“Qaçqınkom” sədrinin müəmmalı susqunluğu
11:29 22-10-2013
CƏMİYYƏT
“Qaçqınkom” sədrinin müəmmalı susqunluğu
Əli Həsənov siyasi bəyanatlarını niyə dayandırıb?
Yay aylarında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri, baş nazirin müavini Əli Həsənov siyasi bəyanatlarla yenidən, həm də tez-tez gündəmə gəlirdi. Xüsusilə Həsənovun müxalifət əleyhinə kəskin ittihamları diqqət çəkirdi.
Gəlin Əli müəllimin həmin çıxışlarından bəzilərinə yenidən göz ataq. Siyasi bəyanatlarından birində "Qaçqınkom" sədri bildirmişdi ki, Azərbaycanda güclü iqtidar qarşısında zəif müxalifətin olması təəssüf doğurur. O, seçkiqabağı vəziyyəti dəyərləndirərək, müxalifətin fəaliyyətini tənqid etmişdi.
Bundan bir qədər əvvəl isə 2005-ci ildə bəzi qüvvələrin Azərbaycanda sabitliyi pozmaq, rəngli inqilab etmək təşəbbüslərindən danışmış, iqtidarda bəzilərinin buna dəstək verməyə cəhd göstərdiyi üçün layiqli cəza aldıqlarını bildirmiş, oxşar situasiyada da yenə istəklərinə çatmayacaqlarına və cəzalandırılacaqlarına işarə vurmuşdu.
Əli Həsənov sonuncu siyasi məzmunlu bəyanatını avqust ayında vermişdi. "Hazırda bütün dünya Azərbaycan iqtidarının qazandığı uğurlardan və müxalifətin isə uğursuzluğundan danışır. Onların yerinə biz utanırıq" deyən "Qaçqınkom"un sədri müxalif qüvvələrin birləşdiyi Milli Şuranın prezidentliyə yeni vahid namizədi Cəmil Həsənli barədə də danışmışdı. O, Cəmil Həsənlini müsbət imici olan tanınmış elm adamı kimi xarakterizə etməklə yanaşı, onun müxalifətin oyununa salındığını da vurğulamışdı. Ə.Həsənov “Milli Şura namizədliyini verməklə Cəmil Həsənli kimi abırlı-həyalı elm adamını pis vəziyyətə salacaq” deyə proqnoz da vermişdi.
Həmin vaxt kənar müşahidəçilər komitə sədrinin bir-birinin ardınca siyasi bəyanatlar verməsi, siyasi mövzularda fəallıq nümayiş etdirməsi hallarına maraqlı münasibət sərgiləmişdilər. Onların fikrincə, bununla Həsənov həm hakimiyyətə hədsiz bağlılığını, sədaqətini göstərir, həm də prezident seçkilərindən sonrakı dövrlə bağlı narahatlığını biruzə vermiş olur. İddia edilirdi ki, digər iri məmurlarla müqayisədə yalnız Əli Həsənovun siyasi fəallıq nümayiş etdirməsi, əsasən də müxalifət üzərinə hücumlara keçməsi hökumət içində nüfuzunu artırmaq, rəqiblərindən önə çıxmaq və indiki mövqelərini qorumaq niyyəti ilə bağlıdır. Hesab olunurdu ki, həm baş nazir müavini, həm də komitə sədri postunda yenidən davam etmək istəyən "Qaçqınkom" şefi bu fəallığının bəhrəsini görmək istəyindədir.
Amma maraqlıdır ki, istər seçki kampaniyası dövründə, istərsə də seçkidən sonra “Qaçqınkom” sədrinin əvvəlki siyasi fəallığı görünmədi. İki-üç ay ərzində bir neçə siyasi bəyanat verərək gündəmə gələn Həsənov sonradan susqunluğa və kölgəyə çəkilməyə üstünlük verdi. Bəzi yanaşmalara görə, mümkündür ki, komitə sədrinin siyasi fəallıq nümayiş etdirməsi hökumətin bəzi çevrələrində xoş qarşılanmayıb, onun bu cür çıxışlarının xüsusilə baş nazirliyə siyasi iddiasının yaranmasına gətirib çıxara biləcəyindən ehtiyat edilib və nəticədə ona öz fəaliyyəti ilə məşğul olmasının məqsədəuyğunluğuna dair mesaj verilib. Nəticədə isə məhz bu səbəbdən də “Qaçqınkom” rəhbərinin siyasi bəyanatlarında pauza yaranıb.
Bəzi müşahidəçilər isə Əli Həsənovun siyasi bəyanatlar verməsini təəccüblə qarşılamağın əleyhinədirlər. Onlar hesab edirlər ki, komitə sədri həm hakim partiyanın sədr müavini kimi siyasi bir vəzifə daşıyır və ona görə də müəyyən məqamlarda siyasi məzmunlu açıqlamalarla, bəyanatlarla çıxış etməsi çox təbiidir.
Bununla razılaşmamaq mümkün deyil. Amma eyni zamanda yenə bu sual aktuallığını qoruyur ki, komitə sədrinin az qala ardıcıl şəkildə davam etdirdiyi siyasi çıxışlarının arası qəfildən niyə kəsilib?!
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49