"ABŞ Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməyə dəfələrlə cəhdlər etsə də, hamısı uğursuz olub"
11:40 18-10-2013
CƏMİYYƏT
"ABŞ Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməyə dəfələrlə cəhdlər etsə də, hamısı uğursuz olub"
ABŞ Azərbaycandakı Prezident seçkilərindən hakimiyyətə təzyiq üçün istifadə etdi.
Bu zaman əsas məqsəd Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində sərt, barışmaz mövqeyinə təsir etməkdən ibarət idi.
Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ tənzimlənməsinə dair ABŞ-ın konkret plana malik olduğunu ehtimal etməyə əsas vardır: "Son günlərdə Ermənistan ABŞ-ın planına müəyyən dəyişikliklər tələb edir. Əvəzində, Serj Sərkisyan Vilnüs sammitində Avropa İttifaqı ilə assosiativ müqaviləni imzalamağa vəd verib: ABŞ ATƏT/DTİHB-ə Azərbaycandakı seçkiləri "beynəlxalq standartlara uyğun gəlməyən seçki" kimi dəyərləndirmək göstərişini verdi".
M.Əhmədoğlu deyib ki, ATƏT/DTİHB-in yaydığı son rəy heç bir tənqidə dözmür: "Əvvəla, ATƏT/DTİHB Mərkəzi Seçki Komisiyasının şəffaflıqla bağlı təkliflərni rədd etdi: MSK təklif etmişdi ki, hər bir müşahidəçi hazırladığı hesabatı saytda yerləşdirsin. ATƏT/DTİHB qərəzli münasibəti bundan başladı. İkincisi, qısamüddətli müşahidəçilər səsvermə günü vəziyyəti olduğu kimi təsvir edən hesabatlarını monitorinq missiyasının rəhbərinə təqdim ediblər. Ümumi rəy açıqlandıqdan sonra qısamüddətli müşahidəçilərin rəhbərləri ayrıca bəyanatla çıxış edərək, onların belə rəy vermədiklərini bildirdi".
Politoloqun fikrincə, üçüncüsü, ATƏT/DTİHB mitinqlərin keçirilməsi praktikasındakı siyasi məzmunlu yeniliyi və Azərbaycan seçkilərinin texniki təşkilində müsbət anlamda orijinallıqları nəzərə almadı. Bütün seçki təbliğatı zamanı mitinqlər yalnız məlumat verməklə keçirilib. Mitinqlərin keçirilməsinə Bakı Şəhər İcra hakimiyyətinin icazəsi tələb olunmurdu:
"Dördüncüsü, arqumentlər hədsiz qeyri-ciddidir. Məsələn, mitinqlərin keçirilməsi üçün 152 ərazinin ayrılmasını ATƏT/DTİHB mitinq azadlığını məhdudlaşdıran faktor kimi qiymətləndirdi. Gün ərzində 152 ərazidə ən azı 3 mitinq keçirmək mümkündür. Bütün təbliğat kampaniyası dövründə 10 488 mitinq keçirmək olardı, amma müxalifət cəmi 4 və ya 5 mitinq keçirdi".
M.Əhmədoğlu deyib ki, polislərin ləyaqətli şəkildə qoruduğu, iqlim şəraitinin imkan verdiyi mitinqə toplaşanların sayı barədə müxalifət rəhbərlərinin dediyi rəqəm ən çoxu 10 min nəfər idi.
Politoloq əlavə edib ki, Azərbaycan müxalifəti heç bir proqram təqdim etmədi: "Hətta yaxın iki il ərzində xalqa pul verəcəkləri və ya siyasi islahatlar keçirəcəkləri də bəlli deyildi. Bunun qarşısında İlham Əliyevin gördüyü işlər hətta ən ucqar kəndlərdə də əhalinin gözünün qarşısındadır.
Görünür, ATƏT bərabər şəraiti İlham Əliyevin etdiklərinin bir qisminin müxalifətin ayağına yazmaq hesab edirmiş. ATƏT/DTİHB-nın bəyanatını təhlil etmədən ABŞ Dövlət Departamenti onu dəstəklədi. Bəlli oldu ki, ATƏT/ DTİHB-ın Azərbaycandakı seçkilər haqda arqumentsiz, savadsız bəyanatının müəllifi məhz ABŞ-dır. ABŞ-ın ATƏT DTİHB-i seçkilərdə alət kimi istifadə etməsi ilk hal deyil. Bu ilin fevralında Ermənistandakı prezident seçkilərində ATƏT/DTİHB-in verdiyi rəy saxtakarlığın ən böyük nümunəsidir. ATƏT/DTİHB-ın Ermənistandakı prezident seçkiləri ilə bağlı rəy verməsi təşkilatçılar tərəfindən bir gün gecikdirildi; bununla da ənənə pozuldu. Hətta bu rəyi təqdim etməyə müxalifət imkan vermədi. Ermənistandakı prezident seçkiləri ilə bağlı ATƏT/DTİHB-ın mövqeyi ABŞ-ın bu ölkədəki səfiri C.Heffern, baş naziri T.Sərkisyan və MSK sədri T.Mukuçyanın birgə hazırladığı rəy idi".
