Mixail Saakaşvili həbs oluna bilər
10:13 23-10-2013
CƏMİYYƏT
Mixail Saakaşvili həbs oluna bilər
Gürcüstanın baş naziri Bidzina İvanişvili səlahiyyət müddəti başa çatan prezident Mixail Saakaşviliyə qarşı cinayət işinin açıla biləcəyini istisna etmir. “İnterfaks”-ın verdiyi məlumata görə, İvanişvili “İmedi” telekanalının efrində bəyan edib ki, hüquq-mühafizə orqanlarının Saakaşviliyə müəyyən sualları var.
“Saakaşviliyə qarşı hər hansı siyasi təqib olmayacaq. Lakin ona suallar var. Əgər sabiq baş nazir, sabiq müdafiə naziri həbsxanadadırsa, digər sabiq müdafiə naziri Fransada yaxalanıbsa, Tiflisin hazırkı merinə qarşı 3 cinayət işi qaldırılıbsa, təbii ki, prezidentə də suallar olacaq”, - deyə o vurğulayıb.
Bununla belə İvanişvilinin ölkə prezidentinin istintaqa ifadə verməsini istəmədiyini bildirib: “Bir vətəndaş kimi istəmirəm ki, mənim prezidentim sorğu-sual edilsin yaxud da həbsxanaya düşsün. Bu, ölkənin imici üçün heç də yaxşı deyil. Lakin prokurorluq və məhkəmə var, mən onların işinə qarışmıram”.
Tanınmış politoloq Qabil Hüseynlinin “Unikal”a söylədiyinə görə, “Gürcüstanın baş naziri Bidzina İvanişvili Rusiyanın dəstəyi və siyasi texnologiyası sayəsində gürcü cəmiyyətini müvəqqəti aldadaraq səs toplayıb hakimiyyətə gəlib və o andan etibarən də həm ölkədə, həm də bölgədə Rusiyanın maraqlarını gerçəkləşdirməklə məşğuldur. İvanişvili siyasətdən tamamilə uzaq bir adamdır və siyasi proseslər barədə elementar təsəvvürü də yoxdur. Buna görə də həm Güney Qafqaz, həm də Gürcüstan üçün ciddi problemlər yarada biləcək addımlar atır.”
Politoloqun dediyinə görə, “Mixail Saakaşvili Gürcüstanda azad bir cəmiyyət qurub və bu cəmiyyətin banisi odur. O, przident seçildikdən sonra Rusiyanın bölgədəki maraqlarını sıxışdırmağa və Qərb strukturlarına inteqrasiya olunmaq xətti götürdü. Təbii ki, Rusiya Gürcüstan kimi mühüm bir geopolitik məkanı əldən verməmək üçün əlindən gələni etdi və indiki prezident-baş nazir qarşıdurması da bunun nəticəsidir”.
Politoloq bildirir ki, “Bu ayın 27-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Seçkilərdən əvvəl baş nazir İvanişvilinin bu tipli bəyanatla çıxış etməsi sırf siyasi etikaslzlığın, siyasi tərbiyəsizliyin nümunəsidir. Gürcüstanın gələcək siyasi kursu bu seçkilərdən sonra aydın olacaq. Əgər Saakaşvilinin nümayəndəsi qalib gələrsə, qonşu respublikada yenə də qarşıdurma davam edəcək. Yox, İvanişvilinin adamı prezident seçilsə, deməli, Rusiya Gürcüstanı tamamilə ələ keçirdəcək. Hadisələr bu yöndə inkişaf edərsə, Güney Qafqazdakı geopolitik durum tamamilə dəyişə bilər və burada Qərbin nüfuz dairəsi xeyli daralacaq”.
“Borçalı” ictimai birliyinin rəhbəri Zəlimxan Məmmədlinin “Unikal”a bildirdiyinə görə, “Gürcüstanın baş naziri İvanişvili əvvəllər də bir neçə dəfə prezident Saakaşvilinin ünvanına bu tipli ittihamlarla çıxış edib. Onların barışmaz mövqelərinin kökündə bir neçə ciddi səbəb durur. Birinci səbəb, ötən parlament seçkilərində prezident Saakaşvilinin o vaxtki “Gürcü arzusu” seçki blokunun lideri Bidzina İvanişviliyə qarşı ciddi maneələr yaratmasından qaynaqlanır. Görünür, indiki baş nazir həmin epizodları unuda bilmir və tam şəkildə Saakaşvilidən qisas almaq niyyətindədir. İvanişvili hətta bildirib ki, Saakaşvili siyasətdən gedəndən sonra o da siyasəti tərk edəcək. Şəxsi intriqalar göz qabağındadır”.
Məmmədlinin sözlərinə görə, “Lakin bu, məsələnin zahiri tərəfidir. Bu gərginliyin kökündə daha çox müxtəlif geopolitik mövqelərin üz-üzə gəlməsi durur. Saakaşvili Qərbyönlü siyasətçidir, İvanişvili isə daha çox Rusiyanın maraqları üzərində oynayır. Prosesin gedişatı isə ondan xəbər verir ki, Güney Qafqazı ağır sınaqlar gözləyir”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49