Ziya Məmmədovun ziyasız portretləri
11:51 08-11-2013
CƏMİYYƏT
Ziya Məmmədovun ziyasız portretləri
Siyasilər nəqliyat nazirin topa tutdular
Nəqliyyat naziri Ziya Məmmədov müstəqil mətbuatın ən “sevimli” predmetlərindən biridir. Ölkənin qəzetləri, demək olar ki, hər gün onun barəsində yazırlar və bu yazılar işıqlı fondan xeyli məhrumdur. Onun başçılıq etdiyi nazirlriyin adı zaman-zaman bir sıra şübhəli tenderlərin keçirilməsində, müəmmalı layihələrin gerçəkləşdirilməsində hallanır. Bununla belə, ildən-ilə sanki onun nazir postundakı mövqeyi daha da bərkiyir. Hakimiyyətdaxili qruplaşmaların arasında mülk-sərmayə və nüfuz gedən mübarizələrdə onun adı birincilər sırasında çəkilir.
İndiki halda bizim üçün maraqlı olan məqam bu oldu ki, mətbuatın nəqliyyat nazirinə olan bu “qara sevdası”ın səbəbini araşdırmaq üçün siyasətçilərə müraciət edib əsil mənzərəni aydınlaşdıraq.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan “Unikal”a açıqlamasında bildirdi ki, “Nəqliyyat naziri Ziya Məmmədovun sözün pis mənasında daim mətbuatın gündəmində olmasının bir neçə səbəbləri var. Başlıca səbəb ondan ibarətdir ki, hökumət müxalifət mətbuatında hansı məmurun daha çox tənqid edilməsini görərkən düşünür ki, bu məmur iqtidara sadiq məmurdur və deməli, bizim adamdır, daha yaxşıdır, əvəzolunmazdır. Yəni lap köhnə məsələ desək, “Düşmənimin düşməni dostumdur”. Ziya Məmmədovun daha çox tənqid edilməsinin digər mühüm səbəbi hakimiyyətdaxili qruplaşmaların mübarizəsi ilə bağlıdır. Bu qruplar hakimiyyət və sərvət uğrunda amansız mübarizə apararkən bir-birləri barədə azad hesab edilən qəzetlərə və saytlara gizlincə və yaxud dolayı yollarla ifşaedici materiallar və faktlar ötürmək şanslarını əldən vermirlər. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu zaman həmin qəzet və saytları “yağlamağı” da yaddan çıxartmırlar. Yaxın tarximizdə elə məqamlar olub ki, bir çox qəzet və jurnalsitlər mafiyalararası oyunların qurbanlarına da çevriliblər”.
Partiya sədrinin sözlərinə görə, “Digər tərəfdən isə hökumətin əksər üzvləri kimi Ziya Məmmədovun iş üslubu da mətbuata zəngin material verir. Təkcə Nəqliyyat Nazirliyinin əməkdaşlarının taksi sürücülərinin başına açdıqları müsibətləri yada salmaq kifayətdir. Nəqliyyat nazirliyinin işçiləri sürücülərə münasibətdə özlərini qoçu kimi aparırlar. Ümumiyyətlə, bu nazirliyin fəaliyyətində qaranlıq məqamlar çoxdur”.
Azərbaycan Demokrat Partiyasının funksioneri Nurəddin İsmayılovun “Unikal”a verdiyi açıqlamaya görə, “Azərbaycanda belə bir pis ənənə və təsəvvür formalaşıb ki, hansısa nazir və yaxud yüksəkrütbəli məmur öz postunda 15-20 il qalmalı, xalqın qanını sormalı, külli miqdarda sərvət toplamalı, xarici ölkələrdə özü və övladları üçün ağlasığmaz imkanlar yaratmalıdır və heç kim də ona qaşın üstə gözün var deməməlidir. Belə kadrlar hökumətin ən sevimli fiqurlarına çevrilir”.
Nurəddin İsmayılovun sözlərinə görə, “Ziya Məmmədov bu cəmiyyətdə mənfur imic qazanmış nazirlərdən biridir. Onun işçiləri ölkə üzrə sürücülərin qəniminə çevriliblər. Unutmayaq ki, hazırda ölkədə aşağı qazanca malik olan zümrələrdən biri də sürücülərdir. Onların əksəriyyəti yalnız gündəlik çörək puluna işləyir. Bununla belə, Ziya Məmmədovun nazirlikdəki əlaltıları bu kasıb insanlara qarşı əsil cəllad kimi davranırlar. Onlar sürücüləri dəfələrlə təhqir edib, döyüb və söyüblər. Heç bir hüquq-mühafizə orqanı isə bu kimi hallara reaksiya vermir və məlum faktları araşdırmır”.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin “Unikal”a söylədiyi fikir isə daha konkret oldu: “Nəqliyyat naziri kimi Ziya Məmmədovun fəaliyyətini mənfi qiymətləndirirəm. Ölkənin nəqliyyat sistemində tam bir anarxiya hökm sürür. Taksi və marşrut avtobusu sürücülərinin Bakıda və ölkənin digər şəhərlərində yaratdığı özbaşınalıq məhz birbaşa Ziya Məmmədovun xidmətləri siyahısına daxildir. Onun bu postda uzun illər ərzində saxlanması sadəcə heyrət doğurur”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49