Azərbaycana miqrant axını başlaya bilər?
10:12 23-10-2013
CƏMİYYƏT
Azərbaycana miqrant axını başlaya bilər?
Rusiyada soydaşlarımıza qarşı planlı şəkildə başlayan şantaj və sıxışdırma hərəkatı artıq ölkəmiz üçün ciddi problemlərin yarana biləcəyindən xəbər verir. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Rusiyadan Azərbaycana doğru başlaya biləcək miqrant axınının çox ciddi problem olduğunu bildirib: “Son vaxtlar görünür Avrasiya ittifaqına Azərbaycanın daxil olmaması ilə əlaqədar məsələ həddindən artıq ciddiləşib. Amma yenə də adi bir məsələni şişirdiblər.
Ən ümdə məsələ Azərbaycanın müstəqilliyidir. Vətənə qayıdacaq azərbaycanlı miqrantların sayının 500-600 min, bəlkə də milyona çata bilər. Nə qədər ağır olsa da vətəndaşlarımızı qəbul edib, yerləşdirməliyik. Vətəndaşlarımıza iş verərək, lazım gələrsə, ərzaqla da təmin etməliyik. Ancaq bir daha deyirəm ki, problem ciddi problemdir. Ölkəmizi təzyiqlə Gömrük İttifaqına üzv etmək istəyirlər".
Müstəqil İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun “Unikal”a dediyinə görə, “Güman etmirəm ki, Rusiyada son zamanlar soydaşlarımıza qarşı başlayan təzyiqlər prosesi kütləvi miqrant axınına səbəb olsun. Mənə elə gəlir ki, proses tədricən səngiməyə doğru gedəcək və soydaşlarımız yenə də əvvəlki kimi öz gündəlik işləri ilə məşğul olacaqlar. Hər halda, fikrimcə, indiki məqamda Azərbaycanı miqrant axını təhlükəsi gözləmir”.
Ekspert bunu da bildirdi ki, “Amma şər deməsən, xeyir gəlməz. Azərbaycan bütün variantlara hazır olmalıdır. Bununla belə, hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı güclü miqrant axınını qarşılamağa hazır deyil. Çünki 500-6000 min və yaxud 1 milyon insanın ölkəyə qayıtması ilə bazarlarda güclü təbəddülat başlanacaq. Daşınmaz əmlakın və torpağın qiyməti kəskin şəkildə artacaq. Alıcılar çoxaldığına görə gündəlik tələbat mallarına tələbat çoxalacaq və bu sektorda da qiymətlər yüksələcək. Düşünmürəm ki, miqrant axını ölkədə iqtisadi böhran doğura bilər, amma ölkədə sosial gərginliklərin yaşanması qaçılmaz olacaq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bünyamin Qəmbərlinin “Unikal”a dediyinə görə, “Rusiya Azərbaycana doğru soydaşlarımızdan ibarət miqrant axını törədə biləcək durum yaratsa, bu hadisə ölkəmiz üçün təhlükəli nəticələr doğurmayacaq. Fikrimcə, oradan qayıdacaq soydaşlarımızı yerləşdirmək və kafi şəkildə təmin etmək üçün dövlətimizin imkanları yetərlidir. Ola bilsin ki, müəyyən sosial gərginliklər yaşansın, işsizlik ucbatından narazılıq dalğaları baş qaldırsın. Lakin bu hallar Rusiyanın nəzərdə tutduğu nəticələrə gətirib çıxarda bilməyəcək. Rusiya ehtimal edir ki, miqrant axını Azərbaycan iqtisadiyyatına və ölkənin sosial həyatına ciddi zərbə olacaq. Amma bu hesab yanlışdır. Çünki hər bir Azərbaycan vətəndaşı bu oyunların arxasında Rusiyanın hansı planlarının durduğunu çox gözəl anlayır və bilir ki, ortada olan məsələ Azərbaycan dövlətinin suverenliyidir”.
Nurşən Gündüzlü
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00