Oyundan kənarda qalan nazirlər
11:40 24-10-2013
İQTİSADİYYAT
Oyundan kənarda qalan nazirlər
Yaxın aylarda yeni dəyişikliklər olacaq
Nəhayət ki, Nazirlər Kabineti yenidən formalaşdı. Diqqəti ilk çəkən məqam baş nazirin yenidən Artur Rəsizadə olmasıdır. Çünki mövcud komanda da ən mühüm postlardan biri olan baş nazir postu uğrunda uzun müddət savaş getdi. Kifayət qədər oliqarxlaşmış bir neçə nazir baş nazir olmaq üçün əməli fəaliyyətə keçdilər və demək olar ki, bir müddət bu səbəbdən mətbuatda kompromat savaşı başladı. Amma sonradan bunun mənasızlığını görüb fasilə etdilər.
Seçkilərdən sonra isə kimin baş nazir olması haqqında müxtəlif fərziyyələr səsləndirildi. Nəhayət prezident qərarını açıqladı və məlum oldu ki, Artur Rəsizadə postunu qoruya bilib. Maraqlıdır, nədən yenə Artur Rəsizadə? Ekspertlər bunun bir sıra mühüm səbəbləri olması qənaətindədirlər. İlk növbədə ona görə ki, Artur Rəsizadə bu günə qədər hakimiyyət daxilində heç bir qruplaşmaya qoşulmayıb və bütün qrupların qəbul etdiyi fiqurdur. Başqa cür desək nazirlər komandasında balansı qoruyub saxlaya bilir və monopolist oyunlardan uzaqda durur. Artur Rəsizadənin ikinci mühüm keyfiyyətlərindən biri də budur ki, indiyə qədər adı hansısa maxenasiyalarda, korrupsiya olaylarında hallanmayıb. Və bu xarakterli şəxsin postunu qoruması normal haldır. Nəhayət üçüncü mühüm amil odur ki, Artur Rəsizadə İlham Əliyevə kifayət qədər sədaqətlidir və bunu dəfələrlə sübut edib. Yeri gəlmişkən bunu da qeyd edək ki, Artur Rəsizadə kifayət qədər peşəkar iqtisadçıdır və ölkə büdcəsinin formalaşmasında mühüm rol oynayır. Görünür məhz bu keyfiyyətlər nəzərə alındı və o yenidən baş nazir görəvinə gətirildi.Hazırki komanda da gözlənilməz bir dəyişiklik isə Səfər Əbiyevin postundan uzaqlaşdırılması oldu. Hər zaman hakimiyyətə sadiqliyi ilə seçilən generalın postundan getməsinin isə bir sıra ciddi səbəbləri var. İlk növbədə bunu qeyd edək ki, orduda son illər ölüm halları kifayət qədər artmışdı və buda cəmiyyətdə ciddi narazılıqlar yaradırdı. Həmçinin öncələr bu hadisələrə reaksiyalar parakəndə şəkildə olurdusa,son bir ildə bu məsələ kifayət qədər siyasiləşdi və müxalifət bundan yararlanmağa çalışdı. Hətta ilk dəfə idi ki, məhz əsgər ölümünə görə Fəvvarələr bağında icazəsiz ciddi aksiya keçirildi və demək olar ki, güc qüvvələri bunun qarşısını almaqda aciz oldu. Bu isə artıq kifayət qədər ciddi bir olay idi və günahkar kimi Səfər Əbiyev göstərilirdi. Səfər Əbiyevin nazir postundan kənarlaşdırılmasının başqa bir səbəbi isə generallar arasında yaranan gərginlik oldu. Belə ki, Səfər Əbiyevə qarşı Vahid Əliyev, Arzu Rəhimov və Elçin Quliyevin də daxil olduğu general heyəti açıq fəaliyyətə başlamışdılar. Bunun nəticəsi olaraq hərbi çağırış sistemi tamamı ilə Müdafiə Nazirliyindən alındı, ən böyük korpusa isə Səfər Əbiyevin qəbul etmədiyi general Rövşən Əkbərov təyin edildi. Müşahidəçilər bildirir ki, generallar arasındakı savaş son zamanlar kifayət qədər şişmişdi və buda ordu quruculuğuna ciddi təsir edirdi. Səfər Əbiyevin postunu itirməsinin başqa bir səbəbi kimi isə korrupsiya halları göstərilir. Bir neçə gün öncə isə mətbuata informasiya ötürüldü ki, Səfər Əbiyevin ofşor hesablarda on milyonlarla manat pulu var və bu pullar korrupsiya yolu ilə əldə edilib. Bütün bunlar isə sözsüz ki, ümumilikdə hakimiyyətin mövqeyinə mənfi təsir göstərirdi. İkinci maraqlı təyinat əmək və əhalinin sosial müdafiəsi naziri ilə bağlı oldu. Belə ki, Füzuli Ələkbərov postundan kənarlaşdırıldı. Bunun da kifayət qədər ciddi səbəbləri var idi. İlk növbədə ona görə ki, nazir nazirlikdə korrupsiyanın qarşısını ala bilmədi və demək olar ki, ən çox əməkdaşları həbs olunan qurum məhz bu nazirlik idi. Digər tərəfdən İsmayıllıda baş verən olaylar və nazirin icra başçısı olan qardaşının vəzifəsindən kənarlaşdırılmasıda Füzuli Ələkbərovun postundan uzaqlaşmasına təsir etdi. Sonda bunu da qeyd edək ki, müşahidəçilər hesab edir ki, yaxın 6 ay ərzində hazırkı nazirlərin bir qismidə postları ilə vidalaşmalı olacaqlar.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53