Gələn ildən qiymətlər qalxacaq... Bəs sonra?
10:57 07-11-2013
CƏMİYYƏT
Gələn ildən qiymətlər qalxacaq... Bəs sonra?
Nazir: “Kommunal xərclərin artımına fövqəl hal kimi baxmaq olmaz”
Xəbər verildiyi kimi, artıq rəsmən elan edilib ki, növbəti ilin əvvəlindən etibarən bir sıra kommunal xidmətlərə görə qiymətlər artacaq. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, “Vaxtaşırı tariflərin artırılması baş verir. Bununla bağlı fövqəladə hal yaranmır. Misal gətirmək istəyirəm ki, Azərbaycanda son dəfə 2007-ci ildə elektrik enerjisinin tarifi artırılıb. Yəni artıq bundan 7 il keçib. Ondan sonra tariflər artırılmayıb. Elektrik enerjisindən savayı, digər kommunal sahələr üzrə tariflər artmayıb”.
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin “Unikal”a söylədiyinə görə, “Maliyyə naziri Samir Şərifovun parlamentdə kommunal xərclərə görə qiymətlərin artırılacağı barədə söylədiyi fikirlər və ardından Tarif Şurasının bu xəbəri təkzib etməsi ondan xəbər verir ki, həqiqətən də, gələn ildən bir sıra qiymətlərdə artım olacaq. Mənə elə gəlir ki, bu artım neft gəlirlərinin tədricən azalması ilə bağlıdır. Hökumət cəhd edir ki, gələcəkdə dövlət büdcəsinin gəlir hissəsində yarana biləcək kəsirləri kommunal xərclərin artırılması hesabına ödəsin”.
Partiya sədrinin fikrincə, “Rəsmi məlumatlara görə, Azərbaycanın valyuta ehtiyatları 48 milyard dollar təşkil edir. Bu səviyyədə resursa malik olduğumuz halda qiymətlərin artmasına yol verməmək mümkündür. Dünya praktikasından məlumdur ki, dövlət əhalinin sosial rifahının yaxşılaşması xatirinə bir sıra kommunal xərcləri büdcədənkənar vəsaitlərin hesabına kompensasiya etmək mümkündür. Bir sıra dövlətlər məhz belə də edir. Qiymətlərin qalxması ölkədə sosial gərginliyin yaranmasına səbəb ola bilər. Güman edirəm ki, Azərbaycan hökuməti bəlli resurslar hesabına qiymət artımına görə əhalinin problemlərinin yaranmasına imkan verməyəcək. Ölkə əhalisinin maddi sıxıntılara düşməsinə yol verilməsi düzgün deyil və ümidvarıq ki, hökumət bunu nəzərə alacaq”.
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın “Unikal”a dediyinə görə, “Qonşu ölkələrlə müqayisədə Azərbaycan əhalisinin gəliri onsuz da aşağıdır. İndiki daxili və xarici siyasi reallıqların müqabilində qiymətlərin artımına yol vermək yanlış addımdır”.
Partiya başqanının sözlərinə görə, “Bəlli faktdır ki, Azərbaycan əhalisinin gəlirləri ilə məsrəfləri arasında uyğunsuzluq müşahidə edilir. Gələn ildən bir sıra kommunal xərclərin artırılması bu uyğunsuzluğu bir az da artıracaq. Bu isə müəyyən sosial narazılıqların yaranmasına gətirib çıxarda bilər. Fikrimcə, daha münasib yollar axtarmaq lazımdır və hökumətin buna imkanları yetər”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Niyaməddin Orduxanlının “Unikal”a dediyinə görə, “Kommunal xərclərə görə qiymətlərin artırılması yanlış addım olardı. Bu artım əhalinin kasıb hissəsinin ailə büdcəsinə ciddi zərbə olacaq. Fikrimcə, hökumət və xüsusən də Tarif Şurası belə bir qərar qəbul etməzdən əvvəl başqa variantlar üzərində ölçü-biçi edəcəklər”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33