Bakıda “İmedis” klinikasının aqibətindən dərs çıxarmayan hansılardır?
10:15 23-10-2013
CƏMİYYƏT
Bakıda “İmedis” klinikasının aqibətindən dərs çıxarmayan hansılardır?
Və ya bir daha qeyri-dövlət tibb müəssisələrinin inanılmaz fırıldaqları haqqında!
Qanunsuz orqan transplantasiyası, qanunsuz abort, səhv diaqnozlar, firma dərmanlarının təyinatı və sair-bütün bu sadalananlar Azərbaycanda fəaliyyət göstərən özəl klinikaların iş prinsipindəndir. Əslində özəl klinikalarda belə halların mövcudluğu əhalinin geniş kütləsinə də məlumdur. Lakin həmin klinikalarda qurulan iş mexanizmi pasiyentlərin bundan qaçmasına imkan vermir. Çünki həmin klinikalarda çalışan həkimlərin əksəriyyəti elə dövlət xəstəxanalarının işçiləridir.
Məsələ orasındadır ki, həkimlər xəstələri dövlət xəstəxanalarında deyil, özəl klinikalarda müayinə və müalicə etməyə üstünlük verirlər. Həm də xəstələrə guya özəl klinikalarda texniki avadanlığın və həkim personalının yüksək səviyyədə olmasına inandıra bilirlər. Üstəlik özəl klinikalar telekanallarda xarici ölkələrdən gətirilmiş son tibbi avadanlıqları və əcnəbi həkimləri yaxşıca reklam etdirə bilirlər. Yeri gəlmişkən qeyd edək ki, artıq telekanalların verilişlərinin 90 faizinin sponsorları özəl klinikalar olduğundan hətta ciddi xəbərlər proqramlarında belə özəl tibb müəssisələri barədə reportajlar verməkdən çəkinmirlər. Nəticədə düşünülmüş şəkildə özəl klinikalara yönəldilmiş pasiyentlər şəfa tapmaq əvəzinə əlavə dərd tapmış olurlar. Daha dəqiq desək, özəl klinikalarda külli miqdarda vəsait xərcləyən xəstələr sağalmaz dərdə düşürlər.
Özəl klinikalarda müayinə və müalicənin kifayət qədər baha olması artıq heç kimə sirr deyil. Burada müasir aparatlarla müayinənin qiyməti 300-500 manat arasında dəyişir. Əməliyyatlar isə 1000 manatdan tutmuş 10 min manata qədər artır. Bunun üzərinə firma dərmanları, klinikada qalmaq, digər tibb personallarını “görmək” kimi əlavə xərcləri də gəlsək real həqiqət bəlli olar. İndi də bir neçə kəlmə özəl klinikalarda baş verən fırıldaqlar barədə eşitdiklərimizi qeyd etmək yerinə düşərdi. Ona görə ki, özəl klinikaların səhv diaqnoz qoymaları barədə məlumatlar az qala gündəlik xəbərlərimizi əhatə etməkdədir. Məlumata görə, belə klinikalarda ən çox cərrahiyyə əməliyyatı və doğuş zamanı fırıldağa əl atılır. Həkimlər xəstənin vəziyyətinin ağır olması barədə onun yaxınlarını asanlıqla inandıraraq xeyli miqdarda pul ödətdirməyə nail olurlar. Xüsusən, doğuş məsələsində belə hallar tez-tez baş verir. Özəl klinikalarda keyserlə doğuş həkimlər üçün “sərfəli” olduğundan əksər hallarda müxtəlif bəhanələr gətirməklə bu üsulu seçirlər. Statistik məlumata görə, son illər özəl klinikalarda doğuşun əksər faizi keyser əməliyyatı ilə həyata keçirilir. Məlumata görə, özəl klinikalarda qeydiyyatda olan pasiyentlərə doğuşdan bir həftə əvvəl xüsusi iynə vurulur ki, nəticədə doğuşun vaxtı süni yolla uzadılır. Bu zaman xəstə məcburiyyət qarşısında qalaraq keyser əməliyyatına razılıq verir. Özəl klinikalarda digər bir problem firma dərmanlarının təyinatı ilə bağlıdır. Hazırda dərman firmalarının bütün özəl klinikalarla işləyən nümayəndələri var ki, onlar həkimlərə müəyyən haqq ödəməklə öz firmalarının dərmanlarının təyinatına nail olurlar.
Həkimlərin xəstələrdən təyin etdikləri dərmanların qablarını tələb etməsi dediklərimizi bir daha sübut edir. Məsələ o həddə çatıb ki, klinikalarda həkimlər xəstəyə bir neçə dəfə firma dərmanlarının təyinatına üstünlük verirlər. Əvvəlcə xəbərdarlıq edirlər ki, bu dərmanlar istifadə edilsin, effekt verməsə əlavə dərmanlar yazılacaq. Yenə də firma dərmanlar yazılır. Belə çıxır ki, həkimlər firma dərmanları yazmaqla həm maddi tələbatlarını ödəyirlər, həm də xəstələr üzərində eksperiment aparırlar.
Özəl klinikaların bir fırıldağı da səhv diaqnozların qoyulması ilə bağlıdır. Bilərəkdən, yaxud savadsızlıqdan belə diaqnozların sayı xeyli artıb. Burada klinikalardakı müasir tibbi avadanlıqlar da müəyyən rol oynamış olur. Belə ki, klinikalar həkimlərin müasir avadanlıqla davranışında maraqlı olmadığından onların əksəriyyəti heç həmin aparatları işlədə də bilmir. Vəziyyət o həddə çatıb ki, özəl klinikalarda çalışan həkimlərin bir çoxu adi ürəyin kardioqramasını, yaxud rentgen nəticələrini oxuya bilmir. Belə halda hansı dəqiq diaqnozdan söhbət gedə bilər?
Bu günlərdə “İmedis” klinikasında həkimlərin vətəndaşları aldadaraq bilərəkdən səhv diaqnoz qoymaları barədə yayılan məlumat dediklərimizi bir daha sübut edir. Bundan başqa özəl klinikalarda qanunsuz orqan tpansplantasiyaları, narkotik mənşəli iynə və dərmanların satışı barədə də məlumatlar dolaşmaqdadır. Məsələ orasındadır ki, Azərbaycanda pasiyentlərin hüquqlarının müdafiəsi haqqında qanun olmadığından vətəndaşlar öz qanunu hüquqlarının bərpa olunmasında çətinlik çəkirlər. Həkimlər isə qanunsuz hərəkətlərinə görə heç bir məsuliyyət daşımırlar.
Onu da deyək ki, yaxın saylarımızda bir çox “məşhur” özəl klinikalarda yaşanan özbaşınalıqlarla bağlı konkret faktlar əsasında bəhs edəcəyik. Bizi izləyin!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49