Hüseyn Cavidə çatmaq
12:29 25-10-2013
CƏMİYYƏT
Hüseyn Cavidə çatmaq
Dünən böyük şairin anadan olmasından 131 il ötdü
Oktyabrın 24-ü Türk Dünyasının böyük şairi, bəşər mədəniyyətinin nadir simalarından olan Hüseyn Cavidin anadan olmasından 131 il ötür.
Hüseyn Cavidin idealı – İnsanlıqdır. O, ömrünü, yaradıcılığını, idrakını aşkarlaya bildiyi dərəcədə İnsanlığlı car çəkdi. Cavid haqqında danışmaq, yazmaq azdır, onun insanlıq idealı əsasında yaşamaq gərək. Bu, Cavidin də ömür verdiyi, inandığı Həqiqətin vazkeçilməz tələbidir.
***
Cavidin əsərlərində Göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir – inamlı, inadlı, ilahi… Cavidin aqibəti repressiya xofundan, mifindən üstün idi. O, aqibətini özü yaratdı əslində. Bu, gerçəkliyə sığmamaqdan irəli gəlirdi. İnam Ata (Asif Ata) yazır:
“Dövran qul istəyir, qul olmaz insan,
Yoxuşlu yollarda yorulmaz insan.
Göy yerə tökülər, çaylar tərs axar,
Zəmanə yanılar, yanılmaz insan!”
Cavid insanlıq əqidəsinə sadiq qaldı. Bu, onun zamanın həşirçiliyindən, həqiqətsizliyindən yüksəkdə durmasının sübutu idi.
Zaman yalmançı istəyirdi, Cavid yalmançı olmadı!
Zaman satqın istəyirdi, Cavid satqın olmadı!
Zaman qorxaq istəyirdi, Cavid qorxaq olmadı!
Bu, zamana sığmamaq idi. Bu, zamanı yanıltmaq idi. Cavid ləyaqətiylə zəmanəsinə meydan oxudu, çağına, çağdaşlarına oxşamadı. Hüseyn Cavidə çatmaq budur. Özünün balacalığından keçməli, ulusal ruhumuzda ülvi, gözəl, kutsal olan nə varsa, onu qorumalı, öyməli, yaşatmalı!
***
Cavidin əsərlərinin yaşarılığını yaradan onun ləyaqətli yaşamıdır. Cavidin ömrünü Məna ölçüsündə yazan, öyən gərək, onun ağrılarını canlı, dərindən yaşayan gərək! Yazılanlar azdır.
Belə yaradıcıların obrazı ona görə gərəkdir ki, ulus, bəşər ölməsin, yaşamaq üçün özündə güc tapa bilsin. Ədəbiyyatımız Nəsimi-Füzuli-Cavid ənənəsindən yararlanmalı, özümlüyünü yaratmalı, hər cür özgəliklərdən imtina etməlidir.
***
Hüseyn Cavidlə toplum arasında yerlə göy fərqi vardı. O, yerdəkilərin qurtuluşu üçün döyüşən göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir.
"Şeyx Sənan" faciəsi insanın həqiqətə doğru qarşısıalınmaz, qeyri-adi, bənzərsiz sevgisini, həqiqətə qovuşmaq ehtirasını ifadə edir. Ümumiyyətlə, Cavidin bütün əsərlərində insanın ali həqiqət axtarışı başlıca yer tutur:
"Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur".
Şeyx Sənanı həqiqətə yetmək istəyi yandırıb-yaxır. O, eşqini qarşıda gözləyən fəlakətlərdən xəbərdardır.
Zəhra ruhən Şeyx Sənanın ondan çox yüksəklikdə olduğunu anlayır. Bilir ki, Şeyx Sənanın hüsnünün gözəlliyi, elmi-kamalının ucalığı ruhunun qeyri-adiliyindəndir.
"Şeyx, gəl-gəl!
Sevimli Sənan, gəl-gəl!
Sənə layiq deyil o yer, yüksəl!"
Bu, artıq Sənanın Xumarın örnəyində həqiqətin səsini eşitməsidir. Sənan bu halını kimsəyə anlada bilmir.
"Ər kişidə olur bir söz, bir məram,
Əzm eylədim məhv olsa aləm tamam
Dönməm geri, hər yana yol açıq".
Əslində Şeyx Sənanı Xumarın xəyalı yaşadır. Qarşıda ucalıq, göylük aqibəti var. Müridlərin yalvarışlarına baxmayaraq Şeyx Sənan – "Yüksələn fəqət enməz, hər kim məni istərsə, göyə yüksəlsin"-deyir...
***
Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi.
Şeyx Sənan – göyə ucalmaq rəmzidir əslində. Göyə yüksəlmək – insanın öz daxili-mənəvi dünyasına baş vurmasıdır. Mütləq ədalətə, həqiqətə, ülviyyətə çatmasıdır.
İnam harayı səslənir Sənanların göyündə – ardıcıl, qəti!
Şeyx Sənanların, Xumarların göyləşmək həsrəti var.
Xumar – Sənanın illərlə aradığı, sonda tapdığı idealıdır.
