Fantastik xəyal, yoxsa gerçəklik?
10:47 10-10-2013
CƏMİYYƏT
Fantastik xəyal, yoxsa gerçəklik?
İİN: “Yaxın 4 ildə Azərbaycanda orta aylıq əmək haqqı 41% artacaq”
İqtisadi İnkişaf Nazirliyinin proqnozlarında göstərilir ki, Azərbaycanda orta aylıq əmək haqqının həcmi 2017-ci ilədək 618 manata çatacaq.
Eyni zamanda, 2013-cü ilin yekunlarına görə, orta aylıq əmək haqqının həcmi 439 manat səviyyəsində gözlənilir və beləliklə, yaxın 4 ildə bu göstəricinin 40,8% artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, İİN-in proqnozlarına görə, 2014-cü ildə orta aylıq əmək haqqı 479 manat, 2015-ci ildə 520 manat, 2016-cı ildə isə 566 manat təşkil edəcək.
Müstəqil İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun “Unikal”a söylədiyinə görə, “iqtisadi İnkişaf Nazirliyinin verdiyi proqnozların müəyyən iqtisadi əsasları var və əmək haqlarını yaxın illərdə bu səviyyəyə çatdırmaq mümkündür. Hər şey prezident seçkiləri başa çatandan sonar yenilənmiş hakimiyyətin necə iqtisadi siyasət yürütməsindən asılı olacaq. Respublikanın gəlirləri əmək haqlarının bundan da yüksək səviyyəyə qaldırılmasına imkan verir.”
Ekspertin sözlərinə görə, “İqtisadi İnkişaf Nazirliyinin bu proqnozu daha çox dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrin işçilərinin əmək haqlarını nəzərdə tutur. Lakin düzgün yürüdülə biləcək iqtisadi siyasət nəticəsində özəl sektorda çalışanların əmək haqlarını da bu səviyyəyə qaldırmaq mümkündür. Sadəcə, bunun gerçəkləşməsi üçün sahibkarların fəaliyyətini qismən məhdudlaşdıran bir sıra amillər, yəni monopoliya, vergi sturukturlarının müəyyən özbaşınalıqları aradan qaldırılmalıdır”.
Ekspert hesab edir ki, “Lakin prosesin bu istiqamətdə inkişafı zamanı digər situasiya yarana bilər. Bu da ondan ibarətdir ki, əmək haqlarının artırılması zamanı daxili bazarda sərf edilən zəruri gündəlik tələbat mallarının qiymətlərinin qalxmasına yol verilməməlidir. Əgər sıravi vətəndaş artan əmək haqqının müqabilində ailənin büdcə təlabatını ödəmək iqtidarında olmayacaqsa, əmək haqlarının proqnozlaşdırılan artımının cəmiyyətə heç bir xeyri olmayacaq”.
İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda yaşayış minimumunun düzgün hesablanmadığını bildirir. Onun “Unikal”a söylədiyinə görə, “Yaşayış minimumu haqqında” qanun, eyni zamanda minimum istehlak səbəti deyilən bir anlayış var. Yaşayış minimumu 3 istehlak səbətindən təşkil olunur. Buraya ərzaq, qeyri-ərzaq və xidmət səbətləri daxildir. Azərbaycan hökuməti, rəsmi şəxslər həmin səbətləri hesablayarkən normativləri düz götürməyiblər. Ərzaq səbətinə ət və ət məhsulları, süd məhsulları, meyvə-tərəvəz daxildir. Mən müqayisə aparmışam, ərzaq səbətinin normalarına görə Azərbaycan MDB ölkələrindən geridə qalır. Yəni birinci səhv odur ki, normalar düzgün hesablanmayıb. İkinci səhv isə odur ki, normalar hesablanarkən real bazar qiymətləri nəzərə alınmayıb. Bizim hesablamalarımıza görə, indiki situasiyada Azərbaycanda yaşayış minimumu ən azı 100 manat təyin edilməlidir”.
Ekspertin fikrincə, ölkədə yaşayış minimumunun dəyəri regionlar üzrə müxtəlifdir. Məsələn, bu gün Bakıda yaşayış minimumunun dəyəri 110-115 manata çatır: “Təəssüf ki, rəsmi şəxslər hesablama apararkən rəqəmlərə düzgün yanaşmırlar. Müstəqil ekspertlərin obyektiv hesablamalarını isə şübhə ilə qarşılayırlar. Əgər mənim qeyd etdiyim rəqəmlərə kiminsə inamı yoxdursa, ona hesablamalarımızın həqiqi olduğunu sübut etməyə hazıram”.
Ekspert bildirir ki, Avropa Sosial Xartiyasında nəzərdə tutulan normalar üzrə 2004-cü ilin yanvarında ölkəmiz Avropa Sosial Xartiyasına qəbul olunub. Bu qurumun ekspert qrupunun 1999-cu ildə hazırladığı monoqrafiyaya görə, Avropa Şurasının üzvü olan ölkələrdə minimum əmək haqqı ölkə üzrə ümumi orta aylıq əmək haqqının ən azı 60 faizi qədər olmalıdır. 2007-ci ilin dekabrına olan məlumata görə, Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının cəmisi 23 faizini təşkil edir. Bu rəqəm Avropa Şurası ekspertlərinin tövsiyəsindən iki dəfədən çox aşağıdır. Doğrudur, başqa MDB ölkələrində də bu problem var. Məsələn, Ukraynada bu, 33 faizdir, Rusiyada isə Azərbaycandakından da aşağıdır. Ancaq məbləği etibarı ilə götürəndə mən çox utana-utana deyirəm ki, bu gün ölkəmizdə minimum əmək haqqı Ermənistandan və Moldovadan azdır. Moldova ilə Ermənistan heç bir resursu olmayan, inkişaf tempinə görə Azərbaycandan xeyli geridə qalan ölkələrdir. Fakt odur ki, bu gün Ermənistanda minimum əmək haqqı 62 dollar, Moldovada 60 dollar, Azərbaycanda 58 dollardır”.
“Minimum əmək haqqı 6 nəfərlik ailənin minimum ehtiyacının 50%-ni də ödəmir”.
Məzahur Nurban
Digər Xəbərlər
2024-12-25 18:50:09
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00