Ordu quruculuğunda yeni mərhələ
10:16 31-10-2013
CƏMİYYƏT
“Kabinet generalları” yola salındı
Yeni təyin olunmuş müdafiə naziri Zakir Həsənov kadr islahatlarını davam etdirməkdədir. Demək olar ki, “kabinet generalları” çağrılan əksər generallar nazirlikdə tutduqları postları itirdilər. Bu günə qədər bir neçə nazir dəyişsə də, kadr islahatlarına ciddi yanaşan nazir məhz Zakir Həsənov oldu. Zakir Həsənovun belə bir addım atması isə birmənalı şəkildə müsbət dəyərləndirilir.
Nəyə görə? İlk növbədə o səbəbdən ki, Səfər Əbiyev illər idi ki, bu posta sahiblənmişdi və ordu quruculuğunda bir ətalət yaranmışdı. Demək olar ki, yeni təşəbbüslər ortaya çıxmır, ordunun formalaşması üçün isə hər hansı önəmli addım atılmırdı. Ordu ilə bağlı sadəcə olaraq ya əsgər ölümü baş verəndə nə isə xəbər yayılardı, ya da hansısa yeni silah növü alınanda. Bu isə, sözsüz ki, ordu quruculuğuna ağır zərbə idi və Zakir Həsənovun nazir postuna gətirilməsi, onun isə öz növbəsində heyəti yeniləməsi sübut edir ki, güclü ordunun qurulması üçün yeni hədəflər müəyyənləşdirilib.
Zakir Həsənovun həyata keçirtdiyi kadr islahatlarında diqqəti cəlb edən başqa bir məqam isə bu oldu ki, yeni nazir nazirlikdə, ordu sistemində qruplaşmanı sıradan çıxarır. Belə ki, Səfər Əbiyev zamanında ordu quruculuğuna ən ağır zərbə generalların qruplaşma yaratması və bir-biri ilə savaşmaları idi. Zakir Həsənov isə bu qruplaşmaları bir dəfəlik sıradan çıxartmaqla əsas diqqəti ordunun formalaşmasına istiqamətləndirdi.
Bunu da qeyd edək ki, Zakr Həsənov yeni nazir təyin olunan anlarda orduda təxribat hallarının olacağıda proqnozlaşdırılırdı. Çünki keçmişi qaranlıq olan və yüksək post tutan elə generallar var idi ki, Zakir Həsənovu fakt qarşısında qoymağa cəhd edəcəkdilər. Amma Zakir Həsənovun qətiyyətli gedişləri bu təxribatlartı tamamilə sıradan çıxartdı.Bunlarla yanaşı, Zakir Həsənovun yeni təyinatlarına diqqət ayıranda aydın olur ki, artıq silahlı qüvvələr bir ətalət içində, atəşkəs ordusu halında yox, hücum qabiliyyətli silahlı orduya çevriləcək. Çünki təyinatlardan aydın olur ki, general Zakir Həsənov daha çox kabinet zabitlərinə yox, praktik zabitlərə və generallara üstünlük verir.
Bu təyinatlardan sonra apardığımız müşahidələr başqa ciddi bir məqamı da ortaya çıxartdı. Belə ki, bu təyinat və Zakir Həsənovun apardığı kadr dəyişiklikləri ordunun inamını və ruhunu özünü qaytarmağa yönəlib.
Avropada hərbi ekspertlərin apardığı sosioloji araşdırmalar zamanı məlum olmuşdu ki, Qərbdə ən güclü ordu Türkiyə ordusu hesab edilir. Halbuki Fransa, Böyük Britaniya kimi dövlətlərin ordularının silah təhcizatı daha güclü hesab edilir. Amma sosioloqlar müəyyənləşdirmişdi ki, bu ordular arasında Türkiyə ordusu özünə inamlıdır və döyüş ruhunu daha güclü qoruyub saxlaya bilib. Bu isə o deməkdir ki, ordunun ən başlıca silahı inamdır. Etiraf edək ki, Səfər Əbiyev dönəmində ordu bir ruhsuzluq inamsızlıq içində idi və əsgər ölümlərinin sayının artması və bəzi qüvvələr tərəfindən bunun ajiotaja çevrilməsi ordunu tam inamsızlıq mənbəyinə çevirmişdi. Bu gün isə ordu sanki bu buzları sındırır və yəqin ki, yaxın zamanlarda bunun şahidi olacağıq. Bunu da xatırladaq ki, Zakir Həsənov öncələr Daxili Qoşunların komandanı idi və bu birləşmə Azərbaycanda ən intizamlı və peşəkar birləşmə kimi qəbul edilirdi.
Bunu da nəzərə alan ekspertlər düşünür ki, eyni ab-havanı Zakir Həsənov orduda da yaradacaq. Bundan başqa, müdafiə xərcləri üçün hər il dövlət büdcəsindən 3,7 milyard manat pul ayrılırdı. Amma reallıq bu idi ki, ordu quruculuğunda bu məbləğ tamlıqla hiss olunmurdu və əksəriyyət hesab edirdi ki, orduda korrupsiya halları çox yayılıb. Məhz bu səbəbdən nazir dəyişikliyinin də edilməsi uğurlu oldu.
Həmçinin bunu da unutmayaq ki, Zakir Həsənov öncələr Daxili Qoşunların komandanı olsa da, bir dəfə də olsa adı korrupsiya qalmaqallarında hallanmamışdı. Müşahidəçilər bildirir ki, Zakir Həsənovun təyintlarında başlıca məsələlərdən biri də məhz ordunun korrupsiyadan təmizlənməsi durur. Yeni təyinatın yaratdığı ümidlərdən biri də Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılmasıdır. Zakir Həsənov Türkiyə generaliteti ilə xoş münasibətdə olan generaldır və Daxili Qoşunların formalaşması zamanı daha çox Türkiyə təcrübəsinə müraciət edirdi. Ekspertlər buna görə hesab edir ki, Zakir Həsənov bu ənənəni orduda da davam etdirəcək.
Beləliklə , çıxarılan nəticə budur ki, Zakir Həsənovun nazir təyinatı, ordu quruculuğunda ən mühüm və yadda qalan mərhələ olacaq.
Şöhrət El-dəniz
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49