Azərbaycan büdcəsinin kommunal yükü
10:59 07-11-2013
CƏMİYYƏT
Azərbaycan büdcəsinin kommunal yükü
Ekspert: "Gürcüstanda, Ermənistanda kommunal sektorun idarə olunması işinə özəl şirkətlər cəlb edilib, bizdə isə..."
Gələn ilin büdcəsində mənzil və kommunal təsərrüfatı xərcləri cari ilin proqnoz xərclərindən 14,6 faiz çox proqnozlaşdırılır. Ekspertlər kommunal sektora ayrılan vəsaiti büdcəyə əlavə yük kimi qiymətləndirir. Onların fikrincə, büdcə gəlirlərinin azalması fonunda bu sektora məxsus şirkətlərin idarəetməyə verilməsi xüsusi önəm daşıyır.
İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, məmurların korrupsiya maraqları kommunal sektorun peşəkar və nüfuzlu beynəlxalq şirkətlərin idarəçiliyi altına keçməsinə imkan vermir: "Enerji paylaşdırıcı, qaz paylaşdırıcı şəbəkələrin və iri şəhərlərin içməli su təsərrüfatının 45-50 illik müqavilələr əsasında belə şirkətlərin idarəçiliyi altında çalışması nəticəsində dövlət büdcəsindən milyardlarla manat pulu havaya sovurmağa ehtiyac qalmaz".
Ekspert qeyd edir ki, 2007-2013-cü illərdə dövlət büdcəsi hesabına içməli su təsərrüfatına ("Azərsu"ya) 2,950 milyard manat (Bakı-Oğuz layihəsinə Neft Fondundan ayrılan vəsaitlər və dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində xərclənən pullarla birlikdə); elektrik təsərrüfatına ("Azərenerji" və "Bakıelektrikşəbəkə"yə) 1,730 milyard manat; qaz təsərrüfatına (ARDNŞ-yə) 530 milyon manat xərclənib:
"Ümumilikdə bu üç sektora hökumətin büdcəsindən 5,2 milyard manat, beynəlxalq kreditləri nəzərə almaqla azı 6 milyarda manat vəsait gedib. Bu qədər əvəzsiz maliyyə yardımları müqabilində maliyyə naziri yenə də çıxıb deyir ki, adıçəkilən şirkətlər təsərrüfat hesablı müəssisələrdir, əmək haqlarını artırmaq üçün tarifləri qaldırmağa ehtiyac var. Təsərrüfat hesablı müəssisəyə niyə milyardlarla manat əvəzsiz maliyyə yardımları edilməlidir? Eyni yardımı "Barmek"ə niyə etmirdiniz? Yaxud sabah "Simens" gəlib elektrik təsərrüfatını idarəetməyə götürsə, ona büdcədən milyardlar verəcəksinizmi?
Qorxmaq Hüseynov "Azərsu"ya rəhbər gələndən qurumun aldığı bahalı minik avtomobillərinin sayı-hesabı yoxdur. Həmin maşınları alanda, ofisində bahalı təmir aparanda işçilərin maaşı barədə də düşünmək lazımdır".
Ekspert bildirir ki, hökumətə ictimai qınaq və təzyiq məhz kommunal sektorun dövlətsizləşdirilməsi ilə bağlı olmalıdır: "Əgər bu baş verməsə, hökumət bir tərəfdən büdcəni onların cibinə boşaldacaq, bir tərəfdən də dövri olaraq tarifləri artırmaqla bizim cibimizi boşaldacaq".
Bir müddət bundan öncə iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov Azərbaycanın kommunal sektorunda aparılan islahatlar çərçivəsində bəzi xidmətlərin dövlətsizləşdirilə biləcəyini deyib. Onun sözlərinə görə, bu sahədə əsas problemlər özünümaliyyələşdirmə, özünüidarəetmə və struktur dəyişiklikləri ilə bağlıdır: "Çünki indi dövlətin imkanı, vəsaiti var, onlara çox böyük pullar verilir. Amma bu həmişə davam edə bilməz. Hesab edirəm ki, onlar artıq özünümaliyyələşdirmə, özünüidarə və özünü inkişaf prosesinə keçməlidir. Bu sahədə islahatlar mütləq lazımdır".
İslahatın nə vaxt aparılacağına gəlincə, müşavir bildirib ki, bu sahədə çoxlu problem var, yeni mexanizm elə olmalıdır ki, özünü inkişaf və özünüidarə sistemi yaransın. Vahid Axundov kommunal sektorda islahatların qiymət artımına səbəb olmayacağını da deyib. Onun sözlərinə görə, qiymətlərin artırılması ilə hansısa məqsədə nail olmaq mümkün deyil, əksinə, bu addım sosial təzyiq yarada bilər.
İqtisadçı ekspert Samir Əliyev deyir ki, bütün dünyada kommunal sahəni özəl sektor idarə edir: "Hökumətin işi bu sahəyə yalnız nəzarət etmək olmalıdır. Özəl sektorun qoyduğu qiymət yüksəkdirsə, hökumət həmin tarifi tənzimləmək üçün subsidiya ayırır. Tutalım, şirkət 12 qəpik tarif təyin edib, hökumət də hesab eləyir ki, bu çoxdur, qiymət 10 qəpik olmalıdır. Onda vətəndaşı qorumaq üçün yerdə qalan 2 qəpiyi şirkətə hökumət ödəyir".
Samir Əliyev xatırladır ki, Cənubi Qafqaz ölkələrindən Gürcüstanda, Ermənistanda kommunal sektorun idarə olunması işinə özəl şirkətlər cəlb edilib: "Bizdə isə bu sektorun özəl şirkətlərin nəzərində mənfi imici yaradılıb. Azərbaycanda bir "Barmek" nümunəsi var. Bu şirkət vətəndaşlara münasibətdə ortaya müsbət örnək qoydu. Buna baxmayaraq şirkətin başına nələr gətirildiyini hamımız gördük. "Barmek"in başına gələnlər əcnəbi şirkətlərin ölkəyə cəlb edilməsinə əngəl olacaq. Hökumət çox ciddi təminat verməlidir ki, heç bir şirkət "Barmek"in taleyini yaşamayacaq".
Milli Məclisin deputatı Əli Məsimli isə deyir ki, psixoloji baxımdan "Barmek" təcrübəsi hamını qorxudub: "Ona görə də Azərbaycanın yaxın vaxtlarda buna getmə ehtimalı azdır. Bu, ciddi hesablama tələb edən məsələdir. Amma büdcə bu sahə üzrə ən azı müəyyən xərclərdən azad olacaq".
Bəkin Rənimanoğlu
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22