"Milli Şura" daxilində çaxnaşma düşdü: "O, indi hansı üzlə danışır?"
"Milli Şura" daxilində çaxnaşma düşdü: "O, indi hansı üzlə danışır?"

Qondarma qurumda baş verən "iç savaş"ın üstü açılır, açıq ittihamlar səsləndirilir

Seçki şokundan hələ ayılmayan dağıdıcı müxalifət oktyabrın 27-də daha bir ağır zərbə aldı. Virtual formatda mövcud olan "Milli Şura"nın təşkil etdiyi icazəli mitinqə AXCP və Müsavat Partiyasının 1000-ə yaxın üzvü qatıldı. "Milli Şura"nın keçmş prezidentliyə namizədi Cəmil Həsənliyə tam aydın oldu ki, Əli Kərimli ilə İsa Qəmbərin yalan vədlərinə cəmi 1000 nəfər inanar-inanmaz.
Bu mitinqdən sonra bəlkə də Cəmil Həsənli dağıdıcı müxalifətin prezidentliyə namizədi olmağına görə peşimançılıq hissi keçirir, amma məcburiyyət qarşısında geri çəkilə bilmir. Bu yola nədən düşdüyünü indi anlayıb çıxış yolu kimi tez-tez ölkəni bir neçə günlüyə tərk etməklə özünə təsəlli axtarır. Kim bilir, bəlkə də bir gün o da bəzi müxalifətçilər kimi etirafda bulunacaq. Ancaq fakt budur ki, dağıdıcı müxalifətin "Milli Şura"sı tam iflasa uğrayıb. Sadəcə, Əli Kərimli ilə İsa Qəmbər xarici havadarlarından aldıqları tapşırıqları sonadək yerinə yetirməyə can atırlar. Axı seçkidən öncə ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün alınan maliyyə vəsaitinin hesabatı verilməlidir. Seçkidən sonra icazəli mitinqlərin keçirilməsi də buna görə hesablanıb. Bu səbəbdən də onlar hər vəchlə daxili sabitliyi pozmağa, bu yolla gündəmdə qalmağa çalışırlar. Lakin Azərbaycan xalqı aqressiv müxalifəti boykot etməklə onlara layiq olduğu cavabı verib. Həm 9 oktyabr prezident seçkilərinin nəticələri, həm də 1000 nəfər iştirakçını keçə bilməyən aksiyaları bunun əyani sübutudur. Eyni zamanda "Milli Şura"da hazırda baş verən fikir ayrılıqları, Müsavat Partiyasında İsa Qəmbərin uğursuzluqlarından can qurtarmaq üçün başqanlıqdan getmə tələbləri, Əli Kərimlinin və yaxın ətrafının "bank əməliyyatları" dağıdıcı müxalifətin tamamilə çıxılmaz vəziyyətdə olduğunu göstərir. Xüsusən də Müsavat Partiyası daxilində ciddi etirazlar yaranıb. Artıq Məclis üzvləri partiyada avtoritarizm, monopoliya və xəyanətin mövcudluğunu etiraf edirlər. Hətta Müsavat Partiyası Divanının üzvü Vurğun Əyyub da mətbuata müsahibəsində İsa Qəmbərin başqanlıqdan getməsinə etiraz etmədiyini dilə gətirib: "Mənim üçün partiyada vəzifə tutmaq əsas deyil. Ona görə də İsa Qəmbərdən sonra partiya başqanının kim olması bu məsələdə rol oynamır. Təbii ki, mənim düşündüyüm namizəd var və çox arzulayıram ki, İsa bəydən sonra Müsavat başqanı o namizəd olsun". Bu namizəd isə hər kəsə bəllidir. Çünki V.Əyyub mətbuata açıqlamasında Qubad İbadoğlunun Müsavat başqanı olmasını arzulamışdı. İndi də bu fikrində qərarlıdır.
