“ABŞ-dan müəyyən narazılıqlarımız var idi...”
12:56 09-11-2013
CƏMİYYƏT
“ABŞ-dan müəyyən narazılıqlarımız var idi...”
“Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinə daim sadiq qalıb”
"ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubu, ilk növbədə, onun hörmət və ehtiramının əlaməti kimi dəyərləndirilir". Bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ Prezidenti Barak Obamanın dövlət başçısı İlham Əliyevə üçüncü müddətə Azərbaycan Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə göndərdiyi təbrik məktubuna münasibət bildirərkən deyib.
Təbrik məktubunun bir neçə xüsusi özəlliyini şərh edən Ə.Həsənov bildirib ki, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinə daim sadiq qalıb: "İndiyə qədər biz bu ölkə ilə strateji tərəfdaşlıq sahəsində Azərbaycanın öhdəsinə düşən bütün məsələləri vicdanla və lazımi səviyyədə həyata keçirmişik və bu sahədə də bizim başımız ucadır. ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələrdə artıq 20 ilə yaxındır, ümummilli lider Heydər Əliyevin dövründən strateji tərəfdaşlıq münasibətləri formalaşıb. Bu strateji tərəfdaşlıq münasibətlərinin Azərbaycana aid olan bütün müddəalarını biz yerinə yetirmişik. Lakin, təəssüflər olsun ki, Azərbaycanın ABŞ-dan müəyyən gözləntiləri var ki, indiyə qədər ona ya yetərincə, ya da lazımi şəkildə cavab ala bilməmişik və bununla bağlı ABŞ-dan müəyyən narazılıqlarımız var idi. Əlbəttə, xüsusi qeyd olunmalıdır ki, bu məktubda ABŞ-ın hörmətli Prezidenti Barak Obama, demək olar ki, o gözləntilərin əksəriyyəti ilə bağlı məsələlərə aydınlıq gətirib".
PA rəsmisi bildirib ki, ABŞ Prezidenti məktubda öz Administrasiyasının ortaq çağırışlar üzrə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək siyasətinə sadiq qaldığını ifadə edib.
Ə.Həsənovun fikrincə, bu da, ilk növbədə, belə bir fikrə gəlməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanla ABŞ arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı ilə bağlı qarşı tərəfin, yəni ABŞ-ın mühüm addımlar atacağı iradəsi var, bu iradə ortadadır və Azərbaycan bu iradəyə böyük ümid bəsləyir: "Bundan başqa, təbrik məktubunda Azərbaycanın davamlı olaraq ABŞ-la münasibətlərdə ön plana çıxardığı əsas məsələlərdən, əsas istiqamətlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət məsələsidir. Təbrik məktubunda ABŞ Prezidenti bu ağrılı problemə diqqət ayırdığını, bundan sonra da bu münaqişənin həllində Azərbaycan Prezidenti ilə əməkdaşlıq etməyə hazır olduğunu, Minsk qrupunun həmsədri kimi ABŞ-ın bu problemi diqqətdə saxlayacağını, mövcud status-kvonu aradan qaldıracağı və ATƏT-in Minsk qrupunun həmsədri olan digər dövlətlərlə birlikdə bu münaqişənin həlli istiqamətində bundan sonra da səyləri davam etdirəcəyi iradəsini ortaya qoyub. Bunu da biz yüksək qiymətləndiririk, cünki Azərbaycanın ABŞ-dan strateji tərəfdaş olaraq, ilk növbədə, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına söykənən həllinin tapılmasına və bu münaqişənin həll olunmasına dəstək gözləntiləri var".
PA rəsmisi bildirib ki, məktubda ABŞ-ın Azərbaycanın müəllifi olduğu bütün transmilli, enerji, nəqliyyat, kommunikasiya layihələrinə bundan sonra da dəstək verəcəyinin qeyd olunması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
Fuad
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06