Politoloqun fikrincə, Ermənistanda seçkilər ərəfəsində iqtidarla müxalifətin gücü arasında polyar fərq yox idi. Amma monitorinq missiyası bu vəziyyəti qətiyyən nəzərə almadı: "Azərbaycanda müxalifətlə iqtidarın gücü arasındakı fərq təxminən 10 dəfəyə yaxındır. Ermənistandakı seçkilərin ən xarakterik xüsusiyyəti prezidentliyə namizədlərin aclıq aksiyaları idi. Namizədlərdən biri təbliğat kampaniyasının əvvəlindən sonuna kimi aclıq aksiyası keçirdi. Başqa bir namizəd o birisini güllələtdirdi.
Rusiyadakı seçkilərdə ABŞ-ən çox inandığı Q.Melkonyants adlı ermənini Ermənistana dəvət etdilər. Q.Melkonyants sübut etdi ki, seçkini müxalifətin liderı, ABŞ vətəndaşı olmuş R.Ovannisyan udub; S.Sərkisyan uduzub. ABŞ Q.Melkonyantsın Ermənistandakı seçkilərlə bağlı dediklərinə inanmadı. ATƏT/DTİHB Ermənistandakı seçkilərlə bağlı yekun rəyi bu günədək hazırlanmayıb. "Aralıq hesabat", "ilkin rəy", "son rəy" və sair adı ilə təqdim edilən hesabatlar bir-birinə zidd tezislərlə doludur".
M.Əhmədoğlu hesab edir ki, ATƏT/DTİHB-i Azərbaycandakı seçkilərlə bağlı saxta rəy verməyə təhrik edən, dövlət büdcəsinin borcunu "yamamağa" siyasi və maliyyə resursu tapa bilməyən ABŞ görünür, Cənubi Qafqaz regionunu çətin duruma salmaqla regiondan uzaqlaşır:
"Dağlıq Qarabağ tənzimlənməsində ABŞ-ın planı var. Bu plan dövlət katibi Con Kerrinin Aİ-nin Vilnüsdə noyabr ayında keçiriləcək sammiti və bir neçə gün sonra ATƏT ministerialında iştirak niyyəti ilə Kiyevə səfəri zamanı açıqlana bilər. ABŞ-ın tənzimləmə planına görə, Azərbaycan silahlanmaya pul sərf etmir: bu məqsəd üçün ayrılan pul region xalqlarının, o cümlədən erməni xalqının rifahının yaxşılaşmasına xərclənir. Əvəzində Ermənistan Dağlıq Qarabağ münaqişəsinin real-praktiki tənzimlənməsinə başlayır, öz qoşunlarını işğal edilmiş Dağlıq Qarabağdan və yeddi rayondan çıxarmağa başlayır, bu ərazilər Azərbaycana qaytarılır".
Politoloqun sözlərinə görə, bu plan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin may ayında Vaşinqtona səfərləri zamanı ABŞ dövlət katibi C.Kerri ilə keçirdikləri ayrı-ayrı görüşlərdən sonra hazırlandı: "C.Kerri əvvəlcə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyandan Ermənistanın Azərbaycana qarşı ən birinci iradının nə olduğunu soruşdu. O, Azərbaycanın sürətlə silahlanmasının Ermənistan üçün ən böyük təhlükə olduğunu bildirdi.
Az sonra C.Kerri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü. C.Kerri Azərbaycanın sürətlə silahlanmasının dayandırılmasını Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsinə razılıq vermək üçün əsas şərti adlandırdı. E.Məmmədyarov Azərbaycanın sürətlə silahlanmasının əsas məqsədinin erməni işğalı altındakı torpaqlarını azad edilməsi olduğunu bildirdi. O, ermənilər işğal etdiyi torpaqlardan çıxarsa, Azərbaycan silahlanmaya ayırdığı pulu region xalqlarının inkişafına yönəldəcəyini bildirdi. Xarici işlər nazirləri C.Kerrini öz ölkələrinə dəvət etdilər".
M.Əhmədoğlu qeyd edib ki, Ermənistan prezidenti Serj Sərkisyan AŞPA-da çıxış edərkən verdiyi bəyanatlar onun Dağlıq Qarabağ tənzimləməsi üzrə Amerika planının birinci hissəsini qəbul etdiyini göstərir:
"Başqa sözlə, o, açıq mətnlə bildirdi ki, Azərbaycanın silahlanmaya ayırdığı pul region xalqlarının, həm də erməni xalqının rifahının yaxşılaşmasına sərf oluna bilər. S.Sərkisyan AŞPA-da və ya digər məkanda Dağlıq Qarabağ tənzimləməsi üzrə Amerika planının ikinci hissəsindən-ermənilərin Dağlıq Qarabağı və yeddi rayonu Azərbaycana qaytarmasından heç bir söz demədi. Əksinə, Strasburqdan Yerevana qayıdan kimi özünün şəxsi iştirakı ilə yüksək çinli məmurların "vətənin müdafiəsi" mövzusunda hərbi təliminə start verdi. S.Sərkisyan Strasburqda bildirdi ki, Ermənistan Vilnüsdə assosiativ müqaviləni imzalamağa yenidən hazırlaşır.
Görünür, S.Sərkisyan Aİ-yə inteqrasiya məsələsi ilə ABŞ-ı şirnikləşdirir ki, rəsmi Vaşinqton Azərbaycanı Ermənistana pul xərcləməyə təhrik etsin; Ermənistan qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmadan yalnız Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna razılıq versin. ABŞ Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməyə dəfələrlə cəhdlər edib; hamısı uğursuz alınıb. ABŞ-ın Azərbaycana indiki təzyiqləri isə onun Cənubi Qafqazdakı maraq dairəsinin məhdudlaşmasına gətirib çıxara bilər".
Fuad
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33