"Milli Şura"nın sədri qoca kinorejissor Rüstəm İbrahimbəyov isə bu insanları sonradan tanıdığı üçün onlardan birdəfəlik uzaqlaşmaq fikrinə düşüb. Qondarma qurumda həmsədrlik postunun yaradılması və bu posta Cəmil Həsənlinin rəhbərlik etmək ideyası da kinorejissorun ayrılıq planına uyğun hesablanıb. Dağıdıcı qüvvələrin heç zaman birlik nümayiş etdirə bilmədiyini görən R.İbrahimbəyovun da sonradan peşman olduğu açıq-aşkar görünür.
Destruktiv qüvvələrin çıxılmaz vəziyyətdə olduğunu görən "Yeni Müsavat" qəzetinin baş redaktoru, "İctimai Palata"nın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu yeni təklif irəli sürüb. Baş redaktor deyib ki, Əli Kərimli ilə İsa Qəmbər siyasi prosesi davam etdirmək istəyirlərsə, indiki mərhələdə AXCP və Müsavat partiyalarının Cəmil Həsənlinin rəhbərliyi altında birləşməsi və superpartiyanın yaradılması variantı ortaya gətirilməlidir. Onun bu təklifinə ilk reaksiya isə Açıq Cəmiyyət Partiyasının keçmiş sədri Rəsul Quliyevdən gəlib. O, təklifi dəstəkləsə də, bunun qeyri-mümkünlüyünü vurğulayıb. Onun sözlərinə görə, partiya "liderləri"nin imkanları ilə mütənasib olmayan ambisiyaları olmasaydı, bu partiyalar elə əvvəldən bir partiya adı altında fəaliyyət göstərməli idi: "Təəssüf ki, şəxsi maraqlar əslində Əbülfəz Elçibəyin yaratdığı qurumu parçaladı". R.Quliyev bildirib ki, Əli Kərimli ilə İsa Qəmbərin birinci olmaq ehtirası bu partiyaların birləşməsinə imkan verməyəcək. Çünki hər iki partiya sədri "mehriban düşmən" statusunu çoxdan qazanıb.
Rauf Arifoğlunun təklifinə ilk sərt reaksiya isə "El" hərəkatının Ali Məclis sədri, "Milli Şura"nın üzvü Eldəniz Quliyevdən gəlib: "Rauf Arifoğlunun "Milli Şura" barəsində nəsə deməyə haqqı çatmır. O, belə ürəyiyanan idisə, "Milli Şura"ya arxadan zərbələr vurmayaydı. Yaddaşımız onun düşündüyü qədər də zəif deyil. O, indi hansı üzlə danışır? Onun "Milli Şura" barəsində cınqırını belə çıxarmağa haqqı yoxdur. Nə mənəvi, nə də hüquqi baxımdan bu haqq onlarda yoxdur. Onlar Rüstəm İbrahmbəyova dələduz damğası vurmağa cəhd göstərdilər, Eldar Namazovu "oğru" adlandırdılar, mənə "axmaq", "ağılsız" dedilər". R.Arifoğlunu bütün bunları sifarişlə etdiyini bildirən Eldəniz Quliyev İsa Qəmbəri də tənqid edib: "Çox təəssüf ki, hansı mərhələdəsə, hətta Müsavat Partiyasının başqanı da qəzeti müdafiə elədi, Rauf Arifoğlunu qorumağa səy göstərdi. Cəmil Həsənlini də son məqamda reklam etmələri heç də onu istədiklərindən yox, məqsədli şəkildə və riyakar niyyətlərdən irəli gələn şübhəli "xod"dan başqa bir şey deyildi".
Artıq tərəflər arasında qarşılıqlı ittihamlar səslənməyə başlanıb. Bunu prezident seçkisindən öncə söyləmişdik. Aqressiv müxalifət daxilində baş verən narazılıqların, qarşıdurmaların əsil səbəbləri üzə çıxmağa başlayır. Bu, hələ başlanğıcdır...
Fuad