Ləngimələrə görə Eldar Namazov və digər funksionerlər məsuliyyət daşıyır?
12:43 30-10-2013
CƏMİYYƏT
Ləngimələrə görə Eldar Namazov və digər funksionerlər məsuliyyət daşıyır?
Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli deyib ki, “Milli Şura seçki dövrünü təhlil edərək müxtəlif siyasi qüvvələrin prosesin ləngiməsində, vahid namizədin gec müəyyənləşməsində rolunu aydınlaşdırmalıdır”.
S. Məmmədli bildirib ki, seçki prosesində müəyyən subyektiv amillər özünü büruzə verib. O, Müsavat Məclisinin sonuncu yığıncağında Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun ünvanına söylədiyi tənqidi fikirlərə aydınlıq gətirib: “Bu, Milli Şurada vahid namizədin müəyyənləşməsi prosesində ləngimələrlə əlaqədar idi. Fikrimcə, bu ləngimələr kifayət qədər subyektiv amillərə söykənir. Bu məsələdə Eldar Namazov və digər funksionerlər məsuliyyət daşıyır. Kifayət qədər vaxt, imkan olduğu halda, müəyyən qüvvələr seytnot vəziyyəti yaratmışdılar. Bununla bağlı Milli Şuranın ümumi xəttini tənqid etmişəm”. Azərbaycan Liberal Demokrat Partiyasının sədri Əvəz Temirxanın “Unikal”a dediyinə görə, “Müsavatın funksionerinin məsələyə yanaşma tərzi yanlışdır və mən belə hesab etmirəm. Mən hələ bir neçə ay öncə bildirmişdim ki, “Milli Şura daxilində müəyyən destruktiv qüvvələr var. Həmin qüvvələr Milli Şuranın ümumi işinə mane olur. Bu, onların xislətindən irəli gəlir, başqa cür davrana bilmirlər. Milli Şuradakı bəzi qüvvələrlə bağlı müəyyən narazılıq olsa da, bunun nədən ibarət olduğunu açıqlamamışdım və indi də bu mövzuya qayıtmaq istəmirəm”.
Partiya sədri qeyd edib ki, “Milli Şuranın 24 oktyabr sessiyasında mən bütün partiyanın adından danışırdım. Şurada təmsil olunan üzvlərimizlə istefa məsələsini müzakirə etmişik, istefa qərarından narazı olan yoxdur. Milli Şuranın tərkibindən çıxmağın ən qəti əleyhdarı mən idim. Üzvlər arasında əvvəlcədən müzakirələr olmuşdu. Bir çox üzvümüz iclasa getməyin belə əleyhinə idi. Amma mən əlimdən gələni etdim ki, Milli Şurada qalaq. Qurumun gücləndirilməsi üçün təkliflər təqdim etmək niyyətində idim. Müəyyən marginal qrup istəyir ki, başqalarının imkanlarından müxalifət üçün, xalq üçün yox, özü üçün istifadə etsin. Bu dominantlığı artıq cəmiyyət qəbul etmir”.
Partiya sədri deyir ki, “Biz Milli Şuranın əleyhinə danışmaq istəmirik. Amma haqqımızda artıq-əskik fikirlər yayıldıqca öz düşüncələrimizi cəmiyyətə açıqlamalıyıq. Müxalifətin birliyi üçün ən çox çalışan Lalə Şövkət və ALP olub. Səmimi birlik üçün çalışmışıq. İndiki addımımız səmimiyyətin olmamasına, düşmənçiliyə etirazdır. Bütün hallarda Milli Şuraya uğurlar arzulayırıq”.
Böyük Qurluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın “Unikal”a dediyinə görə, “Əvvəllər də qeyd etdiyim kimi, Milli Şurada təmsil olunmuş qüvvələr siyasi prosesləri dərindən anlaya bilmirlər və nəticədə başlayırlar bir-birlərini şantaj etməyə. Onlar dar çərçivədə düşünüb siyasi proseslərin əyalət miqyasında idarə olunacağına ümid bəsləyirlər. Siyasi proseslərə bu cür yanaşma tərzi bölgəsəl siyasi oyunlarda effektli ola bilər. Bir sıra insanlar elə bu dalğanın üzərində siyasətə gələ biliblər. Amma kimlər ki, özlərini təkmilləşdirə bilmədilər, elə o dalğanın içində də qalıb, əslində, boğuldular. Əsas problem budur ki, onlar Azərbaycanı beynəlxalq siyasət müstəvisindən ayıraraq ayrıca bir ada, əlahiddə bir subyekt kimi təsəvvür edirlər. Buna diqqət yetirib müəyyən etmək lazım idi ki, Azərbaycan kimi gənc dövlətlərdə beynəlxalq siyasi dairələrin nüfuz miqyası xalqın rolundan daha güclü rol oynayır. Müxalifət bunu nəzərə alıb özünün siyasi kursunu daha da təkmilləşdirməli idi. Cəmiyyəti inandırmaq lazım idi. Cəmiyyəti inandırmaq üçün isə sağlam və effektli bir ideyaya sahib olmaq lazımdır”.
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00