Rusiyada 3 gün küçəyə çıxmaq təhlükəlidir
13:00 09-11-2013
CƏMİYYƏT
Rusiyada 3 gün küçəyə çıxmaq təhlükəlidir
Nüfuzlu fransız qəzeti bu ölkədə baş verənlərin pərdəarxasından nələr yazdı?
Son günlər dünya mətbuatının gündəmində olan mövzulardan biri də Rusiyada baş verən son hadisələr, artan ksenofobiya və millətçilik meylləridir. Noyabrın 4-də keçirilən "Rus marşı"nda müsəlmanlara, ümumlikdə immiqrantlara qarşı səsləndirilən şüarları istinad edən xarici mətbuat bu prosesin Rusiya üçün təhlükə yaradacağı ilə bağlı xəbərdarlıq edirlər.
2005-ci ildə Kreml tərəfindən 7 noyabr bolşevik inqilabının ildönümü tarixinin 4 noyabr "Rus marşı" ilə əvəzləndiyini qeyd edən Fransanın "Le Monde" qəzeti bildirir ki, bu bayram 1612-ci il Moskvanın polyaklardan azad olunması tarixini xatırlatmalı olsa da, adi vətəndaşlar üçün bu tarix xüsuusi məna kəsb etmədi. Qəzet yazır ki, əksinə 4 noyabr millətçilər və neonasistlərin zövqünə görə tam uyğun idi. Qəzet vaxtilə imperiya paytaxtı Sankt-Peterburqda keçirilən "Rus marşı"nın Orta Asiyadan olan immiqrantın həlak olması ilə yadda qaldığını bildirir. "Fontanka.ru yerli informasiya saytının yazdığına görə, immiqrant gənc millətçilər qrupu tərəfindən küçənin düz ortasında həyata keçirildi. Həlak olan gənc Özbəkistanın sakini idi. Keçmiş sovet respublikalarından olan Orta Asiya Rusiyaya gələn iş qüvvəsinin xeyli hissəsinin vətənidir", -"Le Monde" yazır.
"Biz almanları anlayırıq"
"Biz almanlarla çox yaxınıq və buna görə onları anlayırıq", - "Rus marşı"nın iştirakçılarından olan Aleksandr danışır. Aleksandr və onun dostu Oleq milli rus dövlətinin yaradılmasını dəstəkləyirlər, amma onlar özlərini heç də irqçi hesab etmirlər. "Keçən il bizə marşdan sonra keçirilən mitinqə Fransa ultrasağların liderləri gəldilər və bizi dəstəklədilər", - Aleksandr deyir.
"Rus marşı" iştirakçıları tərəfindən "Ura, Rusiya!", "Ruslar üçün Rusiya" şüarlarının səsləndirildiyini yazan "LeMonde" hesab edir ki, bu ölkənin cənub sərhədlərindəki xalqların demoqrafik artmasından yaranan həyəcanı əks etdirir: "Hamı belə düşünür ki, Rusiya Federasiyasının titul milləti olan ruslar qəflətən sıxışdırılmış azlıq oldular. Ölkə şüur böhranı keçirir, rus əhalisinin əhəmiyyətli hissəsi etnik formalaşmaya və milli dövlətə cəhd edir. Hər halda belə bir hədəfə nail olmaq olduqca çətindir. Çünki, Rusiya Federasiyası xalqların əsl mozaikasını təşkil edir. Hansı ki, 20 milyon müsəlman əsasən Volqa ətrafında və Şimali Qafqazda yaşayır".
Etnik yekcinslik
Fransız nəşri müsəlman regionlarında tez-tez davakar bəyanatların səsləndiyini qeyd edir. Bildirilir ki, İslamın vəhhabi kimi radikal cərəyanları yalnız İnquşetiya və Dağıstanla məhdudlaşmır, Tatarıstan və Başqırdıstanda da güc toplayır.
"Ruslar iki çeçen müharibəsindən (1994-1996 və 1999-2004) sonra Çeçenistan, İnquşetiya və Dağıstandan getdi. Bununla da həmin respublikalar etnik baxımdan yekcins oldular. Qafqazdan (Gürcüstan, Ermənistan, Azərbaycan) və Orta Asiyadan (Özbəkistan, Qırğızıstan, Tacikistan) gələn immiqrantlara nifrət daim artır. Rəsmi məlumatlara görə, Rusiya Federasiyası ərazisində son illər keçmiş sovet respublikalarından 10 milyon insan məskən salıb. Onlar əsasən şəhərlərdə yaşayır, təmizlik işlər və tikinti ilə məşğuldurlar", - yazıda bildirilir.
Miqrantların təqibi
Miqrantların millətçilərin dəstələri tərəfindən təqib olunduğu, bəzən ölənə kimi döyüldüyünü yazan qəzet ilin ən azından üç günündə dərinin bir az tünd olan istənilən miqrantın küçəyə hətta burnunu çıxarmasının belə təhlükəli olduğunu qeyd edir: 20 apreldə Adolf Hitlerin ad günü, 2 avqust və 4 noyabrda keçirilən rus marşları.
Qəzet bununla belə "dərinin rəngi tünd" olanları istənilən vaxt xoşagəlməz hadisələri gözlədiyini vurğulayır. Yaxın vaxtlarda millətçi qruplar "Ağ vaqon" adlandırılan aksiyaya başlayıblar. Aksiya çərçivəsində millətçi qruplar Moskva metrosunun qatarlarında qeyri-slavyan görkəmi olan insanların ovuna çıxırlar.
26 oktyabr tarixində isə gənc millətçilərin dəstəsi Moskva-Düşənbə qatarına hücum etdilər. Millətçilər vaqonların şüşələrini sındıraraq bir neçə nəfəri də zədələdilər.
Biryulevo dərsi
Polis həmişəki kimi hər şeyi özbaşına buraxdı və hesab etdi ki, nəzarətdən çıxmış vəziyyət talanlardan sonra düzəldəcək. "Sova" analitik-informasiya mərkəzinin direktoru Aleksandr Verxovski bildirir ki, Biryulevo hadisələri hər şeydən miqrantlara münasibətin necə olduğunu göstərdi. Son 13 ilin sosioloji sorğuları göstərir ki, Rusiya vətəndaşlarının yarısı millətçi şüarlar dəstəkləyir. Moskvada isə bütöv ölkə ilə müqayisədə ksenofobiya daha güclüdür.
Biryulevo hadisələrindən sonra "Pokrov" tərəvəz bazasını bağladılar. "Mən şadam ki, bazanı bağladılar. Onlar hesab edirdilər ki, burada onlara hər şeyə icazə verilmişdir. Onlar qızlara sataşırdılar, istənilən vaxt öz dəhşətli musiqilərini səsləndirirdilər. Onlara heç nə demək olmaz, çünki onlar öz dilində cavab verirlər", - Biryulevodakı supermarketdə çalışan Aleksey söyləyir.
"Le Monde" yazır ki, millətçilər Biryulevo dərsini əla öyrəndilər. "İnsanlar anladılar ki, hakimiyyətin onları eşitməyini istəyirlərsə, küçələrə çıxmaq lazımdır", - Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski hesab edir. Müxalifətçi Aleksey Navalnı isə öz bloqunda "Əgər münaqişələr və problemlərin həllinin ədalətli sistemi yoxdursa, o halda insanlar bu sistemi primitiv və təbii obrazlarla özləri yaradacaqlar", - yazıb. Onun fikircə, "Rus marşı" heç də neonasistlərin nümayişi deyil, 95 faiz normal insanların nümayişidir.
Ömər Dağlı
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22