“Bu müddətdə nəsə fövqəladə bir hadisə baş verməsə...”
12:41 05-10-2013
CƏMİYYƏT
“Bu müddətdə nəsə fövqəladə bir hadisə baş verməsə...”
Yadigar Məmmədli: “Cəmiyyət daha aktiv və daha dinamik seçki kampaniyasının keçiriləcəyini gözləyirdi”
Azərbaycan cəmiyyətinin seçkiöncəsi siyasi-psixoloji durumu barədə suallarımızı QHT Əməkdaşlıq Alyansının həmsədri Yadigar Məmmədli cavablandırır.
-Yadigar bəy, həmsədri olduğunuz QHT Əməkdaşlıq Alyansının prezident seçkiləri ilə bağlı keçirdiyi monitorinq cəmiyyətin hansı kəsimlərini əhatə edirdi və onun elan edilmiş nəticələri nə dərəcədə obyektivdir?
-50-dən yuxarı QHT-ni birləşdirən QHT Əməkdaşlıq Alyansının bu istiqamətdə layihəsi və layihəni QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirir. İndiyə qədər seçkidən öncə ölkənin on bir regionunda, daha doğrusu, bütün rayonlarda seçkiöncəsi vəziyyəti, siyasi partiyaların, durumu, reytinqi və sosial-təşkilati və maddi resursları, eyni zamanda prezidentliyə namizədlərin reytinqləri və fəaliyyətlərinə verilən qiymətlə bağlı monitorinqlər keçirtmişik. QHT-lərdən ibarət beş koalisiya qurumu var və bu işi, əsasən, onlar həyata keçirdib. Bu prosesdə QHT Əməkdaşlıq Alyansının xüsusi rolu ondan ibarətdir ki, biz hələ keçən ildən başlayaraq belə monitorinqlər keçirdirik. Ötən ilin oktyabr ayından etibarən siyasi partiyaların regionlardakı reytinqi ilə bağlı monitorinqlər keçirdirik. İndi isə seçkiöncəsi ölkənin bütün bölgələrini əhat edən bu monitorinqlər silsiləsini yekunlaşdırdıq. Monitorinqlərin nəticələrinin obyektivliyinə gəlincə isə, demək olar ki, bütün monitorinqlər yüzə-yüz obyektiv ola bilməz. Amma hər halda bizim təşkil etdiyimiz monitorinq mümkün qədər obyektivliyə əsaslanmış proses idi və onun nəticələri reallığı əks etdirir. Bunu tam əminliklə bildirmək mümkündür.
-Yadigar bəy, bu monitorinqə əsasən, seçicilərin siyasi mənsubiyyəti və simpatiyası baxımından Azərbaycan cəmiyyətinin siyasi spektri hansı təəssüratı yaradır?
-Şəxsən mənim müşahidələrim onu göstərir ki, indiki seçki marafonu cəmiyyətin gözləntilərini doğrultmayıb. Yəni cəmiyyət daha aktiv və daha dinamik seçki kampaniyasının keçiriləcəyini gözləyirdi. Çünki cəmiyyət müxtəlif siyasi-sosial maraqları olan seçicilərin yekunundan ibarətdir və bunun içində narazı elektorat da var. Narazı elektorat gözləyirdi ki, siyasi partiyalar seçki kampaniyasının gedişində daha fəal tənqidi ruhda çıxış edəcək və aktivlik yüksələcək, hərəkətlilik daha da artacaq. Bununla belə, bu fəallaşma hiss olunmadı. Belə dinamika cəmiyyətin inkişafı baxımından çox önəmlidir. Ümumiyyətlə, mən vətəndaş cəmiyyətinin bir subyekti kimi buna tərəfdaram ki, cəmiyyət aktivləşəndə irəliləyə bilir. Biz cəmiyyətdəki siyasi proseslərə və mövqelərə bir az kənardan baxmağa cəhd göstəririk. Çünki iqtidar komandasının öz maraqları var, müxalifətin də öz maraqları. Biz QHT qurumu olaraq orta xətti tutmağa çalışırıq və üçüncü sektoru təmsil edirik. Ona görə də, mənim fikrimcə, cəmiyyət bu seçkilər prosesində ümid bəslədiyi aktivliyin şahidi ola bilmədi. Amma qeyd etməliyəm ki, seçki prosesləri fonunda indiki iqtidar çox güclü görünür. Çünki iqtidarın həm resursları, həm də cəmiyyətdəki reytinqi öz opponentləri ilə müqayisədə çox irəlidədir. İndiki iqtidarın lideri, Prezident İlham Əliyev yenidən seçkilərdə iştirak edir və bizim monitorinqin nəticələrinə görə, öz rəqiblərini çox böyük fərqlə üstələyir. Seçki gününə lap az qaldığını da nəzərə alsaq, tam əminlikə deyə bilərik ki, bu müddətdə nəsə fövqəladə bir hadisə baş verməsə, ölkədə iqtidar nə qədər güclüdürsə, müxalifət də bir o qədər zəifdir.
