İlham Əliyev qələbəsini təmin etdi
11:47 08-10-2013
CƏMİYYƏT
İlham Əliyev qələbəsini təmin etdi
Yerdə qalan namizədlər isə birlikdə 5 faiz belə səs toplamaq gücündə deyillər
Prezident seçkilərində səs verməyə artıq sayılı saatlar qalıb. Əsas təşviqat işləri demək olar ki, arxada qalıb,namizədlərə ayrılmış pulsuz efir vaxtları bitib və əsas mitinqlər arxad qalıb. Faktiki yalnız seçki məntəqələrinə gedib səs vermək qalıb. Maraqlıdır, bəs bu təşviqat işləri nəticəsində hansı namizəd nəyə nail oldu? Öncəliklə bunu qeyd edək ki, prezident İlham Əliyev seçki prosesində demək olar ki, təşviqat kompaniyasına qatılmadı və bir dəfə də olsa efir imkanlarından istifadə etmədi.
Öncə hesab etdilər ki, bu taktika yanlışdır və müxalifət bundan istifadə edəcək. Amma təşviqat kompaniyası dövründə aydın oldu ki, İlham Əliyevin yanaşması düzdür və bu taktika ilə o digər namizədlərlə arasındakı fərqi cəmiyyətə göstərə bildi. Amma başqa maraqlı bir olay bu oldu ki, nüfuzlu beynəlxalq təşkilatlar o cümlədən Azərbaycanda eksit-pol keçirəcək təşkilat bəyan etdi ki, İlham Əliyev rəqiblərindən çox üstündür. Həmçinin Fransada keçirilən rəy sorğusunda da sorğu iştirakçılarının 70 faizdən çoxu, Avropa İttifaqı deputatlarının isə 60 fazidən çoxu İlham Əliyevin qələbəsinə inandıqlarını bildirdilər. Bu isə o deməkdir ki, beynəlxalq güclər artıq indidən İlham Əliyevin gücünə inanırlar. Azərbaycan cəmiyyətinə gəldikdə isə təşviqat dövründə digər namizədlərə götərdikləri yanaşmalara diqqət ayırsaq məlum olar ki, vətəndaşlar digər namizədlərə maraq göstərməyiblər. Elementar faktlara baxaq. 9 milyonluq ölkə vətəndaşlarının hardasa 15 min nəfəri Cəmil Həsənlinin, 10 min adam İqbal Ağazadənin, 10 min şəxs Zahid orucun, bir o qədərdə adam Hafiz Hacıyevin görüşlərində iştirak etdilər. Beləcə aydın olur ki, bütün namzədlərin görüşlərində 50 mindən çox adam iştirak etməyib. 9 milyonluq bir ölkədə 50 min şəxsin aktivlik göstərməsinin nə demək olduğunu isə şərh etməyə ehtiyac yoxdur. Yəni cəmiyyət faktiki yeniliyə səs vermədi və nəticədə İlham Əliyevin qələbəsinə şübhə yeri qalmır. Ekspertlər hesab edir ki, son bir il ərzində əmək haqlarının artması, korrupsiyaya qarşı mübarizənin aparılmasıda İlham Əliyevin nüfuzuna ciddi dəstək olub. Həmçinin cəmiyyətdə belə bir gözləntidə var ki, bir sıra nazirlər postlarından kənarlaşdırılacaq və islahatlara start veriləcək. Vətəndaşlar hazırda belə gözləntidədilər və çox böyük ehtimal ki, gözləntilərdə özünü doğruldacaq. Çünki hələ seçkilərdən öncə İlham Əliyev, cəmiyyətin həddindən artıq narazı qaldığı təhsil naziri Misir Mərdanovu vəzifəsindən azad etməsi müsbət qarşılanmışdı. İndi isə gəlin digər namizədlərin bu günlər ərzində əldə etdikləri uğurlara və uğursuzluqlara baxaq. Bu seçkilərdə əsas namizədlərdən biri kimi Cəmil Həsənli diqqəti cəlb etmişdi. Ona görə ki, Milli Şuranın vahid namizədi idi və korrupsiyadan kənar bir şəxs kimi dəyərləndirilirdi. Amma seçki prosesi zamanı aydın oldu ki, Cəmil Həsənlinin seçki platforması Hafiz Hacıyevlə deyişməkdən başqa bir şey deyil. Bütün debatlarda iki namizəd bir-birini təhqir etməklə məşğul oldular və bəzi hallarda bu təhqirlər əndazəni