ABŞ-dan Azərbaycana mesaj: “Seçkidə təcavüzün və ya təxribatın qarşısını almağa çağırırıq”
10:45 10-10-2013
CƏMİYYƏT
ABŞ-dan Azərbaycana mesaj: “Seçkidə təcavüzün və ya təxribatın qarşısını almağa çağırırıq”
ABŞ Azərbaycanı seçkilər zamanı azad, ədalətli və şəffaf prosesin keçirilməsinə çağırıb. ABŞ dövlət departamentinin mətbuat katibinin müavini Mari Xarf bazar ertəsi bildirib ki, "Birləşmiş Ştatlar bütün insanları Azərbaycanda seçki prosesində dinc iştirak etməyə, seçkilərdən əvvəl, vaxtında və sonra təmkinlik göstərməyə, həmçinin təcavüzün və ya təxribatın qarşısını almağa çağırır ".
Vaşinqton həmçinin Azərbaycan hakimiyyətini vətəndaşlarının sərbəst toplaşmaq və birləşmək, söz azadlığının qorunmasının təmin edilməsinə çağırıb.
Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Unikal”a dediyinə görə, “Birləşmiş Ştatların seçki günü və ondan sonrakı dövrlə bağlı xəbərdarlığı müəyyən həqiqətləri ehtiva edir. Bunu da nəzərə alaq ki, Birləşmiş Ştatların müvafiq dövlət strukturları bölgədə fəaliyyətdə olan aşkar və məxfi qüvvələr barədə daha sistemli məlumata malik olduğundan bu mesajı verə bilər. Ümumən isə bölgədəki vəziyyəti və Suriyada vətəndaş müharibəsinin artıq daha da şiddətləndiyini, bu qarşıdurmanın regional müharibəyə çevrilməsi perspektivini və Qərbin bu ölkəyə hərbi müdaxilə etmək niyyətini nəzərə alsaq, əlbəttə, bu proseslərin əks-sədası biz tərəflərə də gəlib çıxa bilər. Azərbaycanda sabitliyin pozulmasında güclü marağı olan xarici qüvvələr var. Məsələn, iranlı generallar yenə də açıqlamalar veriblər ki, Amerika Suriyaya hərbi müdaxilə edərsə, onlar da Amerikanın bölgədəki müttəfiqlərinə hərbi zərbələr endirəcəklər. Bu məlumdur ki, Amerika da, İsrail də bu bölgədəki müttəfiqləri kimi Azərbaycanı görürlər. Seçkiöncəsi ölkədə təxribat törətmək istəyənlər, əlbəttə ki, ola bilər. Ona görə də Azərbaycan hakimiyyətinin üzərinə də böyük məsuliyyət düşür ki, prezident seçkilərinin mümkün qədər sabit şəraitdə keçirilməsinə şərait yaratmalıdır. Qanun pozuntularına və yaxud da prezidentliyə namizədlərin sıxışdırılmasına yol verilməməlidir. Bu hallar həm Azərbaycanda sabitliyin pozulmasına gətirib çıxarda bilər, həm də xarici qüvvələrin bundan istifadə etmək imkanları arta bilər”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “Unikal”a bildirdiyinə əsasən, “ABŞ Azərbaycanda keçiriləcək prezident seçkilərilə bağlı öz mövqeyini dəfələrlə ifadə edib və onun ortalıqda olan maraqları aydındır. Lakin bölgədə ciddi maraqları olan və bu maraqların nəyin bahasına olursa-olsun gerçəkləşməsinə can atan İran və Rusiya seçki günü və ondan sonra müəyən təxribatlar törətməyə cəhd edə bilər. Rusiya daha radikal mövqe tutub və Azərbaycanı Avrasiya İttifaqına sürükləməkdə maraqlıdır. Bu ittifaqın yaradılması cəhdi bizim tərəfimizdən SSRİ-nin yeni biçimdə yaradılması səyi kimi qəbul edilir. Hətta Rusiya qanunvericiliyi səviyyəsində bu planı gerçəkləşdirmək üçün addımlar atılıb. Mən bunu deyərkən Rusiyadakı miqrantların sıxışdırılmasını nəzərdə tutan qanunların qəbul edilməsini nəzərdə tuturam. Buna görə də Rusiya prezident seçkiləri zamanı və seçkilərdən sonra müəyyən situasiyalar yaradıb bundan faydalanmağa çalışacaq. Bunu xarici qonaqlarla görüş zamanı da bildirmişəm. Bu məsələ partiyamızın diqqət mərkəzindədir. Biz heç bir halda Azərbaycanın yenidən Rusiyanın müstəmləkəsinə çevrilməsini qəbul edə bilmərik. Biz milli ənənələrimizə sadiq qalan bir partiyayıq. Təəssüflər olsun ki, hələ heç kim bu barədə danışmağa üstünlük vermir. Rusyanın istəkləri heç də mətbuatda təqdim olunduğu kimi qaz, neft istəkləri deyil. Rusiyanın Azərbaycandan geosiyasi umacaqları var. Belə ki, Azərbaycanı Avrasiya İttifaqına qoşmağa cəhd göstərməklə öz ətrafında təhlükəsizlik zonası yaratmaq istəyir. Mənə elə gəlir ki, bu yaxınlarda Rusiyanın Azərbaycanla bağlı məqsədlərinin təzahürünü müşahidə edəcəyik. Azərbaycanda bu maraqları ifadə edən siyasi qüvvə ortalığa çıxacaq”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-26 09:05:43
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29