Milli Şuranın sıraları seyrəlir
12:19 25-10-2013
CƏMİYYƏT
Milli Şuranın sıraları seyrəlir
Sərdar Cəlaloğlu: "Milli Şurada elə İctimai Palatanı təşkil edən qüvvələr qalacaq"
Fazil Mustafa: "Radikal müxalifət yeniləşməyə meylli olmadığından uğursuzluğa düçar oldu"
Gözlənildiyi kimi, prezident seçkiləri başa çatandan sonra radikal müxalifətin əsas qurumu olan Milli Şura gözləntiləri doğrultmayan bir qurum kimi itkilərə məruz qalmağa başlayıb. Belə ki, eks-spiker Rəsul Quliyev, ALDP lideri Lalə Şövkət, AXCP sədrinin müavini Asəf Quliyev artıq bir neçə müddətdir ki, qurumdan istefa verdiklərini açıqlayıblar.
Gözlənilir ki, sözügedən qurumdan daha bir neçə nəfər uzaqlaşdırılacaq.
Analitiklər prezident serçkilərindən öncə hesab edirdilər ki, Milli Şura radikal müxalifətin son iyirmi ildə yaratmağa müvəffəq ola bildiyi ən böyük birlik formatıdır. Bəs "bu böyük format" niyə iflasa uğramağa başlayıb?
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "Unikal"la bölüşdüyü fikirlərə əsasən, "Milli Şuranın iflasa uğrayacağı əvvəlcədən görünürdü. Mənim müşahidələrimə görə, Azərbaycandakı siyasi partiyalar siyasi birlik barədə primitiv təsəvvürə malikdir. Onlar elə bilirlər ki, elə bir otağa yığışıb birgə müzakirələr aparmaq birlik görüntüsü yaradır və yaxud bir yerdə olmaq birlik deməkdir. Bunlar hələ də anlaya bilməyiblər ki, siyasi ittifaq və birliklər müəyyən prinsiplər və dəyərlər əsasında formalaşır və buna görə də ömrü uzun olur. Belə qurumların qarşıya qoyduğu məqsədə çatmaq asan olur. Milli Şuraya gəlincə isə, bu qurum Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə Milli Şura adlandırılmışdı. Onun seçkilərdən əvvəl Bakıya qayıdıb prezident seçkilərinə qatılması baş tutmayandan sonra "Milli Şura" adı dəyişdirilməliydi. Bunu o vaxt etmədilər və ad mahiyyətə uyğun olmayanda istər-istəməz iflas baş verməlidir ki, hazırda da bunu müşahidə edirik. Buna görə də Milli Şuranın iflasa uğraması labüd idi".
Partiya sədrinin sözlərinə görə, "Milli Şuranı radikal deyilən müxalifətin iki qanadı təşkil edirdi. Birinci qanadın nümayəndələri milli-azadlıq hərəkatından çıxanlar idi və onlarda uzun illərin siyasi uğursuzluğuna görə daha çox qisasçılıq hissi ilə yaşayırdılar. İkinci tip qüvvələr isə sonradan müxalifətə qoşulmuş Rəsul Quliyev, Eldar Namazov və Lalə Şövkət kimi keçmiş iqtidar mənsubları idilər. Lalə xanımın istefasından sonra Rəsul Quliyev istefa verib. Mən istisna etmirəm ki, Milli Şuranı, bundan sonra da tərk edənlərin sayı çoxalacaq. Yəni Milli Şurada elə İctimai Palatanı təşkil edən qüvvələr qalacaq".
Millət vəkili Fazil Mustafanın "Unkal"a söylədiyinə görə, "Onların bu günki siyasi iflasının əsas səbəbi zamanı düzgün oxumamaqdadır. Onlar ölkədə baş verən siyasi proseslərə beynəlxalq müstəvidən yanaşa bilmirlər. Onlar dar çərçivədə düşünüb siyasi proseslərin əyalət miqyasında idarə olunacağına ümid bəsləyirlər. Bu cür təfəkkür tərzi bir müddət lokal siyasi proseslərdə fayda verə bildi. Bir sıra insanlar elə bu dalğanın üzərində siyasətə gələ biliblər. Amma kimlər ki, özlərini təkmilləşdirə bilmədilər, elə o dalğanın içində də qalıb, əslində, boğuldular. Əsas problem budur ki, onlar Azərbaycanı beynəlxalq siyasət müstəvisindən ayıraraq ayrıca bir ada, əlahiddə bir subyekt kimi təsəvvür edirlər. Onlar anlamaq istəmirlər ki, bu seçkinin nəticəsindən öncə ilk növbədə Misirdə, Suriyada gedən proseslərə diqqət yetirmək lazım idi. Bizdən daha çox dövlət ənənəsi olan ölkələrdə prezidenti devirib yerinə ordunu gətirirlər və heç bir dünya dövlətində, demokratiyadan dəm vuran ölkədə səs çıxmır. Əksinə, ordunu dəstəkləyir, hələ ona pul da verirlər. Bu o deməkdir ki, bunlara diqqət yetirib müəyyən etmək lazım idi ki, Azərbaycan kimi gənc dövlətlərdə beynəlxalq siyasi dairələrin nüfuz miqyası xalqın rolundan daha güclü rol oynayır.Məncə, müxalifət bunu nəzərə alıb özünün siyasi kursunu daha da təkmilləşdirməli idi. Cəmiyyəti inandırmaq lazım idi. Cəmiyyəti inandırmaq üçün isə sağlam və effektli bir ideyaya sahib olmaq lazımdır. Bu olmadığına görə də Azərbaycan cəmiyyəti radikal müxalifətə dəstək vermədi. Ən ciddi problemlərdən biri də budur ki, radikal müxalifət də yeniləşməyə meylli deyil. Buna görə əvvəlcədən proqnozlaşdırıldığı kimi də uğursuzluğa düçar oldular. Heç kim özünün ayranına turş demək istəmir, heç kim özünün yanlışını görmək istəmir və hətta yanlışlığında israr eləyir. Belə olan halda isə müxalifət sıralarında yeniləşmə olmayacaq. Bundan sonrakı proseslərdə onların daha ciddi, daha ağır məğlubiyyətləri ortaya çıxacaq və cəmiyyətin dəstəyi azalacaq".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33