keçdi. Nəticədə tamaşaçılar bu debatlara debat kimi yox, sanki meyxana deyişməsi kimi baxdı. Bununla da məlum oldu ki, Cəmil Həsənli siyasi simaya yox,Hafiz Hacıyev kimi gülüş hədəfinə çevrildi. Və sadə vətəndaşın buna görə Cəmil Həsənliyə səs verməsi faktiki mümkünsüz bir məsələdir. Cəmil Həsənlinin başqa bir qüsuru bu oldu ki, o Əli Kərimli və İsa Qəmbər kölgəsindən çıxa bilmədi. Hətta mitinqlərdə Əli Kərimli və ya İsa Qəmbər daha çox alqışlandı nəinki, prezidentliyə namizəd Cəmil Həsənli. Bunun başlıca səbəbi isə bu idi ki, mitinqlərə gələnlər məhz Əli Kərimli ilə İsa Qəmbərin sosial bazası idi. Onlar isə Cəmil Həsənlinin bir siyasi fiqur kimi meydanda qalmasında maraqlı deyillər. Çünki Cəmil Həsənlinin reytinqi çox artardısa sabah o seçkilərdən sonra yenə siyasətdə qala bilərdi və buda İsa Qəmbərlə, Əli Kərimliyə heç bir halda sərf eləmir. Adi bir məqama baxın ki, 20 il ərzində İsa Qəmbərlə Əli Kərimli bir nəfərdə olsa yeni simanın siyasi meydana çıxmasına imkan verməyiblər.Belə olan halda Cəmil Həsənliyə sonuna qədər yaşıl işıq yandırmaları sadəcə mümkünsüz idi. Cəmil Həsənlinin uğursuzluğunun başqa bir səbəbi isə müxalifətin özünəinamsızlığı oldu. Bu işdə Rəsul Quliyevində xidmətləri böyük oldu. Bir tərəfdən Açıq Cəmiyyət Partiyası Cəmil Həsənlini dəstəkləyəcəyini bildirir, bu biri tərəfdən Rəsul Quliyev Cəmil Həsənlinin qələbə qazana bilməsini nağıl adlandırdı. Bir tərəfdən mitinqlərə qatıldılar, bu biri tərəfdən Rəsul Quliyev bu mitinqləri mutfilm adlandırdı. Bunun davamı olaraq həbsdə olan cəbhəçi gənc partiyadan imtina etdi və nəhayətdə AXCP-də sədr müavini olan və radikallığı ilə seçilən Asəf Quliyev müxalifətə daha inanmadığını və məğlub olduqlarını bəyan edərək AXCP-dən və Milli Şuradan imtina etdi.Bütün bu faktorlar isə özlüyündə Cəmil Həsənlini çıxılmaz duruma saldı. Nəhayət Cəmil Həsənlini yerlə-yeksan edən səbəblərdən biri də “Milyarderlər İttifaq”ı və Rüstəm İbrahimbəyov oldu. Rüstəm İbrahimbəyovun da üzv olduğu bu ittifaq demək olar ki, müxalifətin əsas gücü kimi göstərilirdi və təxmin edilirdi ki, müxalifətin tam ayağa qalxması üçün bu ittifaq milyonlar ayıracaq. Elə Rüstəm İbrahimbəyovun özüdə bu fikirdə idi və açıq şəkildə bəyan etmişdi. Amma bu günlərdə aydın oldu ki, deyilənlər sadəcə blef imiş. Çünki nə ittifaq Cəmil Həsənliyə pul ayırdı, nədə mənəvi dəstəyini verdi. Əksinə, “Milyarderlər İttifaqı”nın üzvləri ardıcıllıqla İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiklərini bildirdilər. Kifayət qədər nüfuzlu sima olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovda sonda İlham Əliyev kursuna sadiq qaldığını bəyan etdi. Bununla da gözləntilər tamamən yoxa çıxdı. Digər namizədlərə gəldikdə isə məlum oldu ki, seçkiləri şouya çevirən üç nəfər idi.Cəmil Həsənli,Araz Əlizadə və Hafiz Hacıyev. Ən maraqlısı isə bu idi ki, cəmiyyət nə cür Rəqsanəyə qulaq asır və sonda onu bozbaş müğənnisi kimi dəyərləndirirdilərsə, bu üç namizədə də eyni yanaşma oldu. Çıxışları diqqətlə izlənilir və ən qeyri-ciddi namizəd kimi də xarakterizə edilirdi. Namizədlərdən Zahid Oruca gəldikdə isə cəmiyyət onu hakimiyyətə kifayət qədər yaxın namizəd kimi tanıyırdı və