“Müxalifətin xalqa deməyə sözü yoxdur”
11:57 29-10-2013
CƏMİYYƏT
“Müxalifətin xalqa deməyə sözü yoxdur”
Deyilmiş sözdür ki, radikal müxalifət özünün əsas enerjisini hakimiyyətə qarşı mübarizəyə deyil, məhz öz həmkarlarını şantaj etməyə, aşağılamağa sərf edir. Prezident seçkilərindən əvvəlki mərhələdə də belə idi, indi də.
Belə ki Açıq Cəmiyyət Partiyasının ABŞ-da mühacirətdə olan lideri, eks-spiker Rəsul Quliyev Milli Şuranın iki gün əvvəl keçirilən mitinqini “topa tutub. R.Quliyev eyni zamanda iqtidarın ünvanına da “daş atıb”.
“Son mitinq bir daha göstərdi ki, xalq müxalifətə inanmır və öz gələcəyini onlara bağlamaq fikrində deyildir. Mitinqdəki çıxışlar göstərdi ki, müxalifət liderləri real siyasətçilər yox, özləri kimi şüar deyənlər hazırlayırlar. Son mitinq bir daha göstərdi ki, Milli Şura deyilən təşkilat zəifləmiş İctimai Palatadan və plyus Cəmil Həsənlidən ibarətdir. Son mitinq bir daha göstərdi ki, müxalifətin xalqa deməyə sözü yoxdur, 2 saatlıq mitinq 55 dəqiqə çəkdi. Bundan əvvəlki mitinq də camaatın dağılıb getməsi qorxusundan 1 saat 15 dəqiqəyə qurtarmışdı. İndi bunu hava şəraiti ilə əlaqələndirəcəklər. Çox şey sadalamaq olar, ancaq bir şey gün kimi aydındır. Milli Şura deyilən qurum ya real müqavimət planı hazırlayıb xalqın müzakirəsinə verməli və camaatı çaşdıran əməllərindən əl çəkməlidir, ya da çəkilib getməlidir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bünyamin Qəmbərlinin “Unikal”a söylədiyinə görə, “Rəsul Quliyevin Azərbaycan müxalifətinin potensialının tükənməsi barədə söylədiyi fikirlər tam şəkildə gerçəkliyi əks etdirir. Amma iş burasındadır ki, həmin sözləri tam şəkildə Rəsul Quliyevin özünə də aid etmək mümkündür. Və eynilə müxalifətin digər liderlərinə də”.
Qəmbərlinin sözlərinə görə, “Əvvəllər də dediyim kimi, müxalifət bu gün ona görə tam şəkildə fəaliyyət göstərə bilmir ki, doğuluşundan şikəst olaraq dünyaya gəlib. Bu müxalifət normal siyasi təfəkkürə və siyasi taktikaya malik deyil. Kor-koranə hərəkət edir və mövsüm müxalifəti təsiri bağışlayır”.
BAXCP sədrinin müavini hesab edir ki, “Radikal müxalifət hakimiyyətlə mübarizə aparmaqdansa daha çox öz həmkarlarına qarşı vuruşur. Bunun da çox sadə bir səbəbi var. El arasında deyildiyi kimi, “Torpaq bərk olanda öküz öküzdən görər”. Bu danılmaz bir faktdır ki, iqtidar həm təşkilati baxımdan, həm də digər resurslar baxımından müxalifətdən dəfələrlə güclüdür. Müxalif qurumlar da bunu bilir. Buna görə də “Mübarizə aparıram” görüntüsü yaratmaq üçün öz müxalif tərəfdaşlarına qarşı çarpışmağa başlamağı üstün tutur. Buna görə də eks-spikerə tam şəkildə haq qazandırmaq olar: bu müxalifət siyasi səhnədən çəkilib öz yerini gənclərə verməlidir. Çünki tam şəkildə tükənmiş bir duruma düşüb”.
Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimlinin “Unikal”a bildirdiyinə görə, “Eks-spiker Rəsul Quliyevin müxaliflərin və yaxud iqtidarın ünvanına söylədiyi ayrı-ayrı fikirlərin, mülahizələrin alt qatına diqqət yetirəndə çox sadə bir həqiqətin şahidi olmamaq mümkün deyil: onun iqtidarın ünvanına söylədiyi fikirlərdə yumşalma və loyallıq hiss olunmağa başlayıb. Zənnimcə, bu da onunla bağlıdır ki, Rəsul Quliyev Azərbaycanda gedən müəyyən prosesləri diqqətlə izləyəndən sonra özünün şəxsi planlarını dəyişdirib. Fakt budur ki, prezident seçkilərindən sonra Prezident İlham Əliyev heç kimin gözləmədiyi bir addım atdı və həbsdə olan keçmiş nazir Fərhad Əliyevi və onun qardaşı Rafiq Əliyevi Qurban Bayramı ərəfəsində əfv edib azadlığa buraxdırdı. Eks-prezident Ayaz Mütəllibovun Azərbaycana qayıdıb ara-sıra siyasi məzmunlu intervülər verməsi və Avropa Məhkəməsinin keçmiş nazir Əli İnsanovun barəsində müsbət qərarı da bu məqamda diqqətdən yayınmamalıdır. Buna görə də hesab edirəm ki, Rəsul Quliyev də bu çalarlardan yararlanıb Azərbaycana qayıtmağı planlaşdırır və bu səbəbdən də iqtidara qarşı kəskin çıxışlara ara verib. Onun radikal müxalifətə qarşı kəskin hücumları yalnız və yalnız bununla bağlıdır”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-25 11:28:02
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01