Kənd Təsərrüfatı Nazirliyində vəzifə narahatlıqları
11:43 24-10-2013
CƏMİYYƏT
Kənd Təsərrüfatı Nazirliyində vəzifə narahatlıqları
Adı korrupsiyada keçən məmurları narahatlıq bürüyüb
Azərbaycanın kənd təsərrüfatında gözlənilən dəyişiklik baş verdi. Aqrar sektorun inkişafı istiqamətində son illərdə ciddi dönüşün yaşanmaması nazir İsmət Abbasovun postu ilə vidalaşmasına gətirib çıxardı.
Abbasovun yerinə Hesablama Palatasının keçmiş sədri Heydər Əsədovun gətirilməsi isə kifayət qədər gözlənilməz olsa da, maraqlı seçim hesab olunur. Əsədovun bu posta təftişedici bir qurumun başından gətirilməsi bəzi ekspertlərdə ilginc mülahizələrin yaranmasına gətirib çıxarıb. Onlar hesab edirlər ki, yeni kənd təsərrüfatı naziri hələ Hesablama Palatasının sədri olarkən aqrar sektordakı korrupsiya barədə təfsilati ilə bilgilərə sahib olub və bu səbəbdən onun ilk addımları məhz kənd təsərrüfatını xərçəng xəstəliyi kimi sarımış mənimsəmə və yeyinti hallarını tamamilə gün işığına çıxarmaqdan, adı belə hallara qarışan nazirliyin vəzifəliləri ilə haqq-hesabı çürütməkdən ibarət olacaq.
Artıq bu istiqamətdə ilkin xəbərlər gəlməkdədir. Nazirliyə yaxın mənbələrdən sızan bilgilərə görə, Kənd Təsərrüfatı Nazirliyində ciddi islahatların aparılması planlaşdırılır. Buna səbəb kimi isə ölkənin kənd təsərrüfatı sahəsində ciddi problemlərin olması göstərilir.
Azərbaycan kənd təsərrüfatı ölkəsi olmasına, əhalinin əksər hissəsinin bu sahə ilə əlaqəli olmasına baxmayaraq bu sahədəki problemlər ucbatından əksər kənd təsərrüfatı məhsulları xarici ölkələrdən ixrac edilir. Məhz kənd təsərrüfatı sahəsində ciddi nöqsanların mövcudluğu Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasını ləngidir. Kənd təsərrüfatı sahəsindəki nöqsanlar səbəbindən Azərbaycan hələ də xarici ölkələrə ekoloji təmiz və brend məhsulların ixracına nail ola bilməyib. Sadalanan problemlərin aradan qaldırılması məqsədilə yeni nazir Heydər Əsədovun ciddi islahatlar aparmasını zəruru edir. Xüsusən, nazir müavini və şöbə müdirlərinin yerinə Hesablama Palatasından kadrların gətiriləcəyi istisna olunmur.
Digər tərəfdən isə dövlətin aqrar sahəyə yatırımlarının necə xərcləndiyi köklü təftiş ediləcək və üzə çıxarılacaq korrupsiya faktları ilə bağlı ən sərt cəza tədbirlərinə əl atılacaq.
Qeyd edək ki, hələ bu ilin fevralında ölkə başçısının kənd təsərrüfatı sahəsindəki çatışmazlıqları sərt dillə tənqid etməsi və xəbərdarlıqlar səsləndirməsi İsmət Abbasovun nazir görəvindən uzaqlaşdırılacağının ilkin mesajı kimi qiymətləndirilmişdi. Xatırladaq ki, prezident fevral ayında keçirilən müşavirədə kənd təsərrüfatı ilə bağlı məsələlərə xüsusi toxundu və bu zaman fermerlərə qarşı yol verilən bəzi qanunazidd
əməllərlə bağlı çıxış elədi, olduqca kəskin xəbərdarlıqlar etdi.
Həmin müşavirədə dövlət rəhbəri aqrar sektora dövlətin hərtərəfli dəstəyini xüsusi vurğulayıb, daha sonra isə bildirdi: “Hər bir dövlət fermerləri dəstəkləməlidir. Hər bir dövlət subsidiyaları verməlidir. Biz də bunları edirik. Bizim verdiyimiz subsidiyalar, həm də kreditlər çoxşaxəlidir. Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Yəni, bu sahədə biz tam şəffaflığı təmin etməliyik”.
Daha sonra ölkə başçısı dedi: “Yaxın aylarda subsidiyaların verilməsində birinci növbədə əldə edilmiş təcrübə bir daha təhlil edilsin, təkliflər verilsin, müsbət tərəfləri ilə yanaşı, nöqsanlar da aydınlaşdırılsın. Bu işlərdə mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyibdir. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!”
Dövlət başçısının bu sözləri faktiki olaraq İsmət Abbasovun öz vəzifəsinin öhdəsindən gələ bilmədiy demək idi, odur ki, indi onun əvəzlənməsi tam təbiidir. Heydər Əsədovun isə nazir postundakı ilk addımlarının məhz prezidentin də toxunduğu problemlərin aradan qaldırılması və həmin problemlərin baiskarı kimi çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin bir çox vəzifəli şəxsləri barədə lazımi ölçülərin götürülməsi olacağı şübhə doğurmur.
Elə bu səbəbdən də indi adıçəkilən nazirliyin bir çox rəsmilərinin hansı qorxu və həyəcanı keçirdiklərini başa düşmək çətin deyil.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33