-Sizin şərhinizdən belə başa düşmək olar ki, prezidentliyə namizədlər bölgələrlə o qədər də aktiv şəkildə işləmirlər?
-Biz monitorinqi həm bölgələrdə, həm də ölkənin paytaxtında keçirtmişik. Və yuxarıdakı fikirləri ümumi mənzərənin yaratdığı təəssürat əsasında dedim. Yəni Azərbaycan cəmiyyəti ötən prezident seçkiləri ilə müqayisədə bu dəfə kifayət qədər fəallıq görmədi və ona görə də özü də aktivləşmədi.
-İstərdim ki, növbəti sualıma QHT rəhbəri kimi deyil, bir vətəndaş və seçici kimi cavab verəsiniz. Prezidentliyə namizədlərin diskussiya mədəniyyəti, siyasi aksiyalarda nümayiş etdirdikləri səviyyə dinamikası Sizi nə dərəcədə qane edir?
-Təbii ki, məni qane eləmir. Bu fikrim birmənalıdır. Ona görə də həm ayrı-ayrı fərdlər, həm də ümumən cəmiyyət prezidentliyə namizədlər arasındakı diskussiyaların, teledebatların, fikir kəsişmələrinin daha yüksək səviyyədə təşkil olunacağını, daha maraqlı siyasi bataliyaların baş verəcəyini gözləyirdi. Bunu nəzərə almalıyıq ki, Azərbaycan cəmiyyəti üçün prezident seçkiləri həm parlament, həm də bələdiyyə seçkilərindən daha çox önəm və maraq kəsb etdiyi üçün onun gedişinə olan maraq da xeyli yüksək idi. Çünki Azərbaycan prezident idarəçiliyi ilə yönəldilən bir ölkədir və pezidentin səlahiyyətləri kifayət qədər genişdir. Prezidentin səviyyəsindən və siyasi iradəsindən çox şey asılıdır. Ona görə də bu marafonda daha uca səviyyənin nümayiş etdiriləcəyi gözlənilir. Çox təəssüf ki, baş verən hadisələr onu göstərdi ki, proses ümidləri doğrultmadı. Prezidentliyə namizədlər cəmiyyəti düşündürən və narahat edən problemləri qabarda bilmədilər. Hər bir namizədin, siyasi partiyanın prezident seçkiləri ilə bağlı hazırladığı xüsusi platformanın layiqli səviyyədə təqdim edilməməsi şəxsən məni çox pəjmürdə elədi. Yəni biz bu vəziyyətlə bağlı xeyli təəssüf hissi keçirtdik. Bu onu göstərir ki, biz hələ Avropa ölkələrində, Birləşmiş Ştatlarda, Türkiyədə, lap elə qonşu İranda keçirilmiş prezident seçkiləri səviyyəsində seçki mühiti yarada bilmirik. Biz dünyanın seçki təcrübəsindən hələ çox şeyləri öyrənməliyik. Türkiyədə keçirilən istənilən seçkilərdə bütün cəmiyyət əhatə olunur, hamı hərəkətə gəlir, insan və cəmiyyət seçkilərlə yaşayır. Amma çox təəssüf ki, bu gün Bakı şəhərinin küçələrini dolaşanda bir həftədən sonra keçiriləcək prezident seçkilərinin əlamətlərini çox zəif şəkildə müşahidə edəcəyik. Heç görüntü kimi də bu əlamətlər, müvafiq seçki emblemləri müşahidə olunmur. Adda-budda