seçki müddətində də Zahid Oruc demək olar ki, nisbətən fərqli formada Heydər Əliyev irsinə sədaqətliliyini nümayiş etdirdi və bütün çıxışlarından çıxan nəticə bu idi ki, Zahid Oruc bu kompaniyaya məhz bu məqsədlə qatılıb. Zahid Oruc seçki dövrü həm də Cəmil Həsənlini kifayət qədər çətin durumlara sala bildi və Cəmil Həsənlinin verdiyi vədləri demək olar ki, daha çox Zahid Oruc sıradan çıxarda bildi. Bu arada qeyd edək ki,YAP-in debatlarda iştirak edən nümayəndələri kifayət qədər sönük göründülər və onların vəzifəsini faktiki olaraq Zahid Orucla Qüdrət Həsənquliyev yerinə yetirdilər. Bu seçkilərdə təşviqat müddəti heç bir effekt əldə edə bilməyən və demək olar ki, tam fiaskoya uğrayan namizədlər isə İlyas İsmayılovla, Fərəc Quliyev oldu. Bu namizədlərin seçkilərdə heç olmasa 0,3 faiz səs qazanmalarıda mümkünsüz görünür. Bu prezident seçkilərində İlham Əliyevdən sonra müəyyən qədər səs qazanma imkanı olan digər namizədlər Sərdar Cəlaloğlu ilə İqbal Ağazadə oldu. Düzdür İqbal Ağazadə Sərdar Cəlaloğlu ilə müqayisədə çox quru idi və cəmiyyətin onu olduğu kimi qəbul etməsi namizədin səsini azaldacaq. Amma Sərdar Cəlaloğlu daha praqmatik göründü və qaldırdığı problemlər cəmiyyəti maraqlandıran problemlər oldu. Məhz bu səbəbdən Sərdar Cəlaloğlu hətta ikinciliyədə iddialı ola bilər. Seçki dövrü buda aydın oldu ki, İlham Əliyev istisna olmaqla heç bir namizədin komandası belə yoxdur. Olanlar isə sadəcə gülünc yaradır. Məsələn Araz Əlizadənin iqtisdi konsepsiyasını hazırlayan məlum olub ki, adi tələbədir. Və sabah o hakimiyyətə gələrdisə məntiqlə bu tələbə Araz Əlizadənin baş naziri olmalıydı. Seçki zamanı məlum oldu ki, hakimiyyəti bir kənara qoysaq bu ölkədə ciddi siyasi sima qıtlığı var və demək olar ki, ölkənin kadr potensialı çox bərbad durumdadır. Bu isə yeni siyasi qüvvələrin meydana çıxa bilməməsini ilk növbədə bu faktor təmin edir. Başqa nöqsanlı bir amil isə budur ki, Azərbaycan cəmiyyəti də hələ tam olaraq seçki mədəniyyətinə sahiblənə bilməyib. Buda son nəticədə seçkilərin ümumi vəziyyətinə mənfi təsir göstərir.Müşahidəçilər hesab edir ki, məhz buna görə ölkədə demokratik islahatlar mərhələli şəkildə aparılmalıdır ki, sonra fəsadlar yaranmasın. Beləliklə bu günlərdə baş verənləri təhlil edərək belə bir nəticə çıxartmaq olar ki, bu ilki prezident seçkiləri ən zəif prezident seçkiləri olacaq. Çünki İlham Əliyev rəqiblərindən on qatlarla çox güclüdür və digər namizədlər seçki marafonu zamanı bir faiz belə səs toplamaq qabiliyyətini nümayiş etdirə bilmədilər. Hesab etmək olar ki, bu seçkilərdə İlham Əliyev heç bir çətinlik çəkmədən 80-90 faiz arası səs toplayacaq. O ki, qaldı seçkidən sonrakı duruma ekspertlər hesab edir ki, heç bir təlaşa düşməyə ehtiyac yoxdur. Çünki müxalifət sosial bazaya sahiblənə bilmədi. Buna görədə uzağı bir neçə dəfə müxalifət 3-5 minlik aksiyalar keçirtməklə reallıqla hesablaşacaqlar.Beynəlxalq təşklatlara gəldikdə isə müəyyən anormal bəyanatlar verilsədə ümumilikdə seçkilər qənaətbəxş hesab ediləcək və İlham Əliyevin qələbəsini rahatlıqla qəbul edəcəklər. Çünki hazırda baş verənlər bunu təsdiqləyir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16