Azərbaycanda yeni hökumət: kim haralıdır?
Azərbaycanda yeni hökumət: kim haralıdır?

Onların arasında doğum yeri göstərilməyənlər də var

Prezident İlham Əliyev hökumətin yeni tərkibi haqqında sərəncam imzaladı. modern.az Nazirlər Kabinetinin yeni heyətində təmsil olunan nazirlərin əslən hansı bölgədən olmaları ilə bağlı kiçik araşdırma aparıb.
Qeyd edək ki, bu araşdırma nazirlər barəsindəki rəsmi məlumatlara əsaslanır.
Baş nazir Artur Rəsizadə əslən Gəncə şəhərindəndi.
Baş nazirin birinci müavini Yaqub Eyyubovun doğum yeri kimi Bakı şəhəri göstərilib.
Baş nazirin müavini Abid Şərifov əslən Şəkidəndir.
Baş nazirin müavini Elçin Əfəndiyev isə əslən Füzuli rayonundandır. Xalq yazıçısı İlyas Əfəndiyevin oğludur.
Baş nazirin müavini Əli Əhmədov Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olub.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.
Baş nazirin müavini İsmət Abasov İrəvanda anadan olub, Qərbi Azərbaycandandır.
Daxili işlər naziri Ramil Usubov əslən Xocalıdandır.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə əslən Qubadandır.
Energetika naziri Natiq Əliyev Bakıda anadan olsa da, atası Ağaəmi Əliyev Naxçıvandandır.
Ədliyyə naziri Fikrət Məmmədov Bakıda anadan olub.
Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov Ağsunun Pirhəsənli kəndində anadan olub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Deputat Fəttah Heydərovun oğludur.
Gənclər və idman naziri Azad Rəhimov da Bakıda anadan olub.
Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda anadan olub.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub.
Kənd təsərrüfatı naziri Heydər Əsədovun da Qərbi Azərbaycandan - indiki Ermənistandandır.
Maliyyə naziri Samir Şərifovun tərcümeyi- halında doğum yeri göstərilməyib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əslən Abşeronun Fatmayi kəndindəndir.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov Bakıda anadan olub.
Müdafiə naziri Zakir Həsənov Astara rayonunda anadan olub. Ancaq bəzi mənbələrdə onun əslən Qərbi Azərbaycandan olduğu da göstərilir.
Müdafiə sənayesi naziri Yavər Camalov Sabirabad rayonunu Çölbeşdəli kəndində anadan olub.
Nəqliyyat naziri Ziya Məmmədov Ucar rayonunda anadan olub.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundandır.
Səhiyyə naziri Oqtay Şirəliyev Bakıda anadan olub.
Təhsil Naziri Mikayıl Cabbarov əslən Gəncədəndir.
Vergilər naziri Fazil M?mm?dov Şamaxıda doğulsa da, əslən şəmkirlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova əslən Qubadlı rayonundandır, Azərbaycanda bir çox mühüm dövlət vəziflərində çalışmış Kamran Hüseynovun qızıdır.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Bakı şəhərində anadan olub.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakı şəhərində anadan olub.
Dövlət Statistika Komitəsini sədri Arif Vəliyev Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Bakı doğumludur.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov əslən Qərbi Azərbaycanın Amasya rayonunu Yeniyol kəndindəndir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov əslən cəlilabadlıdır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı Bakıda anadan olub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov əslən Gürcüstan Respublikasının Marneuli şəhərindəndir.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Qərbi Azərbaycanın Dərələyəz mahalında anadan olub.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyevin rəsmi tərcümeyi-halında doğum yeri göstərilməyib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Naxçıvan şəhərində anadan olub.

İntiqam Valehoğlu