Avropa Parlamentindən Qarabağ jesti
12:21 25-10-2013
CƏMİYYƏT
Avropa Parlamentindən Qarabağ jesti
Oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barəsində mövqeyi xatırladılıb və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və 10 iyul 2009-cu il tarixli LAquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.
Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, habelə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu qeyd edilib.
Bəs Azərbaycan bu sənəddən hansı şəkildə faydalana bilər?
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Unkal"a bildirdi ki, "Bu qətnamə Azərbaycan diplomatiyasının ciddi qələbəsidir. Artıq dünyada Qarabağ probleminə münasibətin dəyişilməsi deməkdir. Elə Ermənistanda və Dağlıq Qarabağ ermənilərində də münaqişəyə münasibət sürətlə dəyişir. Dəyişiklik rəsmi Yerevanın mövqeyinin ziddinədir".
Politoloqun sözlərinə görə, Ermənistanda "qoy rədd olsun Qarabağ" fikirləri tez-tez səslənir: "Ermənistanın Gömrük İttifaqına üzvlüyü nəticəsində Qarabağla Ermənistan arasında nəzarət keçid məntəqəsinin qurulması münaqişənin erməni cəmiyyətində müzakirəsini xeyli aktivləşdirdi. Bu müzakirələrin böyük əksəriyyəti neqativ fondadır. Ermənistanda başa düşürlər ki, istər Avropa İttifaqı, istərsə də Gömrük İttifaqı ölkənin sərhədlərinin dəqiqləşməsini tələb edir. Hər iki tərəf təkidlə tələb edir ki, Ermənistan özünü BMT-yə üzvlük ərizəsində göstərdiyi, beynəlxalq aləm tərəfindən qəbul edilmiş sərhəd çərçivəsində əraziyə sığışdırsın. Bu təxminən 29 min km ərazidir. Ermənistan bu ərazidən kənara, o cümlədən Dağlıq Qarabağa və yeddi rayona gözucu da baxmamalıdır. Bu fakt Ermənistanın ictimai-siyasi mühitində ciddi dönüş yaradıb. ABŞ-a bağlı mətbu orqanlar Ermənistanın Dağlıq Qarabağı tərk etməsi ideyasını dövriyyəyə buraxdı".
Tanınmış politoloq Qabil Hüseynlinin "Unikal"a söylədiyinə görə, "Azərbaycan tərəfi problemin həllini BMT-yə transfer etməyə çalışmalıdır. Artıq beynəlxalq güclər arasında da problemlə bağlı fikir təbəddülatları var. Belə ki, sentyabr ayında ABŞ-a səfər edən Rusiya müdafiə naziri Serdyukovla Pentaqon rəhbəri Robert Geyts bu məsələni müzakirə ediblər. Pentaqondan adının açıqlanmasını istəməyən yüksək rütbəli mənbə jurnalistlərə bildirib ki, Serdyukov və Geyts gündəmində İran, Qırğızıstan və digər aktual mövzularla yanaşı, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulması hallarının intensivləşməsi də olub. Danışıqlar barədə açıqlama verən Pentaqon rəsmisi bildirib ki, tərəflər Qafqaza dair "geniş spektrdə məsələləri" müzakirə ediblər. Xəbərə görə, Geyts Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqustunda bağlanmış atəşkəsə riayət edilməsinin zəruriliyi barədə danışıb və Rusiya tərəfini regiondakı silahlı qüvvələri ilə bağlı daha şəffaf olmağa çağırıb".
Politoloq hesab edir ki, "Ümumiyyətlə, son vaxtlar Qərbin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diqqətinin artdığı hiss olunur. BMT-də Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı layihənin geri çəkilməsinin də ABŞ-ın təzyiqləri nəticəsində baş verdiyi bildirilir. Maraqlıdır ki, bu arada Minsk Qrupunun həmsədrləri bölgəyə səfər etdilər, onların ardınca ABŞ dövlət katibinin köməkçisi Tina Kaydenau Bakıya gəldi. Bunun ardından ABŞ-da Rusiya ilə Qarabağa dair müzakirələrin başlaması ortada hansısa ciddi bir planın olmasından xəbər verir".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49