Parlamentdə Rusiyada yaşayan azərbaycanlılarla bağlı həyacan siqnalı
10:09 23-10-2013
CƏMİYYƏT
Parlamentdə Rusiyada yaşayan
azərbaycanlılarla bağlı həyacan siqnalı
Milli Məclis prezidentə təbrik məktubu göndərdi
"Prezidentin andiçməsinin Milli Məclisdə keçirilməsi böyük hadisədir və bu münasibətilə hamınızı təbrik edirəm". Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov bu günkü iclası açarkən bildirib."Ölkəmizdə böyük hadisə baş verib. 9 oktyabrda prezident seçkiləri keçirildi və xalq öz gələcəyinə səs verdi. Xalq İlham Əliyevi prezident seçdi. Bu münasibətlə sizləri və xalqı təbrik edirəm"-deyə spiker bildirib. Milli Məclis deputtaları prezidentə parlament adından təbrik məktubu göndərmək barədə qərar verib. O. Əsədov bildirib ki, dövlət başçısı Artur Rasizadənin baş nazir təyin edilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib. Təqdimat gündəliyə salınıb və Milli Məclis təsdiq edib. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və A.Rasizadənin əleyhinə 2, lehinə 112 deputat səs verib.Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 118-ci maddəsinə görə, Azərbaycan Respublikasının Baş nazirini Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
Baş nazir vəzifəsinə namizəd təklifini Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisin müzakirəsinə təqdim edir.
"Azərbaycan Rusiyanın müstəmləkəsi
olmağa yaxındır"
"Rusiya miqrantlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Azərbaycan Rusiyanın müstəmləkəsi olmağa yaxındır". Bu sözləri deputat Fazil Mustafa parlamenti bu günkü iclasında çıxışı zamanı bildirb. Deputat qeyd edib ki, son vaxtlar Rusiyada türk xalqarından miqrantlara qarşı təzyiqlər müçahidə olunur."Çünki Rusiya əmək miqrasiyası ilə Azərbaycana təsir etmək imkanına malikdir. Belə halların qarşısını almaq üçün Azərbaycan ən azından yaşayış səviyyəsi aşağı olan insanların işlə təmin olunması sahəsində dövlət proqramı hazırlanmalıdır"-deyə o vurğulayıb. Deputat qeyd edib ki. ölkədə iş yeri olmadığı üçün onlar bir tikə çörək üçün xaricə üz tutur. "Regionlarında iş yeri olmadığı üçün kişilər çayxanalarda siqaret çəkir, domino oynayır, qadınların əıksəriyyəti işləmir"-deyə deputat bildirb.Milli Məclisin sədrinin müavini Ziyafət Əsəgrov deputatın çıxışı ilə razı olmadığını deyib. Vitse-spikerin sözlərinə görə, regionlarda təkcə parklar deyil, emal müəssisələri də açılır.
"Öz biznesləri üçün
Putinlə oturub danışırlar, amma bazar tikmirlər"
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bu günkü iclasda çıxışı zamanı Rusiyada miqrantlara və azərbaycanlılara qarşı göstərilən təzyiqlər məsələsini müzakirə olunmasını təklif edib.D eputat qeyd edib ki, bununla bağlı Milli Məclis müvafiq sənəd qəbul etməlidir.
S. Rüstəmxanlı diaspora təşkilatlarının işini tənqid edib. "Bir müddət öncə "Milyarderlər İttifaqı" bir yerə yığışıb maraqlı bəyanatlar səsləndirirdilər. Öz bizneslərləri ilə bağlı Putinlə oturub danışırlar, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərini ora yığmırlar. Xahiş edirəm, bu məsələ müzakirə edilsin, rusiyada baş verən hadisələrlə bağlı Milli Məclisdə müvafiq sənəd qəbul olunsun"-deyə deputat vurğulayıb.
"Arif Rəhimzadə
Dövlət Dumasına
müraciət etsin"
Milli Məclisin üzvü, deputat Fəzail Ağamalı Orxan Zeynalovun məhkəməsi ilə bağlı Rusiya Dövlət Dumasına müraciət etməyi təklif edib. Bunu deputat çıxışı zamanı bildirib.
"Orxan Zeynalov bəhanə idi. Bu Azərbaycana təzyiq və Gömrük İttifaqına cəlb edilməsi üçün atılan addımlardır"-deyə deputat qeyd edib.
F.Ağamalı bildirib ki, Rusiyada işləyən soydaşlrımıza dəstək verilməlidir. "Arif Rəhimzadənin rəhbərliyi ilə Azərbaycan-Rusiya dostluq qrupu Dövlət Duması ilə əlaqə saxlasın və müvafiq addımlarımızı ataq. Milli Məclisin narazılıqlarını onlara bildirək ki, heç olmasa bu hadisələr daha da radikallaşmasın"-deyə F.Ağamalı vurğulayıb.
