İran-Azərbaycan münasibətlərində yeni gərginlik halqası
12:55 09-11-2013
CƏMİYYƏT
İran-Azərbaycan münasibətlərində yeni gərginlik halqası
Bəzi sərhəd-keçid məntəqələri bağlanır
İran Azərbaycanla bəzi sərhəd-keçid məntəqələrini bağlayıb. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqəsini bağlayıb. Bu addım Azərbaycanın Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atılıb. Səfirliyin mətbuat katibi bildirib ki, Azərbaycan sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini qeyri-adi şəkildə bağlamasına və bu sərhədin açılması üçün iki gün ərzində edilən cəhdlərin nəticəsiz qaldığına cavab olaraq dünəndən Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri bağlanıb.
Seyid Məhəmməd Ayətullahi deyib ki, Azərbaycan noyabrın 6-dan Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın yerdə traktora atəş açılması faktına görə sərhəd-keçid məntəqəsini bağlayıb ki, bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb. Qeyd edək ki, insident zamanı insan tələfatı olmayıb.
Səfirlik nümayəndəsi əlavə edib ki, beynəlxalq qanun və normalara əsasən, adətən sərhəd məntəqələrində belə hadisələr baş verdikdə, iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda heç vaxt sərhəd bağlanmır: "Lakin İran tərəfinin istəyinə rəğmən Azərbaycan tərəfi müzakirələrdən boyun qaçırıb və Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb".
İran səfirliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, ölkəsi Azərbaycan sərhədçilərinin qeyri-adi əməlinə iki gün dözüm nümayiş etdirib və Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq və onları bu əməlindən daşındırmaq məqsədilə Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb. Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Unikal”a açıqlamasında bildirdi ki, İranda yeni prezident Ruhani vəzifəsinin icrasına başlayandan sonra daha çevik siyasət sərgiləməyə başlayıb – həm Qərbə münasibətdə, həm də yaxın qonşulara yanaşmada. Bu baxımdan yanaşanda Şahtaxtı gömrük məntəqəsi bölgəsində İran tərəfdən vətəndaşımıza atəş açılması təəccüblü görünür. Bunu da nəzərə alaq ki, İran tərəfi bu barədə heç bir açıqlama verməyib və məsələ hələ də qaranlıq qalır”.
Politoloq hesab edir ki, “Durum elə gətirib ki, Azərbaycanın beynəlxalq münasibətlərində kifayət qədər problemlər yaranıb. Son dövrlərin hadisələrini nəzərdən keçirdəndə görürük ki, müəyyən maraqlar baxımından həm Qərb dövlətləri, həm də Rusiya Azərbaycana qarşı sərt təzyiqlər göstərməyə başlayıblar. Belə bir durumda İranla münasibətlərdə də gərginlik yaratmaq ümumi maraqlarımıza ziddir. Sərhəddə bu cür insidentlər baş verərkən vəziyyətə aydınlıq gətirmək üçün danışıqlar yolu daha optimal hesab edilir. Unutmayaq ki, həm Biləsuvar, həm də Culfa gömrük-keçid məntəqələri güney bölgələrimizin və o cümlədən Naxçıvanın sakinləri üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də problemin tezliklə həll edilməsi vacibdir”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin “Unikal” söylədiyinə görə, “Dünyada terrorizmi dəstəkləyən İran Ermənistana hərtərəfli yardım göstərir. O Ermənistana ki, yüz minlərlə Azərbaycan müsəlmanını yurdundan, yuvasından didərgin salıb. İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil almaq və öz mədəniyyətini ifadə etmək hüququ yoxdur. İranın hətta azərbaycanlıların rok qruplarına və “Traktor” futbol klubuna qarşı məhdudiyyətlər qoyduğu da məlumdur. Rəsmi Tehranın kiçik etnik azlıq olan ermənilərə hər cür mədəni hüquqlar verdiyini yadınıza salmaq istəyərdim”.
Millət vəkilinin sözlərinə görə, “Tarixboyu həmişə Rusiya, Ermənistan və İran Azərbaycana qarşı eyni mövqedən çıxış edib. Buna görə də Rusiyanın məlum siyasi maraqlarla bağlı Azərbaycanı hədəfə götürdüyü bir vaxtda İran əl-qolunu yanına qoyub baxmalıydı? İran da bu prosesdə öz sözünü deməliydi və necə deyərlər, o da indiki durumda Azərbaycana tərəf “bir gül axıtdı””.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06