BMT Urmiyanın dadına gəlir
10:11 23-10-2013
CƏMİYYƏT
BMT Urmiyanın dadına gəlir
Ekspertlər Urmiya problemi barədə fərqli fikirdədir
Mais Güləliyev: “Urmiyanın quruması
təkcə İranın daxili problemi deyil”
Telman Zeynalov: “İran qurumaqda olan Urmiya gölünün problemini daxili resurslar hesabına da həll edə bilər”
BMT Urmiya gölünün qurumasının qarşısını almaq üçün İranla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. BMT İnkişaf Proqramının (UNDP) Tehrandakı təmsilçisi Qari Levis bununla bağlı oktyabrın 20-də İranın Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi və Ekologiya İdarəsinin sədri Həsən Abbasnejada məktub ünvanlayıb.
Məktubda qeyd olunub ki, Urmiya gölü yalnız milli miras deyil: “Bu göl bütün dünyaya aiddir. Ona görə də gələcək nəsillər Urmiya gölündəki ekoloji böhranın aradan qaldırılması üçün hansı üsulların həyata keçirilməsi barədə hökm verəcəklər. Urmiya gölünün hazırkı vəziyyətdən yeganə qurtuluşu bu gölün su hövzələrinin ətraflı şəkildə idarə edilməsi üsullarının geniş həyata keçirilməsindən asılıdır”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi, təxminən, 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin “Unikal”a dediyinə görə, “Urmiya gölünün tam şəkildə quruması İranın qərb bölgəsi üçün ciddi fəsadlara yol aça bilər. Buna görə də, məlumatım olduğu qədər, İran hökuməti bu problemin qarşısını almaq üçü ən müxtəlif layhələri ciddi şəkildə nəzərdən keçirdirdi. İranın bir sıra institutları birbaşa bu problemin sürətlə həll edilməsinə istiqamətləndirilmişdi və kifayət qədər də maliyyə vəsaiti ayrılıb. Məsələ burasındadır ki, Urmiyanın quruması təkcə İranın daxili problemi deyil. Bir sıra beynəlxalq təşkilatlar da yaranmış situasiya ilə yaxından maraqlanır və öz köməklərini təklif edirlər".
Partiya sədrinin dediyinə görə, "Bu gölün quruması həm bölgə əhalisi üçün, həm də bu göldə məskunlaşmış bir sra qiymətli quş növlərinin taleyi üçün ciddi fəsadlar yarada bilər. Ona görə də gölün su ilə təchiz edilməsi vacib məsələdir. Azərbaycanda bəzən hay-küy salırlar ki, İranın Arazdan su götürməsi bizim üçün xoşagəlməz problemlər yarada bilər və s. Amma bunlar boş söz-söhbətlərdir. İran tərəfi Azərbaycan hökumətindən xahiş edib ki, sərhəd çaylarının suyundan qarşılıqlı şəkildə istifadə barədə razılaşmaya uyğun olaraq Arazdan nəzərdə tutulmuş paydan bir qədər artıq su götürüb Urmiyaya axıtsın. Unutmayaq ki, Araz çayının suyundan bizim aran bölgələrimizlə bərabər İranın Qaradağ mahalı da istifadə edir. Buna görə də Araz çayı zolağında ekoloji baxımdan problemin yaranmaması həm də İranın maraqlarına daxildir".
Milli Ekologiya Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun "Unikal"a bildirdiyinə görə, "BMT kimi nüfuzlu və imkanlı beynəlxalq qurumun problemlə yaxından maraqlanması təqdirəlayiq haldır. İran qurumaqda olan Urmiya gölünün problemini daxili resurslar hesabına da həll edə bilər. Bunun üçün İranda kifayət qədər yeraltı su ehtiyatları var. SSRİ boyda nəhəng bir dövlət Aral dənizinin qurumasının qarşısını ala bilmədisə, beynəlxalq sanksiyalar nəticəsində olduqca ağır iqtisadi duruma düşmüş İran dövləti bu problemi necə həll edə bilər?"
Ekspertin sözlərinə görə, "Urmiyanın xilas edilməsi bölgəni ciddi ekoloji fəsadlardan qurtara bilər. Görünür, BMT-nin ekspertləri məhz buna görə problemə müdaxilə etmək niyyətlərini irəli sürüblər".
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49