Sənan dəyişməzliyin, bütövlüyün bütün çalarlarını Xumarda tapır və ona dəlicəsinə vurulur.
O, Xumarı səcdəgah saydığı dərəcədə, özü də onun üçün səcdəgah olur.
Sənan Xumarını, yəni həqiqətini tapır, İnama yüksəlir, göyləşir, durulaşır, özümlüyünə qovuşur.
Həqiqətinə doğru yol gedən, əzab içində qovrulan, əzabdan fərəh alan, həqiqətinə yetəndir Sənan!
Ancaq Sənanın və Xumarın yanındakılar naşı inamlara tapınırlar. Onlar Sənanı və Xumarı anlamaqdan çox uzaqdırlar.
Fitnə-fəsadla, həsədlə yoğrulmuşlar inamsızlıq fəlakətinə düçar olublar.
Cavid “Şeyx Sənan”da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə açıb göstərir.
İnamsızlıqdan adamların içərisində qorxu, böhtan ağacı boy atır, şübhə meyvələri yetişir.
Ancaq Sənanların içərisində ədalət, ülviyyət ağacı bitir, fərəh, inam meyvələri yetişir.
Göy qətiyyəti gəlir göy oğlu Sənanın ömrünə – İradə Göyünə yüksəlir.
***
İdrakın göy səviyyəsi var – gerçək idrakdan göy qədər uca, əlçatmaz.
Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır. Xəyyam mənəviyyatı zamana qarşıdır. O, zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir.
Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir yerdəkilərə. Onlara qaranlıqları yaran, idrakın göy səviyyəsi gərəkdir.
Şairin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər. Bu obrazlar insanları Yer ədalətsizliyinə, həqiqətsizliyinə, üviyyətsizliyinə qarşı durmağa çağırırlar.
***
Cavid “Peyğəmbər” əsərində peyğəmbərliyin mahiyyətini dərindən duyub, ifadə edib.
Peyğəmbərin peyğəmbərliyinin ilk illəri peyğəmbər halı kimi təhlil, təqdir olunur. Cavidin Peyğəmbəri amal üçün seçilib, amala sevgisi onu ülviləşdirir, ilahiləşdirir.
Göy hökmü səslənir Cavidin peyğəmbərinin aqibətində. Sonrakı mərhələdə kitabı qılıncla əvəz edən peyğəmbərin halı Cavid qələmində ruhani duyum ustalığıyla açılır.
***
Yer iradəsi qorxusuyla, tərəddüdüylə Göy hökmünə, qətiyyətinə qarşıdır.
Cavidin Səyavuşu ülvi, müqəddəs duyğular yiyəsidir.
Göy hökmü, Göy çağırışı düşür göy İnamlı Səyavuşun aqibətinə.
Səyavuş da göy idrakına yüksəlir, yetir, göy inamına layiq bilinir.
Həsrət göyünə yüksəlir Səyavuş: dərd çəkir, dərdə calanır.
Oxu daşa dəyir göyinamlıların – göy həsrətilə yana-yana qalırlar. Göysüzlər yazırlar göylülərin aqibətini: hərcayilik, insansızlıq törədirlər. “Uçurum”da insan faciəsi bütün çılpaqlığı ilə açılır.
***
Cavidin “İblis”indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır.
Yerdəkilərin İblis adlı səcdəgahı var: yüksələn görünürlər, alçalırlar, çünki göysüzdürlər.
Cavid haray çəkir: İblisləşən Yerdə xurafat göysüzlüyü yaranıb.
Yerdəkilərin yaşamında İblis halı yaranır – zülmət gətirən. İdrak göysüzlüyündən duyğu, iradə yoxluğu yaranır.
Fitnə-fəsad, şərdən yoğrulmuş işlər törəyir Yer idrakından. Xurafat, cəhalət, anlamsız adət-ənənələr mənəviyyat göysüzlüyü yaradır.
Şairin qəhrəmanları zəlilləşmənin yaratdığı qələbəyə inanmır. Mənəviyyat göysüzləri Vicdanın səsini eşitmirlər.
***
Mənəviyyatsızlığın “İblislik” adlı məqamı var.
İblislik – İnsansızlıqdan yaranır.
Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz iradi imkanlarına inanmayanlara qarşı vuruşurlar.
Yadlaşma yağılığından ayrıla bilmirlər mənəviyyat korları, çünki iradəsizdirlər.
***
Cavid “Topal Teymur”unda fatehliyin faciəsini dahiyanə şəkildə açıb göstərir. Şair demək istəyir ki, Teymurlar həqiqət, ədalət, ülviyyət dağını fəth edə bilmirlər; zorla ürəklərə yiyələnmək istəyirlər, ancaq bacarmırlar.
***
İnam Ata “25 söz” izharında bəşərin oxumasını gərəkli saydığı 25 nəfər söz yiyəsi sırasında Hüseyn Cavidin də adını çəkir.
Cavidin İnsan soraqlı əsərləri bəşərin bütün çağlarında var olacaq.
İşıqlı Atalı
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22