Qərbdən İrana mülayim küləklər əsir
11:32 18-10-2013
CƏMİYYƏT
Qərbdən İrana mülayim küləklər əsir
İranla Böyük Britaniya iki həftə içərisində müvəqqəti işlər vəkillərinin adlarını açıqlayacaqlar. Yayılmış məlumatlara görə, bununla bağlı İranın xarici işlər nazirinin müavini Məcid Təxti Rəvançı ilə britaniyalı həmkarı Seymon Qass arasında oktyabrın 16-da Cenevrədə keçirilmiş görüşdə razılıq əldə olunub.
Qeyd edək ki, İran və Böyük Britaniya xarici işlər nazirləri arasında oktyabrın 8-də həyata keçirilmiş
telefon danışığı zamanı müvəqqəti işlər vəkillərinin təyinatı ilə bağlı razılıq əldə edilib.
Xatırladaq ki, 2011-ci il noyabrın 29-da Böyük Britaniyanın İrandakı səfirliyinin binası qarşısında kütləvi aksiya keçirilib. Səfirliyin qarşısına toplaşan kütlə ABŞ, Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Hadisədən sonra Böyük Britaniya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb, İran diplomatları da Londondan çıxarılıb.
Hər necə olsa da, artıq İranla Qərb arasındakı məlum səbəbdən yaranmış gərginlik yumşalmağa başlayıb. Bəs bu yumşalma ümumən regionun durumuna necə təsir göstərə bilər?
Tanınmış politoloq Elxan Şahinoğlunun “Unikal”a dediyinə görə, “Fikrimcə, nüvə proqramı səbəbindən Avropa dövlətləri, Birləşmiş Ştatlarla İran arasında yumşalmanın müşahidə olunması müvəqqəti hadisədir və yaxın zamanlarda münasibətlərdə yenidən gərginliyin yaranmasının şahidi olacağıq. Çünki İran özünü nüvə proqramını
reallaşdırmaq niyyətində israrlıdır və bunu açıq şəkildə dəfələrlə bəyan edib. Qərb isə bu proqramın təkcə dinc məqsədlərlə məhdudlaşacağına inanmır və müəyyən mənada öz şübhələrində haqlıdır. Eyni zamanda bu da məlumdur ki, İran bir sıra terror qurumları ilə əlaqəli işləyir. Ona görə də Qərb dövlətləri və xüsusən də İsraillə Birləşmiş Ştatlar İranın səmimiyyətinə inanmır. Zənnimcə, Qərbin İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların ardı bundan sonra da davam edəcək və onsuz da çətin vəziyyətdə olan İran iqtisadiyyatı daha da zəifləyəcək”.
Politoloqun fikrincə, “Suriyada gedən proseslərdə yaranmış azacıq səngimə İranı bir qədər ruhlandırıb. Buna görə də Qərbə danışıq jestləri göndərir. Lakin Rusiyanın təşəbbüsü ilə Suriya proseslərində yaranmış nisbi yumşalma da müvəqqəti və ötəri haldır. Çünki Əsəd rejiminin elə bir maliyyə imkanı yoxdur ki, ixtiyarında olan kimyəvi silaharı məhv edə bilsin. Bu vəsaiti ona Rusiya və yaxud İran da verə bilməyəcək. Çünki buna, sadəcə, gücləri çatmayacaq. Məlum maraqlar üzündən Qərb də bu pulları Əsədə verməyəcək. Buna görə də hesab
edirəm ki, yaxın aylarda Suriya ətrafında daha böyük bir gərginlik başlayacaq”.
Tanınmış müstəqil politoloq Zərdüşt Əlizadənin “Unikal”a söylədiyinə görə, “İran Fars körfəsində və ümumən Yaxın Şərq regionunda Qərb və Amerika, o cümlədən israil üçün ciddi problemlər yaradır və bu müqavimətin arxasında həm də Rusiyanın maraqları durur. Buna görə də hesab edirəm ki, Qərbin İranla bağlı nə zamansa qəti addımlar atması qaçılmaz olacaq. Bu da belə baş verir ki, güclü tərəf zəif tərəfə qarşı bir iddia irəli sürür və bu iddia sübut olunmamış hücuma keçməyə başlayır. Və mən əminəm ki, Qərb bu üsulla, bu münvalla Suriyadan sonar İranı da hədəfə gətirəcək. Onlar Suriya proseslərində əvvəlcə kənarda durub gözləyirdilər ki, radikal müxalifət, dini ekstremist qüvvələr Əsədin sonuna çıxacaq. Amma Əsəd qüvvələri güclü oldu, müxalifət ona qalib gələ bilmədi. İndi Qərb özü hərəkətə keçmək istəyir. BMT Təhlükəsizlik Şurasının iki üzvü - Çin və Rusiya Suriyaya hərbi müdaxiləyə qarşı çıxsalar belə, onların mövqeyi heç nəyi həll etməyəcək. Qərb Suriyaya müdaxilə edəndən sonra orada vəziyyət düzəlməyəcək.
Əvvala, müstəqil dövlətə qarşı hərbi əməliyyatın aparılması kobud qanun pozuntusudur. İraq məsələsində bu qanun pozuldu. İndi İraqda vəziyyət düzəldimi? Dünən İraqda iki nəfəri güllələdilər. İndi Suriyaya hücum edib onu İraqın gününə salmaq istəyirlər. Rəsmi Kremlin Suriyanın müdafiəsindən çəkinməsinə gəlincə, Rusiya satqın, xəyanətkar dövlətdir. Rusiya dünya sosializm və dünya kommunizm hərəkatını satdı. Və zamanı gələndə Rusiya İranı da asanlıqla satacaq”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00