yerlərdə prezidentliyə namizədlərin bu və ya digər təşviqat materialları gözə dəyir. Ölkənin telekanalları da bu istiqamətdə çox zəif fəaliyyət göstərir. Yalnız İctimai televiziyada və radioda prezidentliyə namizədlərin çıxışları gözə dəyir. Bu isə çox azdır. Ümumiyyətlə, bütövlükdə götürəndə cəmiyyətimiz bu seçki ilə yaşamır. Bu, böyük təəssüf doğuran bir haldır. Yəqin ki, elə buna görədir ki, prezidentliyə namizədlərin qatıldığı debatlar da bizim gözlədiyimiz səviyyədə alınmır.
-Çap mətbuatı və elektron informasiya vasitələri bu prosesdə çox fəaldır. Amma bu sözü telekanallar barədə demək mümkün deyil. Xüsusən də özəl telekanallar barədə. Onların bu laqeydliyi nə ilə izah edilə bilər?
-Bu vəziyyət, birinci növbədə, özəl telekanallardakı reklam qiymətlərinin çox baha olması ilə izah edilə bilər. Müvafiq qərarlar əsasında yalnız AZTV-də və İctimai Televiziyada bu tip reklamlar kommersiya məqsədi güdmür. Qalan telekanallarımız özəl olduğundan onların öz reklam tarifləri var. Mən şəxsən həmin tariflərlə tanışam. Qiymətlər çox yuxarıdır və indiki namizədlərin maliyyə imkanları səviyyəsindən xeyli yuxarıdır. Onların, sadəcə, belə bir imkanı yoxdur. Ola bilsin ki, iqtidar komandası da bu telekanallarda reklama ehtiyac duymadığı üçün onlara müraciət etmir. Bu amil həm də onunla bağlıdır ki, çap mediasında reklamın qiymətləri çox ucuzdur. Həm də hər bir müxalifət qəzeti öz namizədini reklam etdiyi üçün onun çıxşlarını və platformasını pulsuz şəkildə yayımlayır. Buna görə də çap mediasında aktivlik çox yüksəkdir. Amma bütövlükdə götürəndə mətbuatda da anormal vəziyyətin şahidi oluruq. Məsələn, müxalifət düşərgəsinə məxsus olan hər hansı qəzetdə iqtidar namizədinin reklamına rast gələ bilmirik və yaxud iqtidar qəzetlərində müxalifətin namizədinin barəsində xoş təəssürat doğuran materiallarla rastlaşmırıq. Bu da onu göstərir ki, çap mediasında da vəziyyət qənaətbəxş deyil.
-Deməli, bizim mədəniyyətimizdə qızılı ortanın payı çox azdır və yaxud yox dərəcəsindədir, cəmiyyət hələ siyasi qütbləşmə durumundadır...
-Əslində, dünyanın qabaqçıl ölkələrində siyasi partiyaların üzvləri çox az olur, onların təəssübkeşləri var. Yalnız seçkilərdən seçkilərə partiyaların tərəfdarları çoxalır. Bizdə isə əksinədir. Hər bir partiya filan qədər üzvü olması ilə fəxr eləyir və nəticədə cəmiyyət güclü şəkildə kortəbii siyasi axına düşür.
Söhbətləşdi:
Ferzuq Seyidbəyli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49