"Rusiya bizi viza ilə
qorxudur"
"Orxan Zeynalov hadisəsi ətrafında Rusiyanın bəzi siyasətçilərinin, KİV-lərinin bir milləti hədəfə alan şousu Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, orada yaşayan insanların həyatında mənfi izini qoyur".Bu sözləri Milli Məclisin iclasında deputat Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, parlament dostluq qrupu məsələ ilə bağlı Rusiyalı həmkarlarla görüş keçirməlidir.
"İndi Rusiya da viza rejiminin tətbiqindən danışır. Azərbaycanı bu kimi məsələlərə qorxutmaq, təzyiq göstərmək olmayacaq. Azərbaycan müstəqil dövlətdir. Bu yalnız iki ölkə arasında münasibətlərə mənfi təsir göstərəcək"-deyə Q.Paşayeva vurğulayıb.
"Özlərini imam balası
kimi aparırlar"
"Elə ki, hakimlər gedib çatırlar məhkəməyə, keçirlər qoca qurdların əlinə. Onlara elə dərs keçirlər ki, Məhkəmə-Hüquq Şurasının keçdiyi dərs yaddan çıxır".
Bu sözləri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Məhkəmə-Hüquq Şurası haqqında" qanununda edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bəzi hakimlərin fəaliyyəti qanedici deyil: -"Biz burada onları seçilən zaman görmüşük, özlərini imam balası kimi aparırlar. Elə ki vəzifəyə keçdilər, düşürlər camaatın canına"-deyə deputat kinayə ilə bildirib.
Daha sonra S.Novruzov məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyəti tənqid edib.
"İkinci problem isə məhkəmə qərarlarının icrası məsələsinə aiddir. Bu lap BMT-nin qəbul etdiyi qətnamələrinə oxşaylır. Məhkəmə qərarının icrası sərf eləmədi, deyir "icra edə bilmirəm". Elə ki, "yanından" keçirsən, dərhal icra edilər. Fikrimcə, Məhkəmə-Hüquq Şurası bu məsələyə də diqqət etməlidir. Mən ordakı insanları insaflı olmağa çağırıram. İnsafı birinci yerə qoyun"-deyə deputat çağırış edib.
S.Novruzovun sözlərinə görə, Məhkəmə-Hüquq Şurasının tərkibi genişlənməli və ictimaiyyətdə bu prosesə cəlb olunmalıdır.
"Azərbaycan parlamentinə 1995-ci ildə seçilən şəxslər bizə pensiya problemindən şikayət edilər. Çünki 1995-ci ildən 2000-ci ilə qədər olan deputatlar pensiyalarını ala bilmirlər. Amma 2000-ci ildən bu yana seçilən deputatların hamısı indiki əmək haqqının 80 faizini pensiya kimi ala bilirlər".
Bu fikirləri də deputat Siyavuş Novruzov bildirib.O qeyd edib ki, səbəb "Sosial sığorta haqqında" qanundur: "Prezident seçkiləri zamanı gördük ki, bəziləri gedib sənəd saxtalaşdırıb və daha yüksək pensiya alırlar. Amma uzun illər qanunvericilik yaradıcılığı ilə məşğul olan şəxslər bunu ala bilmirlər. Mən xahiş edirəm ki, bu məsələni Sosial siyasət komitəsinə tapşırasınız ki, məsələni diqqətə alıb çıxış yolu tapsın. Onsuz da onların saylı 30-35 nəfərdir".
Azərbaycanda
3 məhkəmə hakimi
tutduğu vəzifədən
azad olundu
Daha sonra Milli Məclisin iclasında Bakı, Gəncə və Şirvan şəhər Apellyasiya məhkəmələrinin hakimlərinin tutduqları vəzifədən azad olunmaları barədə qərar qəbul olunub.
Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən "Məhkəmələr və hakimlər haqqında" qanunun 97-ci maddəsinə əsasən parlamentə təqdimat göndərilib.
Təqdimata əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlu, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlu və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu tutduqları vəzifələrindən azad edilirlər.
Milli Məclis "Dövlət
rüsumu haqqında"
qanuna dəyişiklik edir
Milli Məclis "Dövlət rüsumu haqında" qanuna dəyişiklik edir.Dəyişikliyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi müvafiq icra hakimiyyəti orqanının pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının ("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə xüsusi hesaba köçürüləcək.Bundan başqa Azərbaycanda qanunsuz dini təyinatlı məhsullara görə cinayət məsuliyyəti sərtləşdirilib.Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinin 167-2 maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb.Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Məcəllənin 167-2 maddəsinə edilən dəyişikliklərə görə, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları, dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yaymaya görə 5 min manatdan 7 min manata qədər cərimə və ya 2 ilə qədər müddətdə azadlıqdan mərhum etmə cəzası tətbiq olunacaq.Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə edərək törətdikdə cərimələr 7 min manatdan 9 min manat və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Layihə səsə qoyularaq qəbul olunub.
"Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" dəyişiklik layihəsi qəbul olunub.
Milli Məclisin iclasında "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" dəyişiklik layihəsi müzakirə olunub.
Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qanunun 9.2-ci maddəsində edilən dəyişikliyə əsasən maddə yenilənib bu redaksiyada veriləcək: "Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilir".
Layihə səsə qoyularaq qəbul olunub.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22