Moskva tək ruslar üçün deyil
22:52 26-10-2013
CƏMİYYƏT
Moskva tək ruslar üçün deyil
Rusiya kimi bir super dövlət ölkədaxili çaxnaşmalar ərəfəsindədirmi?
Əhalisinin 20%-ə qədəri qeyri-rus olduğu və bu etnik azlıqların əsasən də əyalətlərdə yaşadığı bir ölkədə etnik zəmində baş verən qarşıdurmalar heç də Rusiya üçün xoş gələcək vəd etmir. Dəfələrlə deyilib, amma yenə də təkrar etməyin xeyri var: Rusiyada etniklərin sıxışdırılması bumeranq effekti yaradaraq bu ölkəni parçalaya bilər.
Bunu əsaslandıran faktlar da az deyil. Misal üçün, Rusiya artıq 200 ildir ki, Şimali Qafqazda müharibə aparır. Ərazini inzibati cəhətdən nəzarət altında saxlasa da, oradakı azadlıq ideyalarına qalib gələ bilmir. Dağıstan, çeçen və digər Şimali Qafqaz xalqlarının nümayəndələrindən ibarət döyüşçülər azadlıq uğrunda Rusiya dövlətinə qarşı çıxırlar. Doğrudur, indi bu müharibə geniş hərbi əməliyyatlarla müşayiət olunmasa da, bunun nə vaxtsa geniş fazaya keçəcəyi şübhə doğurmur. Şeyx Şamil hərəkatı, birinci və ikinci çeçen müharibələri buna bariz nümunə ola bilər. Təkcə çeçen müharibələri dövründə öz ərazi bütövlüyünü qorumaq Rusiyaya böyük çətinliklər hesabına başa gəldi. Hazırda münaqişə ocağı sönsə də, közərtilər hələ də qalmaqdadır. Bu gözərtilər hər an böyük alova çevrilib bütün Rusiyanı yandıra bilər.
Belə bir şəraitdə rus millətçilərinin aktivləşərək, “qaralara ölüm!” şüarı ilə metrolarda, bazarlarda və əhalinin sıx toplaşdığı digər yerlərdə etnik azlıqlar və miqrantlara qarşı “əməliyyatlar” keçirməsi nəyə xidmət edir? Həmin hadisələrin Rusiya dövlətini parçalamaq istəyən qüvvələrin “əl işi” olduğu, yəqin ki, heç kimdə şübhə doğurmur. Qol gücünə qalib gəlinməsi mümkün olmayan dövlətləri daxili qarşıdurmalar hesabına məhv etmək faktlarına qoca tarix az şahid olmayıb. Aydın məsələdir ki, Rusiyanı dağıtmaq istəyən qüvvələr etnik azlıq və miqrant kartından geninə-boluna istifadə edir.
Bu yaxınlarda Yeqor Şerbakov adlı rus gənc qətlə yetirildi. Bu qətldən sonra Moskvanın Qərbi Biryulyovo rayonunda millətçilər etiraz aksiyası keçirərək talanlar törətdilər. Bundan sonra azərbaycanlı miqrant Orxan Zeynalov cinayət törətməkdə ittiham olundu. Orxan Zeynalovla bağlı xəbərlərin Rusiya mətbuatında geniş əks-səda doğurması ölkədə miqrantlara qarşı isteriyanın daha da güclənməsinə səbəb oldu.
Ötən həftə Volqoqradda törədilən terror aktı və bu hadisənin qafqazlı müsəlman tərəfindən törədilməsi, sonradan bir neçə dəfə qarşısı alınan terror cəhdləri isə qafqazlılar və müsəlmanlara qarşı nifrətin yaranmasına xidmət etdi. Bu nifrət sosial şəbəkələrdəki müzakirələrdə də açıq-aşkar özünü büruzə edir. Edilən provokasiyaların nə dərəcədə məqsədə çatdığını demək hələ çətindir. Bununla belə, rus xalqının gözündə formalaşmış mehriban, qonaqpərvər və comərd qafqazlı obrazı hazırda öz cizgilərini dəyişərək “terrorçu” obrazına çevrilməkdədir.
Bir sözlə, Rusiya dövlət olaraq mövcud olduğu müddət ərzində ən böyük sınaqlardan birini yaşayır. Rus xalqı ya provokasiyalara uymayaraq bu sınaqlardan alnıaçıq, üzüağ çıxacaq, ya da ki, gec, ya tez qüdrətli Rusiya dövləti tarixin arxivinə qovuşacaq.
Qeyd olunan məsələlərdə biz azərbaycanlılar üçün işin ağrılı tərəfi odur ki, nəhəng dövlətlərin və ittifaqların çəkişməsindən məhz biz ziyan görürük.
Digər xalqların nümayəndələri ilə yanaşı, uzun illərdir Moskvada yaşayan, orada özləri üçün həyat şəraiti quran azərbaycanlılar da əldə etdikləri hər şeyi itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Tarixdə həmişə belə olub. Böyük dövlətlərin mübarizəsi kiçik xalqların ziyan çəkməsinə səbəb olur. Ancaq biz azərbaycanlılar bir xalq olaraq özümüzü təsdiq etmişik. Bizim artıq müstəqil və gündən-günə qüdrətlənən dövlətimiz var. Bu dövlət öz xalqının maraqlarına uyğun xarici siyasət yürüdür. Müstəqillik taxirimizin müddəti az olsa da, bu gün qürur hissi ilə deyə bilirik ki, Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyatına və hərbi qüdrətə malik dövlət məhz bizim dövlətimizdir.
Belə qısa zamanda böyük nailiyyətlər əldə etmiş bir xalqın nümayəndələri Rusiyada baş verən hadisələrdən də üzüağ çıxmağı bacarmalıdır. "Moskva yalnız ruslar üçündür" deyənlərin cavablarını bu şəhərdən çıxaraq deyil, orada qalaraq öz evini, biznesini və əldə etdiyi bütün uğurları qorumaqla verməyi bacarmalıdır. Və bunu bacaracaq da.
İkinci Dünya Müharibəsini biz hələ də Böyük Vətən Müharibəsi kimi anırıq. Babalarımız Moskvanı, Stalinqradı (İndiki Volqoqrad – T.H.) müdafiə edərkən, bunun uğrunda ölümə gedərkən bu şəhərlərin yalnız ruslara məxsus olduğunu düşünməyiblər. O şəhərləri öz vətənləri saydıqları üçün ölümə gediblər. İndi "Miqrantlar rədd olub getsinlər", "Gəlmələrə "Yox" deyək!" tipli şüarları səsləndirən “moskvalıların” “Moskva yalnız ruslar üçündür!” kimi şüarları necə də absurddur.
Çünki həmin “moskvalıların” əksəriyyəti elə gəlmələrdir. Bu adamlar sabiq Sovetlər Birliyində Rusiyanın müxtəlif şəhərlərindən Moskvaya işləməyə yollanan, orada "limitli qeydiyyat"a düşən və bu səbəbdən "limita" adlananlardır. Bu meqapolisdə yaşayan azərbaycanlılar əslən ryazanlı, kostromalı, uqliçli, rjevli, hətta vladivostoklu gəlmələrdən daha çox moskvalıdırlar. Çünki onların babaları həmin şəhərin müdafiəsi üçün canlarını qoyublar. Moskvanı canları bahasına nasist işğalından müdafiə edən kişilərin nəvələri bu şəhəri neonasistlərdən də qorumağı bacaracaqlar. Həmin neonasistlər anlayacaqlar ki, MOSKVA TƏK RUSLAR ÜÇÜN DEYİL!!!
Teymur Hacıyev
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22