Məleykə Abbaszadə ilə bağlı sensasion iddia
22:51 26-10-2013
CƏMİYYƏT
Məleykə Abbaszadə ilə bağlı sensasion iddia
TQDK Təhsil Nazirliyinin tərkibinə verilə bilər
Xəbər verildiyi kimi, prezident İlham Əliyev oktyabrın 22-də Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləsə də, tam tərkib hələ formalaşmayıb. Ölkə başçısı Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat həyata keçirib, aşağıdakı 7 təyinat hələ gerçəkləşməyib:
1. Dövlət Sosial Müdafiə Fondunun sədri - Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunduğundan, icraedici də yoxdur.
2. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri vəzifəsi - Məleykə Abbaszadə icra edir.
3. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsini - Kamran İmanov icra edir.
4. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsini - Bəhram Xəlilov icra edir.
5. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsini - İnam Kərimov icra edir.
6. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsini - Akim Bədəlov icra edir.
7. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini - İsgəndər Çəndirli icra edir.
Bizim diqqətimizi təsdiqlənməyən şəxslər arasında Tələbə Qəbulu üzrə Dövlət (TQDK) Komissiyasının sədr əvəzi Məleykə Abbaszadənin olması çəkdi. Bu mövzuda danışan bəzi ekspertlərin fikrincə, Məleykə Abbaszadə digər məmurlarla müqayisədə üzərinə düşən vəzifəni yerinə yetirməyi bacarır və onun vəzifədən kənarlaşdırılması siyasi iradənin nəticəsi ola bilər. Ekspertlər hesab edirlər ki, son dövrlər TDQK-da kütləvi korrupsiya hallarına rast gəlinmir. Qurum cəmiyyətə açıqdır, istədiyiniz zaman məlumat əldə edə bilirsiniz və İnternet saytları da normal işləyir. Bütün bunları nəzərə alaraq, Məleykə Abbaszadənin vəzifədən uzaqlaşdırlması inandırıcı görünmür.
Başqa bir qrup ekspert isə TQDK-nın kommersiya xatirinə müxtəlif metodiki elmi qaydaları pozduğunu hesab edir. Qurumun hazırladığı testlərlə bağlı narazılıqlar var. Eyni zamanda TQDK sədri Məleykə Abbaszadənin adı daim Təhsil Nazirliyi ilə intriqada olan şəxs kimi hallanır. Bu səbəbdən də onun yenidən öz postuna təyin edilməyəcəyi ehtimalını yüksək qiymətləndirən ekspertlər də az deyil.
Xatırladaq ki, TQDK ilə Təhsil Nazirliyi arasında gərgin münasibətlər olub və Misir Mərdanovun təhsil naziri vəzifəsindən bir neçə ay əvvəl azad olunmasının səbəblərindən biri kimi bu gərginlik göstərilir. Abbaszadə ilə yeni təhsil naziri arasında da münasibətlərin kifayət qədər soyuq olmasının görsənişləri var. Belə ki, bir müddət əvvəl TQDK ilə Təhsil Nazirliyi arasında söz atışmasının şahidi olduq. Bu mənada Məleykə Abbaszadənin Nazirlər Kabinetinin təsdiqlənən tərkibində yer almaması təsadüfi sayılmır.
Dünənsə Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurumla bağlı sensasion məlumat yayılıb. Həmin məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bundan sonra Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərəcəyi gözlənilir.
İddia edilir ki, artıq bu istiqamətdə araşdırmalara da start verilib. Araşdırmaların nəticəsindən asılı olaraq TQDK-nın Təhsil Nazirliyinə verilməsi barədə qərar qəbul olunacaq. Mənbənin bildirdiyinə görə, TQDK-nın sədrinin deyil, məhz Kollegiya tərkibinin təsdiq edilməsi də buna hesablanıb.
Ekspertlərin qənaətinə görə, orta ümumtəhsil məktəblərində tətbiq edilən ümumi buraxılış imtahanlarının sayını artırmaqla ölkədə tələbə qəbulunu həyata keçirmək mümkündür. Bu prosesin daha peşəkar keçirilməsi üçün isə TQDK-nın Təhsil Nazirliyinin tərkibinə verilməsi kifayətdir.
Qeyd edək ki, məlum xəbər kifayət qədər inandırıcı görünür. Ən azı ona görə ki, bəzi mənbələr sabiq təhsil naziri Misir Mərdanovla Məleykə Abbaszadə arasında on ilə yaxın davam edən və kifayət qədər açıq müstəviyə keçmiş ixtilafda əsas səbəb kimi məhz keçmiş təhsil nazirinin TQDK-nı özünə tabe etdirmək, TQDK sədrinin isə əksinə, qiymətləndirmələrlə bağlı müəyyən səlahiyyətlərin Təhsil Nazirliyindən alınaraq özünə verilməsini təmin etmək istədiyini göstərirdi.
İndi belə güman etmək olar ki, artıq bununla bağlı siyasi qərar verilib və TQDK-nın Təhsil Nazirliyinə tabe etdirilməsi qərarlaşdırılıb. Mümkündür ki, Məleykə Abbaszadə də bu barədə duyumlar aldığından yeni təhsil naziri təyinatından sonra da Təhsil Nazirliyinə yönəlik tənqid və iradlarını davam etdirirdi.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00