"Hər bir seçki demokratiya imtahanıdır"
"Hər bir seçki demokratiya imtahanıdır"

Aydın Mirzəzadə: "Azərbaycan siyasi sisteminin bütün spektrləri prezidentliyə namizədlər blokunda təmsil olunur"

9 oktyabr prezident seçkiləri ilə bağlı daha bir mərhələ arxada qaldı. Namizədlərin qeydə alınması prosesindən sonra onların təbliğat-təşviqat mərhələsi də sona çatdı.
Ötən müddət ərzində görülən işlər, seçki prosesinin gedişi, namizədlərə yaradılan şərait, prezident seçkilərində müşahidəçilərin iştirakı, beynəlxalq təşkilatların hesabatlarında yer alan qərəzli məqamlar və sairlə bağlı məsələlərə münasibət bildirən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, konstitusiyaya və Seçki Məcəlləsinə uyğun olaraq, ölkəmizdə keçirilən prezident seçkiləri artıq Azərbaycan tarixinə yazılmaqdadır. Ötən müddət ərzində seçki gününün təyin edilməsi, komissiyaların formalaşdırılması, namizədlərin irəli sürülməsi və qeydiyyata alınması, ən əsası isə təbliğat kampaniyasının keçirilməsi hər bir vətəndaşın gözü qarşısında baş verdi. Ümumən götürdükdə, bu mərhələlərin hər birinin demokratik şəkildə keçirildiyini, sona çatdığını qeyd etmək olar. Namizədliyi irəli sürülən 22 nəfərdən 10 nəfəri qeydiyyata alındı. Bundan sonra onlar seçki kampaniyasında fəal iştirak etməyə başladılar. Hazırda da bu fəallıqlarını davam etdirilər. Azərbaycan siyasi sisteminin bütün spektrləri prezidentliyə namizədlər blokunda təmsil olunur. Həm hakim partiyanın, mərkəzçi qüvvələrin, həm də hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilən namizədlər öz mövqelərini açıq şəkildə ictimaiyyətə çatdıra bildilər. Eyni zamanda, mətbuatda təbliğatın aparılması, ayrı-ayrı görüşlərin keçirilməsi, kütləvi aksiyaların təşkil edilməsi də seçki təbliğatının əsas kampanentlərindən idi. Beləliklə ayın 9-u seçki gününə qədər seçicilər namizədlər barədə kifayət qədər məlumat əldə edə bildilər. Bu səbəbdən hesab edirəm ki, ayın 9-da demokratik, şəffaf seçki keçiriləcəkdir.
Fuad