Gürcüstan öz seçimində israrlıdır: Avropaya doğru!
12:42 30-10-2013
CƏMİYYƏT
Gürcüstan öz seçimində israrlıdır: Avropaya doğru!
Zəlimxan Məmmədli: “Son 10 ildə Gürcüstan böyük bir yol keçdi, demokratiyanın,
xalqın iradəsinin üstün olduğunu göstərdi”
Qabil Hüseynli: “Gürcüstandakı seşkilər yalnız gürcü xalqı üçün deyil, eyni zamanda qonşu xalqlarla münasibətdə müəyyən əngəllər yaranacaq”
Gürcüstanda keçirilən prezident seçkilərində qalib gələn Georgi Marqvelaşvili baş nazir İvanişvili ilə birgə keçirdiyi mətbuat konfransında noyabrın sonunda Vilnyusda keçiriləcək sammitin ölkəsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Çünki bu Gürcüstanın Avropa seçiminin təsdiqi və bu seçimin onun tərəfdaşları tərəfindən tanınması olacaq.
O xatırladıb ki, Vilnyusda Assosiasiya sazişinin və onun tərkib hissəsi olan Aİ ilə Azad ticarət sazişinin paraflanması gözlənilir. Bu hadisə Gürcüstanın Avropa gələcəyinin institusional əsaslarının təməlinin başlanğıcı olacaq.
Gürcüstan prezidenti həmçinin bildirib ki, sazişin imzalanmasına qədər olan bir il müddətdə Gürcüstan uzun yol keçməli olacaq: “Biz Vilnyus sammitinə Avropa seçimimiz, həmçinin ehtiyac və problemlərimizlə gedirik. Arada vaxt itirdiymizə görə Avropa ölkələri ilə ikitərəfli münasibətləri sürətləndirməliyik ki, bir ildən sonra saziş imzalanandan sonra öhdəliklərimizi tez bir zamanda yerinə yetirək. Vilnyusda ikitərəfli münasibətlər formatını təsdiqləmək və dərinləşdirmək üçün yaxşı imkanımız olacaq”.
“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin “Unikal”a bildirdiyinə görə, “Gürcüstan Qafqazda unikal bir modeldir, demokratiya ilə bağlı dünyanın qoyduğu oyun qaydalarına uyğun davranır, yaxud davranmaq istəyir. Və bu baxımdan Cənubi Qafqaz ölkələri içərisində hələ ki, təkdir. Ermənistan və Azərbaycanla sərhəddən baxanda Gürcüstanda qanunun aliliyi, vətəndaşlara qayğı, demokratik islahatlar, məmur özbaşınalığının, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması faktı görünur. Bu bir nümunədir. Təbii ki, çatışmazlıqlar da yox deyil. Amma buna baxmayaraq, son 10 ildə Gürcüstan böyük bir yol keçdi, demokratiyanın, xalqın iradəsinin üstün olduğunu göstərdi. Bütün bunlar dünyada unikal bir şans kimi dəyərləndirildi ki, çoxsaylı basqılara baxmayaraq, Rusiyanın qonşuluğunda demokratik islahatlar aparmaq mümkündür. Bu baxımdan Gürcüstanda demokratiyanın ardıcıl xarakter alması Qafqazda proseslərin daha gözəl, xoş gələcək vəd edən məcraya yönəldilməsini stimullaşdıra bilər”.
Məmmədlinin sözlərinə görə, “Gürcüstanda demokratiya çöksə və ya çökdürsələr, bu, Cənubi Qafqaz ölkələrinin gələcəyini ciddi sual altına ala bilər. Gürcüstanda cəmiyyətin siyasiləşməsini müşahidə edirəm. O cümlədən soydaşlarımız “gələni öymək, gedəni söymək” tendensiyasından uzaqlaşmaqdadırlar. Onlar müxtəlif siyasi partiyalarda təmsil olunurlar. Əlbəttə, ola bilsin təmsilolunma yetərli deyil, ancaq hər halda onlarla hesablaşırlar, siyasi rəqiblərin əksəriyyəti Borçalı türklərinin elektoral gücündən dəstək istəyirlər”.
Onun dediyinə görə, “Artıq tam əminliklə demək mümkündür ki, qonşu ölkədə oturuşmuş siyasi sistem formalaşıb. Yəni hakimiyyətin dəyişməsi Gürcüstanın xarici siyasətinin dəyişməsinə səbəb olmadı və Gürcüstan qəti şəkildə Qərbə inteqrasiya olunmaq niyyətindədir”.
Politoloq Qabil Hüseynlinin “Unikal”a dediyinə görə, "Gürcüstan xalqının seçimi Rusiyanın təsirinin bu bölgədə daha da güclənməsinə və müəyyən gərginlik elementlərinin yaranmasına xidmət edəcək. Gürcüstanda seçkilərin bu şəkildə keçirilməsi, namizədin birinci turda böyük hesabla qalib gəlməsi ciddi şübhə yaradan məsələdir. Çünki bu seçkidə 23 namizəd var idi və namizədlər cəmiyyətdə ciddi tanınan şəxslərdir. Qələbə qazanan Georgi Marqvelaşvili "Gürcü Arzusu" blokunun namizədidir. Parlament seçkilərində də məhz bu blok qələbə qazanmışı və ölkənin parlamentli respublikaya cevriləcəyinə vəd vermişdi. İndi bu vəd doğrulmaq üzrədir."
Politoloq deyib ki, “Bidzina İvanaşvili seçki ərəfəsində verdiyi vədlərin heç birini yerinə yetirməyib. Ölkədə bir çox sahələr tənəzzüllə üzləşib, korrupsiya halları müşahidə edilir. Bəzi strateji qonşularla münasibətlərdə müəyyən neqativ tendensiyalar yaranıb. Onun erməniləri qardaş adlandırması, Bakı-Tbilisi-Qars dəmir yolunu qeyri-səmərəli layihə adlandırması onu göstərir ki, bunlar professional deyillər. Bu adamların içində millətçilik duyğuları ilə hərəkət edənlər də az deyil. Onların Rusiyapərəst olduqları təccüblü görünmür. Şübhəsiz ki, bu proseslər müəyyən mənfi nəticələr doğuracaq. Bir sözlə, Gürcüstandakı seşkilər yalnız gürcü xalqı üçün deyil, eyni zamanda qonşu xalqlarla münasibətdə müəyyən əngəllər yaranacaq. Azərbaycanla münasibətlərdə durğunluq meyilləri yarana bilər".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49