Füzuli Ələkbərovun qardaşı vəzifə gözləyir
15:17 15-10-2013
CƏMİYYƏT
Füzuli Ələkbərovun qardaşı vəzifə gözləyir
Nizami Ələkbərovun adı niyə gündəmə gəlib?
Bu ilin əvvəllərində baş verən məlum İsmayıllı hadisələrindən sonra rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Nizami Ələkbərovun adı son günlər mətbuatın gündəmindən düşmür. Əvvəlcə nazirliklərdən birində şöbə müdiri təyin edildiyi bildirilən, amma sonradan təsdiqlənməyən Nizami Ələkbərov əslində yeni təyinat gözləntisində olduğunu gizlətməyib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı olan sabiq icra başçısı dünən özü ilə bağlı bir çox suallara aydınlıq gətirib. Hazırda harada işlədiyi barədə sualı cavablandıran Nizami Ələkbərov deyib: “İndi əsasən istirahət edirəm. Eyni zamanda “İmprotex” şirkətində çalışıram. “İmprotex”in törəmə şirkəti var, ona rəhbərlik edirəm. İcra başçısı təyin olunmamışdan əvvəl də orada işləyirdim”.
Mətbuatda nazirliklərin birində şöbə müdiri vəzifəsinə təyin olunması barədə yayılan informasiyalar barədə sualı cavablandıran Ələkbərov deyib: “Bu haqda məlumatı mətbuatdan oxudum. Mənə də təəccüblü gəldi. Çünki belə bir təyinat yoxdur. Bu məlumat həqiqətə uyğun deyil. Belə məlumatın haradan qaynaqlandığını və məlumatı kimlərin yaydığını şərh edə bilmərəm. Bundan xəbərim yoxdur. Amma belə bir təyinatla bağlı hər hansı təklif, müzakirə qətiyyən olmayıb”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin qardaşının ən maraqlı cavabı isə “Bir təklif gözləyirsinizmi, yoxsa İsmayıllı hadisələri karyeranıza son qoyub” sualına qarşılıq olaraq dedikləridir: “Hesab etmirəm ki, karyeram bitib. Mən hər zaman dövlətə, cənab prezidentə sadiq olmuşam, yaxşı işləmək, verilən tapşırıqları, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün əlimdən gələni etmişəm. Müxtəlif sahələrdə təcrübəm də var. Güman edirəm ki, hansısa sahədə dövlətə lazım ola bilərəm. İnşallah, belə olar”.
Açıq-aşkar görünür ki, nazir qardaşı bu dedikləri ilə əslində faktiki olaraq vəzifə karyerasının bitməsi ehtimalı ilə razılaşmır və yeni görəvə təyinat almasını gözləyir. Nizami Ələkbərovun belə bir gözləntidə olması təbiidir; eyni zamanda onun vəzifə alması barədə xəbərin təsadüfən ortaya çıxmadığını göstərir.
Mümkündür ki, bu informasiya əslində Ələkbərovlara yaxın çevrədən mətbuata sızdırılsın və sabiq icra başçısının adının gündəmə gəlməsi məqsədi güdsün. Nizami Ələkbərovun öz təbirincə desək, onun “təcrübələrini, dövlətə sədaqətini” hökumət çevrələrini xatırlatmaqla belə bir kadrın kənarda qalmasının doğru olmadığı rəyi yaransın və nəticə etibari ilə İsmayıllının keçmiş icra başçısının yenidən təyinat alması üçün münbit zəmin hazırlansın.
Hər halda onun yeni vəzifəyə təyin edilməsi ilə bağlı yalan xəbərlə Ələkbərovun müsahibəsindəki məlum fikirlər arasında paralellər apararkən ağıla gələn ehtimallardan biri məhz budur. Onun icra başçısı təyin edilərkən də “İmprotex”də (bu Füzuli Ələkbərovun biznes imperiyasının adıdır, ora çoxsaylı şirkətlər daxildir və holdinqə ümumi rəhbərliyi nazirin həyat yoldaşı həyata keçirir, bütövlükdə isə nəzarət qeyri-rəsmi şəkildə Füzuli Ələkbərovun özünə məxsusdur - red.) işləməsini, indi də “İmprotex”də fəaliyyətini davam etdirməsin barədə dedikləri də incə bir mesaj kimi qəbul oluna bilər.
Bununla əmək və əhalinin sosial müdafiəsi nazirinin qardaşı demək istəyir ki, o, İsmayıllıya icra başçısı göndərilərkən bir şirkətdə görəv tuturmuşsa, indi də həmin şirkətdə işini davam etdirirsə, niyə yenidən vəzifə karyerasında növbəti önəmli səhifə açılmasın?
Hər halda sabiq icra başçısının arzu və istəkləri göz önündədir. O, dövlət işindəki karyerasının yenidən bərpa olunmasını istəyir və gözləyir. Bəs buna iqtidar rəhbərliyinin reaksiyası necə olacaq? Bunu yəqin ki, yaşayıb görəcəyik.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49