“Karvan” Ticarət Mərkəzi əl dəyişdirə bilər
11:27 22-10-2013
İQTİSADİYYAT
“Karvan” Ticarət Mərkəzi əl dəyişdirə bilər
Yanan ticarət mərkəzinin sahibkarları ayağa qalxdı, Ağarza Əhədov eyhamlı danışdı
Oktyabrın 19-da yanan “Karvan” ticarət mərkəzinin işçiləri hazırda aksiya keçirir. Dünən səhər saatlarında yüzlərlə sahibkar Sumqayıt şəhər İcra hakimiyyətinin qarşısına toplaşıb.
Sahibkarların qarşısına çıxan “Karvan” Ticarət Mərkəzinin İsməli adlı işçisi onları sakitləşdirərək onlara ticarət mərkəzinə gəlməyə çağırıb. Sahibkarlara söz verilib ki, oktyabrın 22-si saat 15:00-dək zərərçəkənlərin problemləri aradan qaldırılacaq. Belə ki, bu gün “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov sahibkarlarla görüşəcək.
Qeyd edək ki, “Karvan”da baş verən güclü yanğın nəticəsində ticarət mərkəzində çalışan sahibkarlara külli miqdarda ziyan dəyib.
Bu arada bəzi iddialara görə, Sumqayıtın ən böyük ticarət mərkəzi əl dəyişdirə bilər. Onun hazırki sahibindən alınması və başqa bir şəxsin nəzarətinə verilməsi mümkün sayılır.
Qeyd edək ki, son bir ildə Ağamirzə Əhədova məxsus ticarət mərkəzi ətrafında maraqlı proseslər cərəyan edib. “Unikal”ın araşdırmaları nəticəsində məlum olub ki, hələ ötən ilin sentyabrında Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti Sumqayıtdakı “Karvan“ Ticarət Mərkəzində kütləvi qanun pozuntuları aşkar edib.
Belə ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ünvanında yerləşən “Karvan İK“ MMC-yə məxsus “Karvan“ TM-dəki satış sahələri fərdi sahibkarlıqla məşğul olan vətəndaşlara icarəyə verilir. Aparılmış müşahidələr zamanı məlum olub ki, həmin icarədarlar əhaliyə qiymətli metallar və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatlarının satışını həyata keçirirlər. Bu fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduğunu nəzərə alaraq adıçəkilən Dövlət Xidməti tərəfindən ticarət mərkəzinin rəhbərliyinə xüsusi razılıq (lisenziya) olmayan fərdi sahibkarlarla icarə müqaviləsi bağlamamağa və onlara satış yerləri ayırmamağa dair xəbərdarlıq məktubları göndərilib. “Karvan“ın rəhbərliyi isə bu xəbərdarlıqlara məhəl qoymayıb və ayrı-ayrı fərdi sahibkarların qanunsuz fəaliyyətinə şərait yaradıb.
Yol verilmiş pozuntularla əlaqədar xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən fərdi sahibkarlar barədə vergi orqanlarına müraciətlər edilib. Aparılmış yoxlama zamanı “Karvan“da fəaliyyət göstərən 29 fərdi sahibkardan 5-nin xüsusi razılıq (lisenziya) aldıqları məlum olub. Yerdə qalan 24 nəfər isə qanunsuz fəaliyyət göstəriblər. Qanunsuz fəaliyyət göstərən obyektlərdə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 4076 ədəd zərgərlik məmulatı aşkar edilib. Yol verilmiş nöqsanlar ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanun pozuntusu aşkar edilmiş sahibkarlara inzibati xəta protokolları tərtib edilib. Həmin protokollar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib.
Amma sonradan bu məsələ hansısa səbəblərdən “unudulub”. Daha doğrusu, aşkarlanan qanunsuzluqlarla bağlı hansı “müvafiq tədbirlərin görüldüyü” qaranlıq qalıb.
Bu da onu deməyə əsas verir ki, “Karvan” xeyli əvvəldən bir çox aspektlərinə görə hədəf və maraq dairəsində imiş. İndi isə ticarət mərkəzindəki dəhşətli yanğın bir çox fərqli iddiaların ortaya çıxmasına rəvac verib. Yanğınla bağlı şübhələri isə Ağarza Əhədovun dünənki bir açıqlaması təsdiqləyir. O, xatırladıb ki, hələ ötən ay internet resurslarında “Karvan”ın yanıb külə döndüyü barədə məlumat yayılıb.
Görünür, bu xatırlatması ilə ticarət mərkəzinin sahibi olayda başqa izlərin, maraqların olduğuna, yaxud ola biləcəyinə işarə edir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20