyasının sədri deyir ki, Azərbaycan dövləti möhkəmləndikcə onsuz da sosial problemlərə daha çox yer ayrılır. Prezident bu günlərdə Bilgəhdə çıxışında Azərbaycan dövlətini sosial dövlət kimi xarakterizə etdi. Bu, həqiqətən də belədir. O birbaşa bildirdi ki, biz böyük sənaye obyektləri qurub, böyük iqtisadi layihələr həyata keçirsək də, daha çox sosial proqramları həyata keçirmək niyyətindəyik. Yəni bunu indiki ölkə başçısı daha dəqiq xarakterizə edib, öz fəaliyyətində əsas xətt kimi tutub. Sosial siyasətə ciddi yanaşmaq lazımdır. Bunu boş-boş rəqəmlərlə gündəmə gətirmək lazım deyil. Hansı ölkə başçısı istəməz ki, onun ölkəsində maaşlar artıq olmasın? Bizdə bu işlər gedir axı. Amma tələbat olduğu kimi, iqtisadi proqnozlar və s. məsələlər də nəzərə alınmalıdır. Bir ay üçün maaşları fantastik edib, sonra böhrana düşmək ağılsızlıq olardı. Hansı rayonlarda, hansı sənaye obyektlərini gəlib tikəcəksiniz və o dünya bazarına elə məhsul çıxaracaq ki, sizin dediyiniz fantastik həyat tərzi yaranacaq. Belə iri layihələr üçün illərlə kadrlar hazırlanıb, sənaye obyektləri qurulmalı və istehsal olunacaq məhsulun bazarı müəyyən edilməlidir. Artıq Azərbaycanda gəmiqayırma sahəsi üzrə də böyük layihələr həyata keçirilir. Təsəvvür edin ki, gəmiqayırma üçün bu sahədə dünyanın ən qabaqcıl ölkəsi olan Sinqapurda işçilərimizə kadr hazırlığı keçirilir, mütəxəssislərimiz üçün kurslar təşkil olunur ki, onlar ölkəyə gəlib işləyə bilsinlər. Daha bu dövlət nə etməlidir axı? Hər şey birdən-birə yaranmır. Populizm, düşünülməmiş vədlərin zamanı keçib artıq. Azərbaycanın 2020-ci ilə kimi xüsusi proqramı da var ki, orada sosial problemlərin böyük əksərinin də həlli olacaq. Bu dəqiqə dünya etiraf edir ki, Azərbaycanın iqtisadi layihələri fantastik dərəcədə irəliləyişlər əldə edir.
Müxalifət düşərgəsində iqtisadçıların olmasına baxmayaraq, belə qeyri-peşəkar iqtisadi təklif və vədlər təəssüf doğurur. Bunlar hətta sağlam tənqidə dözməyən bir məsələlər, populist, əsası olmayan, həyata keçirilməsi mümkün olmayan şüarlardır.
İnşallah milli məhsullarımızın istehsalı artdıqca, iqtisadiyyatımız bu templə gedib gücləndikcə, bizdə həll olunmayan sosial problemlər qalmayacaq. Biz bu inkişafı hiss edirik, sözdə deyil, real həyatda hər şey inkişafa doğru gedir. Neft kapitalı da insan kapitalına çevrilmək yolunda davam edir. Sadəcə olaraq xalqımızın buna inanması yolunda əngəl olmağa çalışan bəzi qüvvələr seçki ilində bir az aktiv olmağa çalışdılar. İnanıram ki, İlham Əliyev növbəti dəfə bu ölkəyə başçılıq edib, növbəti prezidentliyinin sonunda müxalifətin vəd etdiyi həyat tərzindən də gözəl və real işlər həyata keçirəcək".
Tural Tağıyev
Digər Xəbərlər
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03