Prezident İlham Əliyev: “Türkiyə nə qədər güclü olsa, Azərbaycan özünü o qədər təhlükəsiz hiss edəcək”
10:52 13-11-2013
CƏMİYYƏT
Prezident İlham Əliyev: “Türkiyə nə qədər güclü olsa, Azərbaycan özünü o qədər təhlükəsiz hiss edəcək”
“Türkiyə ilə münasibətlər bizim xarici siyasətimizin prioritetidir”
“Çalışacağam ki, bundan sonra Türkiyə-Azərbaycan dostluğu, birliyi möhkəmlənsin, bizim birgə icra etdiyimiz layihələr həyata keçirilsin, birliyimiz əbədi, sarsılmaz olsun”. Bu sözləri Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ona Türkiyənin “Dövlət Nişanı”nın, Abdulla Gülə isə “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimindən sonra iki ölkənin dövlət və hökumət rəsmiləri qarşısında çıxışı zamanı deyib.
Türkiyə-Azərbaycan əlaqələrinin dünyada unikal olduğunu söyləyən Azərbaycan prezidenti iki dövləti tarix, etnik köklər, ortaq mədəniyyət və siyasi-iqtisadi maraqların birləşdirdiyini vurğulayıb: “Dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur. Amma heç bir halda bu xalqlar bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olmurlar. Bizim birliyimiz, müttəfiqliyimiz dərin tarixi köklər üzərində qurulub. Azərbaycan dövlət müstəqilliyini elan etdiyi gündə bizi ilk tanıyan qardaş Türkiyə olub. Bizim xarici siyasətimizin prioriteti Azərbaycan-Türkiyə əlaqələridir. Bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş və müttəfiq ölkədir”.
Son illərdə Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni pilləyə qalxdığını bildirən İ. Əliyev bu münasibətlərin bölgə və dünya üçün mühüm faktora çevrildiyini söyləyib: “Bizim birliyimiz bölgədə gedən proseslərə təsir göstərir. Regional əməkdaşlıq, regional təhlükəsizlik üçün Türkiyə-Azərbaycan birliyi əsas şərtdir”.
Prezident qeyd edib ki, son 10 ildə Türkiyədə 16 dəfə səfərdə olub və hər səfərində böyük dəyişikliklər görüb: “Bu gün Türkiyə nə qədər güclü olsa, Azərbaycan özünü o qədər təhlükəsiz hiss edəcək. Türkiyə dostlar, tərəfdaşlar üçün cəlbedici ölkədir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olub. Ondan əvvəl Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvü olub. Əminəm ki, yenidən Türkiyə Təhlükəsizlik Şurasının üzvü olacaq. Çünki dünya miqyasında Türkiyəyə olan hörmət gündən-günə artır”.
Prezident bəyan edib ki, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr gələcəyə yönəlib. İ. Əliyev Azərbaycana daim göstərdiyi dəstəyə görə Türkiyə rəhbərliyinə təşəkkürünü ifadə edib.
“Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində Türkiyə dövləti daim bizim yanımızdadır, ədalətin, haqqın yanındadır”. Bunu Türkiyə prezidenti Abdulla Güllə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident İ. Əliyev xatırladıb ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal edilib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan tərəfindən icra edilmir və beynəlxalq hüquq normaları kobudcasına pozulur: “Azərbaycan məsələnin həlli istiqamətində öz səylərini davam etdirir. Ancaq Ermənistanın mövqeyi imkan vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Biz bu işğaldan əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Bu ədalətsizliklə barışmaq mümkün deyil. Ümid edirəm ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha ciddi addımlar atılacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bir daha demək istəyirəm ki, bunu tarixi ədalət, beynəlxalq hüquq diktə edir. Əlbəttə, Türkiyənin dəstəyi bizim gücümüzü daha da artırır, biz bu dəstəyə görə minnətdarıq”.
Digər Xəbərlər
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52